SON XƏBƏR

Rafael Cəbrayılovun qardaşına da cinayət işi açıldı

Dekabr 27
12:45 2021
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov əvvəllər tikinti biznesilə məşğul olduğunu, hazırda isə bu sahədən uzaqlaşdığını deyib. O, bildirib ki, "Dərhal” tikinti şirkəti 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayanıb.

Bəzi zərərçəkmişlərin əllərində "Dərhal” MMC-dən mənzil, obyekt almaq üçün pul ödəmələri barədə müqavilələr var. Həmin müqavilələrə də şirkətin rəhbəri kimi, Elşən Cəbrayılov imza atıb. Zərərçəkmişlər iddia edir ki, pulunu ödəsələr də, əmlaklarını ala bilməyiblər. Məsələn, 60 min dollar pul ödədiyini iddia edən Bəşir Məmmədov.

Bu barədə sualı cavablandıran Elşən Cəbrayılov bildirib ki, Bəşir Məmmədov əslində, mənzil almaq üçün pul verməyib. Adıçəkilən şəxs mərhum qardaşına sələmlə pul verməyib. O pulu verməsi üçün də sözügedən müqavilə imzalanıb, girov qoyulub:

"Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Ondan sonra o müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı o adamın üzünü də görməmişəm”, - deyə şahid bildirib.

Elşən Cəbrayılov qardaşının işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslərdən Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını deyib. Lakin zərərçəkmişlərdən birinin nümayəndəsi, vəkil Kamandar Nəsibov bildirib ki, şahid yalan danışır. Vəkilin sözlərinə görə, hətta bu qalmaqallarla əlaqədar E.Cəbrayılovun inzibati qaydada həbs olunması üçün məhkəməyə müraciət olunub.

"Rəfael Cəbrayılovdan da o istifadə edib, pulları da o mənimsəyib”, - vəkil deyib.

Dindirmə zamanı o da məlum olub ki, mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılaraq, Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

"Bir nəfər məni aldatmışdı, bununla əlaqədar Binəqədi rayon Polis İdarəsinə şikayət eləmişdim. O qərarı aparıb Nərimanov rayon Polis İdarəsinə təqdim etdim, məlum oldu ki, mənim heç bir günahım yoxdur bu məsələdə”, - E.Cəbrayılov bildirib.

E.Cəbrayılovun dindirilməsi növbəti məhkəmə iclasında da davam edəcək.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluqda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2005-2019-cu illərdə III, IV və V çağırışları üzrə Milli Məclisin deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatın işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook