SON XƏBƏR

PREZİDENTDƏN İRƏVANA MÜHARİBƏ XƏBƏRDARLIĞI... - "Antiterror əməliyyatları üçün çox əlverişli zamandır"

İyun 18
11:00 2022
Ermənistan son vaxtlar "qırmızı cizgiləri” keçməyə başlamışdı. Rəsmi İrəvan Kremllə yaxınlaşdıqca özünü daha arxayın hiss edirdi. Rusiyanın himayəsinə güvənib, Cənubi Qafqazda hərbi-siyasi gərginliyi artırmağa çalışırdı.

Paşinyan hakimiyyəti Kremllə "siyasi bazarlığın” bütün istiqamətlər üzrə Ermənistana sərfəli olacağından əmin idi. Ermənistan baş naziri Nikol Paşinyan bir tərəfdən hesab edirdi ki, ABŞ-ın biolaboratoriyaları ilə bağlı Rusiyaya güzəştə gedərsə, Kreml öz "5-ci kolon”unu İrəvanın küçələrindən yığışdıracaq. Və nəticədə erməni baş nazirin öz hakimiyyətini qorumasında elə bir ciddi problemlər yaranmayacaq.

Digər tərəfdən, Paşinyan hakimiyyəti Rusiyanın Ermənistana himayəsini bərpa etdikdən sonra Brüssel görüşlərində əldə olunan əksər anlaşmaların icrasından yayına biləcəyini düşünürdü. Üstəlik, rəsmi İrəvan Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesini illərlə uzada biləcəyinə də ümid bəsləyirdi. Və Ermənistan rəsmilərinin son açıqlamalarında bu ümidin təsirləri özünün göstərirdi.

Məsələ ondadır ki, rəsmi İrəvan Zəngəzur dəhlizi ilə bağlı anlaşmaları müxtəlif bəhanələrlə pozmağa çalışır. Eyni zamanda, "dağlıq Qarabağ məsələsi”ni və "status” mövzusunu yenidən gündəmə gətirməyə can atır. Üstəlik, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin bərpasının vacibliyinə yönəlik açıqlamalar verir. Və bütün bunların birmənalı şəkildə regionda hərbi-siyasi situasiyanın yenidən gərginləşdirilməsinə, sülh prosesinin dolaşdırılmasına hesablandığı isə qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, İrəvana son səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanı narazı salan bir sıra açıqlamalar verməsi də, Paşinyan hakimiyyətini xüsusi olaraq, həvəsləndirmişdi. Baş nazir N.Paşinyan bu həvəsin təsiri altında rəsmi Bakını qıcıqlandıran mövzuları ön plana çəkmək üçün xüsusi canfəşanlıq göstərirdi. Və Azərbaycandan bütün bunlara sərt xəbərdarlıq mesajı ilə cavab verilmə ehtimalı da artırdı.

Təbii ki, rəsmi Bakının Paşinyan hakimiyyətinin qeyri-konstruktiv davranışlarına sərt reaksiyası qətiyyən gecikmədi. Azərbaycanın siyasi rəhbərliyi əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrova İrəvandakı açıqlamalarına görə kəskin etirazlarını bildirdi. Ardıncasa, rəsmi Bakı Paşinyan hakimiyyətinə də öz yerini göstərdi.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq tədbirdə çıxış edərkən, Ermənistanın sülh prosesinin imkişaf etdirilməsindən yayındığını bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, "dağlıq Qarabağ problemi” artıq həll olunub. Ölkə ərazisində yaşayan ermənilərəsə, hər hansı "status” verilməyəcək.

Digər tərəfdən, Prezident İlham Əliyev rəsmi İrəvanın "dağlıq Qarabağ problemi” və "status” mövzularını bir daha heç vaxt gündəmə gətirməyəcəyi ilə bağlı anlaşmanın olduğunu da vurğulayıb. Rəsmi Bakı bununla Paşinyan hakimiyyətinə anlaşmaların pozulmasıyla razılaşmayacağının mesajını vermiş oldu. Artıq Ermənistan cəmiyyəti tam dəqiqliyi ilə bilir ki, Paşinyan hakimiyyəti rəsmi Bakı ilə müəyyən anlaşmalara imza atıb. Və həmin anlaşmaların məzmunu Paşinyan hakimiyyətinin cəmiyyətə verdiyi açıpqlamalarla kəskin ziddiyyət təşkil edir.

Təbii ki, bu, rəsmi İrəvana ciddi xəbərdarlıq xarakteri daşıyır. Belə ki, Paşinyan hakimiyyətinə, mövcud anlaşmalara zidd məzmun daşıyan açıqlamaların cavabsız buraxılmayacağının mesajı verildi. İndiyə qədər əldə olunan digər anlaşmaların da ictimailəşdirilə biləcəyinə eyham vuruldu. Və bunun Paşinyan hakimiyyətini Ermənistan cəmiyyəti qarşısında ağır vəziyyətə sala biləcəyi isə qətiyyən şübhə doğurmur.

Azərbaycan lideri rəsmi İrəvanın Minsk Qrupu həmsədrlərinin sülh yaratma prosesinə cəlb olunması ilə bağlı tələblərinə də sərt reaksiya verib. Prezident İlham Əliyev bildirib ki, Minsk Qrupu həmsədrləri artıq öz fəaliyyətini dayandırıb, bu barədə rəsmi Bakı məlumatlandırılıb. Və rəsmi Bakı "dağlıq Qarabağ problemi”nin həllini 30 ilə yaxın bir müddətdə uzadan həmsədrlərlə hər hansı məsələni müzakirə etmək niyyətində deyil.

Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyinə də münasibət bildirib. Azərbaycan lideri bildirib ki, Laçın dəhlizi uzun müddətdən bəri mövcud olsa da, Zəngəzur dəhlizinin fəaliyyətə başlanmasına hələ də əngəl törədilir. Rəsmi Bakı bu məsələ müsbət yöndə həll edilməzsə, Laçın dəhlizinin statusuna yenidən baxmaq niyyətində olduğunu qətiyyən gizlətmir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Ermənistanın indiki qeyri-konstruktiv mövqeyi nəticəsində sülh danışıqları prosesinin pozula biləcəyini qətiyyən istisna etmir. Azərbaycanın siyasi dairələrində hesab edirlər ki, belə şəraitdə Ermənistanla sülh sazişinin imzalanması mümkün olmayacaq və yeni savaş ehtimalı ciddiləşəcək. Bu zaman  Ermənistan dövlətçiliyi böyük təhlükə qarşısında qalacaq (musavat.com.).

Politoloq Qabil Hüseynli publika.az-a açıqlamasında deyib ki, hazırda Qarabağda Azərbaycan Ordusunun antiterror əməliyyatları üçün çox əlverişli zamandır: "İpə-sapa yatmayan separatçı quldur dəstələrinə dərs verməyin vaxtı çatıb. Üstəlik, Rusiya hələ uzun müddət Ukrayna bataqlığından başını çıxara bilməyəcək və şimal qonşumuz müharibədən zəif və taqətdən düşmüş halda çıxacaq”.

Politoloq daha sonra erməni tərəfdə Azərbaycana qarşı radikal çağırışların gücləndiyinə diqqət çəkərək bildirib: "Erməni revanşistlər deyirlər ki, Şuşanı da, Hadrutu da ”geri qaytaracağıq". Bu cür təhrikçi şüarlarla Azərbaycanı daha sərt addımlar atmağa vadar edirlər".

Hüseynli həm dağ-komando qoşunlarımızın və xüsusi təyinatlılarımızın, həm də desant qoşunlarımızın Xankəndi ətrafını üzük qaşı kimi mühasirəyə aldığına diqqət çəkərək deyib: "Ali Baş Komandanımızın bircə əmri yetərlidir ki, bu ərazilərdə antiterror əməliyyatlarına başlanılsın. Bu əməliyyatın keçirilməsi üçün ilk olaraq ruslarla danışmaq lazımdır. Ən azından Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılarla danışıqlar aparmaq lazım gələcək. Azərbaycan Ordusu separatçı quldurlara qarşı əməliyyatlar apararkən ruslara qarşı hər hansı pis niyyət nümayiş etdirməyəcək. Onların sakitliyi, özlərini normal aparmaları yetər ki, bu əməliyyatlar qısa və sürətli bir formada bizim tərəfimizdən uğurla gerçəkləşdirilsin”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook