SON XƏBƏR

"Məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır" - Dövlət başçısı

Avqust 10
17:06 2020
Bu qurğu bir daha bizim qüdrətimizi göstərir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, "Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, "Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə "Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur.

Onu da bildirməliyəm ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook