SON XƏBƏR

Qırx qızın sığındığı dağ - Qırxqız dağı (FOTOLAR)

Oktyabr 17
11:47 2016
Sultan HÜMBƏTOV
 
İstər yaz, istərsə də payız ayları yetəndə Yurd niskilli kövrək qəlbimdə köç ab-havası yaranır. Yazda havalar istiləşər-istiləşməz Aran Qarabağdan başlayan köç elat yolu ilə yaylaqlara yön alar, payız gələr-gəlməz, soyuqlar düşəndə, güllər-çiçəklər solanda üzü geri, arana qayıtmağa başlardı. Məlum olduğu kimi elat yaylağa çıxmaq üçün ən azı iki həftə, bəzən də bir az çox yolda olurdu. Hər iki halda bu köçlərin bir çoxu Qasımuşağı obasının kəndlərinin ərazisindən, vaxtaşırı abadlaşdırılan elat yolları ilə keçib gedərdi. Qayıdarkən bu yollar ayrı-ayrı yaşayış məntəqələrinə aparsa da, ancaq yazda bu yollar köçləri bir ünvana — Qırxqıza aparırdı.

Bildiyimiz kimi müxtəlif vaxtlarda ulu babalarımız doğma yurdda olan yerlərin hər qarışına hansısa səbəbdən bir ad vermişdir. Verilən coğrafi adlar əsrlər boyu formalaşmış, dilin inkişaf xüsusiyyətlərinə uyğun olaraq dəyişmişdir. Bu dəyişmələr zamanı tarixdə baş vermiş ictimai-siyasi hadisələrdə az rol oynamamışdır. Bu səbəbdən də öncə Qırxqız dağının ad mənzərəsinə nəzər yetirək.

Bu dağın adının yaranması, mənşə və mənası, onun qrammatik quruluşu, düzgün yazılışı və əsl mənası (yəni tarixi adını) haqqında dəqiq yazılı məlumat əldə edə bilməyən, tez-tez sürgünlərdə olan, yarımköçəri həyat sürən yerli əhali özündən müxtəlif fantaziyalar yaradıb. Sonda bu cür fantaziyalar bir rəvayətin yaranmasına gətirib çıxarıb. Yerli əhali arasında yayılan bu rəvayətə görə Qızqalanın 40 qız üçün tikildiyi və Qırxqız dağ adının yaranması arasında əlaqə olduğu iddia olunur.

Rəvayətə görə mahalın zalım padşahı eldə olan gözəl qızları öz sarayına gətirib özünə arvad edərmiş. Zalım şah bir bahar çağı növbəti dəfə elin say-seçmə, gözəl qızlarını yenə öz sarayına toplayır. Öz abır, ismət və ləyaqətini qorumağa çalışan qızlar başqa çıxış yolu tapmadıq da sözbir edib gecələrin birində qaçmağa üstünlük verirlər. Gecənin qaranlığında gözətçini öldürən qızlar uzaqlarda görünən zirvəsi dumanlı-çənli bir dağa üz tuturlar. Nabələd olduqları bu dağda onlar xeyli müddət gizlənirlər. 

Rəvayətə əsasən burada ömür-gün sürən qızlar sonra iki-iki qruplara ayrılaraq özlərinə Qarabağın dağ və aran bölgələrinin əlverişli yerlərində koma tikir, yaşayış məskənləri salırlar. Bünyadı qoyulan bu kəndlər hər iki qızın adının qısaldılmış formasında - Pircahan (Pəri və Cahan, Sonasar (Sona və Sara) Laçın rayonunda, Güllücə (Güllü və Cənnət) Ağdam rayonunda, Ağcabədi (Ağca və Bədir), Minəxorlu (Minə və Xumar) Ağcabədi rayonunda, Şahləbad (Şəhla və Badam) Tərtər rayonu və digər yaşayış məntəqələri həmin qızların yaşayış yerləridir.

Deyirlər qızların qaçıb gizləndiyi bu dağı sonralar "Qırxqız” (yəni qırx qızın qaçıb gizləndiyi, saxlandığı dağ) adlandırırlar. Bir müddət sonra bu rəvayətlə əlaqədar olaraq xalq arasında belə bir zərb-məsəl də yaranır: "Qırx qızla bir dağda tək qalmamısan”.

Qırxqız adının bəzi mənbələrdə əvvəllər Qızqala adlandırıldığı qeyd edilmişdir. Maraq doğuracaq məsələlərdən biri də Azərbaycan ərazisində əllidən çox "Qız qala" adlı abidə qeydə alınmışdır. Onu da qeyd edək ki, təkcə Azərbaycanda deyil Yaxın Şərq ölkələrinin bir çoxunda Qız qala adlı abidələrə təsadüf edilir. Bu ad altında tikilən qalaların əksəriyyətinin əsas xüsusiyyəti onların dəniz və çay sahillərində, hündür yerlərdə tikilməsidir.

Qırxqızın ən uca zirvəsində inşa edilən Qız qalanın tikilmə tarixi, funksiyası barədə bu günə qədər heç bir arxeoloji qazıntı və araşdırma aparılmayıb. Bu abidə ətrafında yerli əhali arasında rəvayətlər danışılsa da, onun hansı məqsədlərlə tikilməsi dəqiq məlum deyil. Yüksək ərazidə tikilməsi onun hərbi təyinatlı olmasına, digər qız qalaları kimi müdafiə-gözətçi istehkamı kimi tikildiyini güman etməyə əsas verir. Əslində, Qız qalanın tədqiq olunması ilə Qarabağın qədim tarixi və bu ərazidə mövcud olan minlərlə abidələrdən biri haqqında maraqlı faktlar üzə çıxa bilərdi.

Aparılan araşdırmadan belə qənaətə gəlmək olur ki, Qırxqız oronimi iki hissədən — qırx və qız komponentlərindən ibarət birləşmədən yaranmışdır. Xatırladaq ki, sözün birinci komponenti olan qırx həm Azərbaycan, həm də digər türk dillərində sakramental (müqəddəs) olduğundan, türkdilli xalqların lekiskasında olduqca işləkdir. İslamın təsiri ilə əhəmiyyətini daha da müqəddəsləşən qırx (Kırk, Gırk, Kırh, Kırn və s.) türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində islamdan öncədə mövcud idi. Bu səbəbdən də toponimkada da bu sözün özünəməxsus yeri var.

Sözün ikinci komponenti olan qız/kız/kuz sözü isə ümumtürk mənşəli leksik vahid olaraq, aşağıdakı mənaları kəsb etməkdədir: "nadir”, "əziz”, "qiymətli”, "mühafizə yeri”, "sığınacaq”, "səngər”, "gizli yer”, "qala” və s. Beləliklə Qırxqız sözünün etimoloji mənası – qırx sığınacaq, qırx gizli yer, qırx səngər, qırx qala anlamına gəlinir. 

Aparılan araşdırmalardan və Qırxqız dağında olan yurd yer adlarından aydın olur ki, bu yaylaqlarda heç bir erməni və yaxud kürd mənsubiyyətindən söz açmağa dəyməz.

Qafqazda olan 2 dağ sıralarından biri, ümumi baş suayrıcısı olmayan Kiçik Qafqaz sıra dağlarında müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarət olan Qarabağ silsiləsinin şimal hissəsində, Laçın, Kəlbəcər və Xocalı rayonu ərazisini əhatə edən və Qırxqız adı ilə tanınan dağ ümumilikdə orta hesabla dəniz səviyyəsindən yüksəkliyi 2697 metrdir. Ən hündür zirvəsi Laçın və Xocalı rayonlarının sərhəddində və dəniz səviyyəsindən 2843 m yüksəklikdə qərarlaşan Qızqala dağ zirvəsidir. Qörxqız adlanan zirvə isə dəniz səviyyəsindən 2629 m yüksəklikdə yerləşir. Dağın qərb ətəklərində Laçın, şərq ətəklərində isə Xocalı rayonlarının kəndləri sıralanır.

Qarabağ silsiləsinin şərq yamaclarında olan Qırxqız dağı kaynazoy erasında yaranmış cavan dağlardan biridir. Bu dağı təşkil edən suxurlar yura və təbaşir dövrünün suxurlarıdır. Burada vulkanik suxurlar geniş yayılmışdır. Qırxqızın qoynunda duruş gətirən qaya karvanları bir-birindən görkəminə görə çox fərqlənsədə, bir-birlərini tamamlayır.

Qeyd edək ki, Azərbaycanın ən səfalı və füsunkar təbiətli dağlarından biri sayılan Qırxqızın dağ ətəyi ərazilərdən başlayaraq hündürlüyə doğru meşə, subalp, alp, subnival, minvallandştaft qurşaqları bir-birini əvəz edir.

Torpaq, bitki, və heyvanat aləmi şaquli zonalılıq üzrə dəyişən Qırxqız dağına torpaq örtüyünün və bitkilərin inkişafı üçün lazımi miqdarda yağıntı düşür. Qırxqız dağında qış fəsli quraq keçən soyuq, yay fəsli sərin keçən iqlim şəraiti hakimdir. 2700 metrdən hündür, ilin çox aylarında (hətta yayda) çənli-dumanlı olan zirvələrdə dağ-tundura iqlimi qərarlaşıb. Yaz və payız fəslində daha çox yağıntının düşdüyü və yüksək dağlıq ərazidə yerləşən Qırxqız dağında illik yağıntının miqdarı orta hesabla 500-900 ml-dir. Burada ən isti günlər iyul, ən soyuq günlər isə fevral ayında özünü göstərir.

Zəngin bitki örtüyünə malik olan ərazidə minlərlə bitki növünə rast gəlinir. Ərazi dərman, endemik və nadir bitkilərlə də zəngin olmaqla yanaşı bu əraziləri ən yaxşı təbii muzey hesab etmək olar. Qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən torpaqları üstünlük təşkil edən Qırxqızın həm şərq, həm də qərb yamaclarının orta və yuxarı dağ meşə qurşaqları meşə örtüyü ilə çox zəngindir. Bu dağ meşələrində geniş yayılan palıd, fıstıq, vələs ağacları ilə bərabər bir çox digər ağaclar – cökə, ağcaqayın, qaraağac, həmçinin kol bitkiləri – yemişan, əzgil, dovşanalması, doqquzdon (qızqızik), alça, fındıq, itburnu, zoğal, adi badam və s. geniş yayılmışdır. Qərb yamaclarında, Hacısamlı meşələrində dünyada ən qiymətli olan və Azərbaycanda yalnız bu ərazidə bitən qırmızı palıd ağacı (qızıl palıd) vardır.

Meşə qurşaqlarından yuxarıda subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşağı öz yerini tutur. Bu yerlərin bitkiləri dağ-çəmən bitkiləridir. Bu qurşaqlarda çətin şəraitin hökm sürməsinə baxmayaraq sayı və növü kifayət qədər olan heyvan və quşlar buranı özlərinə məskən seçmişlər. Bu qurşaqların meşəsiz sahələri yay otlaq sahəsi kimi əvəzedilməzdir . Qədim dövrlərdən başlayaraq bu dağ tirəsinin yuxarı yamaclarında və ətəklərində maldarlıqla məşğul olan tayfaların yaylaqları yerləşir. Xanlıqlar dövründə xanlıq torpağı, sovet dönəmində isə burada dövlət torpaqları və şəxsi yaylaq yerləri mövcud idi. Hətta dövlət torpaqları bəzən icarəyə də verilirdi. XIX əsrin sonu XX əsrin əvvəllərində hər desyatin üçün 40 qəpik pul ödənilirdi.

Heyvanat aləmidə Qırxqızda şaquli zonalılığa uyğun inkişaf etmişdir. Qırxqız meşələrində əlik (cüyür), donuz, ayı, vaşaq, tülkü, çaqqal, çöl pişiyi və digər heyvanlara rast gəlinirdi. Quşlardan qaratoyuq, bülbül, ağacdələn, şanapipik, quzğun, qızılquş, qırğı, bildirçin, alabaxta, göyərçin, kəklik və s. göstərmək olar. Hündür yalçın qayalarda əsasən dağ keçisi və qartal məskən salmışdır.
Qırxqız dağlarına düşən illik yağıntı burada sürətlə axan çayların qidalanmasının əsas hissəsini təşkil etdiyindən şərqə və qərbə doğru axan bütün çaylar (Narzan, Ələkçi, Piçənis, Kolatay, Bədərə və başqa çaylar) daşqın xarakterlidir. Dağ yamaclarında bu çay və sel sularının güclü təsiri nəticəsində dərin və sıldırım yamaclı dərələr əmələ gəlmişdir.

Dağ yamaclarında olan yer adları; Kəmər qaya, Qaranlığın dərəsi, Cinni gədik, Qara qaya, Dolubasan, Kotan qaya, 1-ci yurd, 2-ci yurd, Sarıyurd, Dəlik daş, Ağ qaya, Dərə yurd, Ağalı, Bərə güney, Çoban güney, Yağlı bulaq, At qoruğu, Qatar qaya, Haça qaya, Qoruğun yalı, Duzlağın yalı, At bulağı, Göz bulaq, Meydan, Seyid qəbri, Yal Yurd, Çubuq qayası, Qoyun yolu, Dəvriş qaya, Göy xir, Ağcayazı, Ağ uçuq, Bala güney və digər bu kimi adlar ancaq yaddaşlarda yaşayır. 

Bir vaxtlar qırx xanımın , qırx qızın sığınacaq tapdığı və sonda onlara nicat bəxş edən Qırxqız dağı indi öz doğma övladlarına qucaq aça bilmir, artıq bizlər üçün çox-çox yadlaşıb. Qoynunda yağı düşmən gəzib-dolaşır, dünyaya gələn və dünyada analoqu olmayan düşmən bu gün özünü bu yurd yerlərinin sahibi hesab edir. 

P.S. Təqdim etdiyimiz şəkillər Laçın rayonunun işğalından sonra çəkilib. Bəzi şəkillərdə əks olunan təyyarə parçaları, 1990-cı il avqustun 1-də İrəvandan Xankəndinə uçan Yak-40 təyyarəsinin qəzaya uğramasından sonra indiyə qədər qalan qalıqlarıdı. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. Təyyarənin qalıqları və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında aşkar edilib. SSRİ-nin Dövlət Komissiyasının rəsmi versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün istiqamətləndirə bilməyib. 
 

Karabakhmedia.az
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook