SON XƏBƏR

Prezidentin ayırdığı 40 milyonu kim “yeyib”? - Bakıdakı liftlər ölümə aparır...

İyul 06
12:48 2022
Bakı sakinlərini ən çox narahat edən problemlərdən biri istismar müddəti bitmiş və yenisi ilə əvəzlənməyən liftlərdir.

Hər gün kəlmeyi-şəhadətlərini oxuya-oxuya liftə minənlər təkcə köhnə binaların sakinləri deyil. Bu problemə yeni istifadəyə verilən binalarda rast gəlinir.
 
Şəhərimizdə binaların liftlərinə diqqət yetirsək, görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır.

Ötən gün Baş Prokurorluq Bakıda yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb.

Hadisənin binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində baş verdiyi bildirilib.

Bəs Bakıdakı binalarda lift təsərrüfatına qulluq necə olmalıdır? Kim məsuliyyət daşıyır?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Bakupost.az -a açıqlama verib.

Ekspert bu kimi hadəsələrin təkcə köhnə binalarda deyil, həmçinin təzə binalarda da baş verdiyini qeyd edib:

"Dünya ölkələrinə nəzər yetirsək, əksər ölkələrdə tikilən mənzillər təmir olunaraq vətəndaşlara təhvil verilir. Bizdə isə mənzillər yalnız suvaq vurularaq vətəndaşlara satılır. Hər binada 100-200 mənzil var. Həmin mənzilləri təmir edərkən çox hallarda yük daşıyan fəhlələr liftdən istifadə edirlər. Mənzillərin təmiri yekunlaşanda, o liftlər artıq öz keyfiyyətini çox sürətlə itirmiş olur. Çünki yükdən iki-üç dəfə artıq yük qaldıranda liftin istismar müddəti daha tez başa çatır. Yeni tikili binalarda da dəfələrlə liftin qırılması ilə həyatını itirən, yaralanan insanlar çox olub. İstər yeni tikili, istərsə də köhnə tikili binalarda belə hallara rast gəlinir”.

Ekspert daha çox liftlərin trosuna xüsusi diqqət yetirilməli olduğunu bildirib:

"Bir neçə aydan bir liftlər yoxlamalıdır. Xüsusilə liftlərin trosuna daha çox diqqət artırılmalıdır. Əksər binalarda sovet dövründə qoyulmuş liftlərdir və bir çox hallarda onlar da işləmir, yaxud hansısa bir mərtəbəyə qədər qalxır. Köhnə binalarda kommunal xərci az olduğuna görə, illik təxminən 18-20 manat vətəndaş ödəniş edir. Buna görə də az-az hallarda yoxlamalar olur. Lakin yeni binalarda kommunal 50-100 manata arası dəyişə bilir. Bunun müqabilində komendant o liftlərə nəzarət edir. Əksər binalarda liftlər nəzarətsiz və baxımsız qaldığına görə belə hallar baş verir”.

E.Fərzəliyev onu da əlavə edib ki, vətəndaşlar çox vaxt pul toplayaraq liftləri özləri dəyişirlər:

"Bir liftin trosunun qırılması üçün aylarla vaxt lazımdır. Çünki tros üç-dörd qat olur. Nizamnamənin tələbinə uyğun olaraq iki aydan bir nəzarət olsaydı, fəsad qeydə alınsaydı, belə hal baş verməzdi. Çox vaxt vətəndaşlar özləri pul toplayıb binada lifti dəyişdirirlər. Amma lifti dəyişmək vətəndaşın vəzifə borcu deyil. Bununla bağlı dövlət qurumu var. Onlar baxmalı və dəyişdirməlidirlər. Nəzərə alınmalıdır ki, köhnə binalarda yaşlı, xəstə, əlil olan insanlar, uşaqlar var. Lift işləməyəndə piyada düşüb-qalxırlar. Bunların hamısı diqqətə alınmalıdır. Binanın ən azı 30-40 yaşı varsa, hələ istismar müddətini bitirməyibsə belə oradakı liftlər mütləq dəyişilməlidir. Təbii ki, məsuliyyət lift idarəsinin üzərindədir”.

Qeyd: 2019-cu ildə Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda liftlərin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalamışdı.

Bu sərəncama əsasən şəhər, rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpası üçün Prezident Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat ayrılmışdı.

Növbəti illərdə ölkə başçısı ölkə ərazisində lift təsərrüfatının yenilənməsi üçün vəsaitlər ayırıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook