SON XƏBƏR

Prezident İlham Əliyev: “Bizə tarix versinlər Zəngəzur dəhlizi nə vaxt açılacaq”

Dekabr 07
00:01 2021
Qubaya 6 dekabr səfərində Qonaqkənd qəsəbəsinə baş çəkən prezident İlham Əliyev sakinlərlə görüşüb. Dövlət başçısı söhbət əsnasında İkinci Qarabağ müharibəsinə toxunaraq deyib: "Bu bizim hamımızın qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır”.

Həm Qarabağda, həm də Zəngəzurda quruculuq işlərinin aparıldığını vurğulayan prezident əlavə edib ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq: "Müharibədən sonra Ermənistandan bir neçə dəfə belə cəhd oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü.

Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Bizə tarix versinlər Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) ələ keçirib.
 

Başqa bölgələr – Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri də işğala məruz qalıb.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib, Ağdam rayonunda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi qurulub.

2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı atəşkəs bəyanatı bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. Sənədə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi yaradılmalıdır.
 

2021-ci il yanvarın 11-də Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Moskvada imzaladığı birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.

2021-ci il noyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Soçidə imzaladığı birgə bəyanata əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə ikitərəfli komissiya yaradılması şərti kəsilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook