SON XƏBƏR

Qarabəy Qarabəyov kimdir?

Fevral 29
11:26 2016
Azərbaycanın bu işıqlı ziyalısı haqqında məlumatlar o qədər də çox deyil
 
Onun adına ilk dəfə unudulmaz yazıçımız Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim…” kitabında rast gəlmişdim. Xüsusi ilə də, "Bakılılar ona "ayını ağladan Qarabəy” ləqəbi qoymuşdular” ifadəsi yaddaşımdan asılı qalmışdı. Doğrudur, Manaf müəllim onun zahiri portretini böyük məhəbbətlə yaratmışdı, amma yenə də məlumat azlığım var idi. Dövlət müstəqilliyimizin bərpasından sonra ara-sıra bəzi müəlliflər öz yazılarında onun adını çəksələr də ətraflı bilgilər verilmirdi. Yalnız filologiya elmləri doktoru Aydın Dadaşov bu sahənin əsl tədqiqatçısı kimi fərqləndi. O, bir sıra məqalələrində, "Məmmədhəsən Hacınski”, "Demokratiya və islam” adlı monoqrafiyalarında Qarabəy Qarabəyovun ictimai-siyasi fəaliyyətindən söz açmağı unutmayıb. Görünür ki, müəllif bu şəxsiyyəti millətə yaxından tanıtmaq üçün onun haqqında ayrıca bir monoqrafiyanın yazılmasının əhəmiyyətini nəzərə alaraq "Qarabəy Qarabəyov” adlı kitabını bizə ərməğan edib. Oxucular üçün aydın olsun deyə, bu Vətən oğlunun ömürlüyündən bəzi məqamları qələmə alırıq: " Qarabəy Qarabəyov 1874-cü ildə o zamanlar Yelizavetpol qəzasının Zəyəm nahiyəsinə tabe olan Yuxarı Ayıblı kəndindən İsmayıl ağa ilə Şeyda xanımın ailəsində anadan olmuşdur. Tiflis gimnaziyasını, Derpi (TARTU) Universitetinin tibb fakültəsini bitirmiş, Moskvada, Bakıda həkim, jurnalist, ictimai xadim kimi fəaliyyət göstərmişdir. ADR parlamentində müxalifəti təmsil edən "İttihad” Partiyasının rəhbəri , "Haqq yolu” (1911-1912) jurnalının, "Yeni həyat” (1918), "İttihad”,” İttixad” qəzetlərinin naşiri olmuşdur. Sovet dövründə fasiləsiz repressiyalara məruz qalan Qarabəy Qarabəyov 27 sentyabr 1953-cü ildə Səmərqənddə dünyasını dəyişmişdir”. Qəhrəmanı barədə ətraflı tədqiqat aparan, bizə uzun müddət bəlli olmayan, qəsdən gizlədilən bir sıra mətləblərə aydınlıq gətirən müəllif maraqlı bir faktı da diqqətə çatdırır: "1893-cü ildə Qarabəy Qarabəyov H.Z.Tağıyevin hesabına Moskva Universitetinin təbiət elmləri fakültəsində dörd il təhsil aldıqdan sonra 1896-cı ildə inqilabi fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib.”
 
Həbsdən azad olunduqdan sonra Qarabəyin Almaniya həyatı başlayıb. O, burada – universitetdə tibb təhsili alaraq Vətənə həkim kimi qayıdıb. 1901-ci ildə məşhur xeyriyyəçi Nabat xanım Aşurbəyovanın nəvəsi Məsumə xanımla ailə həyatı qurub. Kitabda oxuyuruq: " Malakan bağının yanındakı binada şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklər üzrə kabinet açan, imkansızları pulsuz müalicə edən Qarabəy Qarabəyovun əsas məqsədi əhalinin xilası naminə, islam elminin, ideologiyasının öyrənilməsi və tətbiqi olur”. Millət balalarının həm fiziki, həm də mənəvi sağlamlığının keşiyində dayanan Qarabəy xalqın nicatını elmdə, təhsildə görürdü. Bu istiqamətdə əlindən gələni əsirgəmirdi. Onun siyasi həyata qoşulması, mətbuatda müxtəlif yazılarla çıxış etməsi, əqidə dostları ilə birgə jurnal, qəzet naşiri olması, partiya yaratması da məhz birbaşa millətin sabahı, xoş gələcəyi naminə idi. Zamanın ağırlığı, çar üsul idarəsinin təqibləri, ermənilərin xəyanətləri… Dəfələrlə "doktor Qarabəyovun evində axtarışlar və müsadirələr” olurdu. Onun isə bu müqavimətlərin önündə geri çəkilmək niyyəti yox idi.
 
Müəllif yazır: " 1912-ci ildə Qarabəy Qarabəyov uzun illər üzərində işlədiyi "Türkcədən ruscaya mükəmməl lügət” kitabını İsa bəy Aşurbəyovun mətbəəsində ildə iki dəfə nəşr etdirir”. 1912-ci ildən sonra Qarabəy yenidən Almaniyaya getməli olub. Müəllifin fikrincə, bu səyahət elmi məqsəd daşıyıb. Ailəsi ilə birlikdə iki il Berlində yaşayan Qarabəy Qarabəyov Almaniyanın ən müasir klinikalarında urologiya, histologiya, roentgen sahəsində təcrübə keçərək tibbi nailiyyətlərlə tanış olur. Birinci dünya müharibəsinin başlanması, daşnakların Qafqazda, eləcə də yaxın bölgələrdə talan və qətllər törətməsi, bütünlüklə Rusiyanı bürüyən inqilab mövcud dəyərlər sistemində azadlıq alovları, qurtuluş mücadiləsi diktə edirdi. Bolşeviklərlə ittifaq bağlayan daşnaklar Bakıda minlərlə insanı qətlə yetirdi.
 
Qarabəy Qarabəyov yazırdı : "Özünün sadəlövhlüyü, ətaləti ilə istilaçı müharibədə çaşqın qalan müsəlmançılıq, təşkilatlandırılan daşnak ordusu qarşısında tamamilə məhv olmadığına görə, yalnız özünün hərbi müdaxilələrə sinə gərmək bacarığına borcludur”.
 
Həmin vaxtlarda Qarabəy həm siyasi xadim, həm jurnalist, həm də həkim kimi çox fəal olub. "Kaspi” qəzeti 28 yanvar 1919-cu il nömrəsində yazırdı: "Doktor Qarabəy Qarabəyov hər gün səhər saat 8-dən 10-a, axşam isə 17-dən 19-a qədər özünün Vorovski küçəsindəki 17 saylı ev 1-də yerləşən xəstəxanasında xəstələri qəbul edir”.
 
Və nəhayət 28 aprel 1920-ci il! Bolşeviklər Azərbaycanı işğal etdilər. Ondan bir gün əvvəl Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sonuncu iclası. Gecə yarıya qədər uzanan bu fövqəladə iclasda Əliheydər Qarayevin artıq işğalçılıq missiyasını yerinə yetirməyə başlamış Qırmızı ordunu dünya proletariatının xilaskarı adlandırması Məhəmməd Əmin Rəsulzadəyə xoş gəlmir. Aydın Dadaşov bizi bir daha həmin günlərə apararaq o məqamı belə qələmə alıb: "Məhəmməd Əminin "ilanın ağına da lənət, qarasına da” - deyə hansı rəngə boyanmasından asılı olmayaraq, rus ordusunun ağ və ya qarasının yalnız xalqları əsarətdə saxlayan işğalçılar olduğunu söyləməsi Əliheydər Qarayevi hiddətləndirir. "Gülləbaran edərəm, gözlərini çıxardaram” - deyə ona hücum çəkən Əliheydər Qarayevə təmkinini pozmayan Məhəmməd Əmin olduqca tutarlı cavab verib: "Siz millətin gözünü çıxarmısınız, Əliheydər Qarayev, tovarişlər səni gülləboran edəndə məni və bu günü yada salarsan!” Həqiqətən də bu qətl sonra baş verdi. O qarışıq günlərdə - o son iclasda Qarabəyin son fikri isə belə olub: " Öylə olmalıdır ki, aləm islamın xilası üçün çalışsın”.
 
Bu hadisədən bir qədər sonra-may ayında Qarabəy Qarabəyovu həbs ediblər. Əmlakı müsadirə olunub. Arxangelsk vilayətinin məşhur Solovki düşərgəsinə sürgün edilib. 1921-ci ildə Nəriman Nərimanov həbs edilmiş soydaşlarımızdan 110-u xilas etməyi bacarıb. Bu vətən oğlunun minbir əziyyətlə repressiyanın caynaqlarından qopardığı ziyalıların arasında Qarabəy Qarabəyov da var idi.
 
Kitabda oxuyuruq: "1922-ci ilin dekabrında SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilən Nəriman Nərimanovun səyi ilə Solovki düşərgəsindən azad edilən Qarabəy Qarabəyov Rusiyanın istənilən şəhərində yaşamaq hüququ verən, Arxangelsk quberniyası və şəhər fəhlə-kəndli milis idarəsinin təsdiqlədiyi vəsiqə ilə birbaşa Moskvaya üz tutur”. Hətta belə bir fakt da var ki, Qarabəy Qarabəyov Lenini də müayinə edib, sonradan Nəriman Nərimanovun şəxsi həkimi olub. Nəriman Nərimanovun 1925-ci ildə müəmmalı ölümündən sonra ziyalılarımızın qara günləri yenidən başlayıb. Repressiyalar ara vermədən millətin say-seçmə övladlarını caynaqlarına alaraq sürgünə, zindana, güllələnməyə aparıb. 1937-ci ildə Qarabəy Qaravbəyov pantürkist kimi həbs edilərək Kolmaya düşərgəsinə göndərilib. On illik həbs cəzası bitdikdən sonra Vətənə deyil, Səmərqəndə qayıtmaq məcburiyyətində qalan Qarabəy Qarabəyov 1953-cü ildə dünyasını dəyişib.
 
Ölümündən 13 il sonra bəraət alıb. Ərinin ölümündən sonra vətənə qayıdan həyat yoldaşı Məsumə xanım Aşurbəyova 1974-cü ildə vəfat edib. Üç qız övladları olub: Tamara, Reyhanat, Arfa. Onların da tale yolu hamar olmayıb. Repressiyalar, təzyiqlər, təqiblər daim bu qızları izləyib. Amma ayaq üstə durmağı, atalarının arzularını gerçəkləşdirməyi bacarıblar. Ailə qurublar, oxuyublar, ali təhsil alıblar. Dünyaya nəvələr gəlib. Nəsil davam edib. Harada yaşamalarından asılı olmayaraq qiblələri Azərbaycan olub. Alim qardaşımıza Aydın Dadaşova bir minnətdarlığımı da çatdırmağı özümə borc bilirəm ki, belə unudulmuş unudulmazlar barəsində mükəmməl tədqiqatlar apararaq onları yenidən xalqa tanıdır. Bu, çox mühüm bir məsələdir, əsl vətəndaşlıq mövqeyi və missiyasıdır.
 
Kitabda Qarabəy Qarabəyov ömrünün müəyyən anlarını özündə bu günə çatdıran şəkillər də verilib. Ailəsinin, həmkarlarının, silahdaşlarının, əqidə dostlarının fotoları maraqla izlənilir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu cür qaranlıq talelərə ayna tutulmasının ardıcıl davam etməsi bizi sevindirir. Müəllifə bu yolda yeni uğurlar diləyirəm.
 
Kaspi
Flora Xəlilzadə



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook