SON XƏBƏR

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq? (TƏHLİL)

İyun 10
12:12 2021
"Rusiya sülhməramlıları bölgədə azı 10 il qalmaq niyyətindədir”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması üçün bir neçə üç ilin lazım gələcəyi fikrinə münasibət bildirərkən deyib:
 


"Tərəflər arasında etimad mühitinin yaradılması üçün bir neçə üç ilin lazım gələcəyi fikrini səsləndirməklə Rusiya xarici işlər naziri prosesin tam normallaşmasına ən azından 6 və daha çox ilin sərf olunacağını nəzərdə tutub. Bununla Lavrov Rusiya sülhməramlılarının bölgədə ən azından ikinci beşillik üçün də qalmaq niyyətini ortaya qoyub. Dolayısı ilə demək istəyib ki, Rusiya sülhməramlıları azından 10 ilə qədər burada qalmaq istəyir. Prosesin necə inkişaf edəcəyini isə gələcək göstərəcək”. 

QAFSAM-ın sədr müavini bildirib ki, tərəflər arasında etimad mühitinin yaradılacağı zamanı planlamaq mümkün deyil: 

"Hazırda Azərbaycan Ermənistan münasibətlərinin həllilə bağlı hər bir tərəfin - Bakının, İrəvanın, Rusiyanın, Qərbin, İranın öz perspektivləri var. Etimadın yaradılması isə problemlidir, bu gün-sabah həll ediləsi məsələ deyil. Məsələnin həlli vaxt və praktiki iş tələb edir. Bosniya və Hersoqovinada 1995-ci ildən etimad tədbirlərinə başlanılsa da, 26 il keçməyinə baxmayaraq, proses tam yekunlaşmayıb. Anoloji vəziyyət bölgəmizə də aiddir”. 

Həmsöhbətimiz düşünür ki, Bakı ilə İrəvan arasında etimadın yaradılması işi olduqca çətindir, uzun zaman tələb edir. Ekspert onu da qeyd edib ki, etimad mühitinin yaradılması daha çox Ermənistanın mövqeyindən, keçiriləcək seçkilərin nəticəsindən asılı olacaq.

N. Cəfərsoyun fikrincə, Lavrovun açıqlaması onu göstərir ki, Kreml regionda vəziyyətin normallaşmasında maraqlıdır: 

"Bu, Rusiya üçün yeni yanaşmadır. Azərbaycan çalışır ki, sülhməramlıların fəaliyyəti ilk beş ildə yekunlaşsın. Amma qənaətimcə, ilk beş ildə prosesin yekunlaşacağı az ehtimal olunur. Prosesin ikinci beşillikdə bitəcəyini düşünürəm”.
 
Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Primakov oxunuşları" forumunda çıxış edərkən "Dağlıq Qarabağın statusu hələ razılaşdırılmamalı, bunun üçün öncə etimad tədbirləri gücləndirilməli və buna da azı bir neçə üç il vaxt lazım gələ bilər" deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook