SON XƏBƏR

Kevin Skitt Azərbaycan Ordusu ilə tərəfdaşlıq barədə bəyannamə yaydı (FOTO)

Sentyabr 22
09:36 2022
ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Skitt Azərbaycan Ordusu ilə tərəfdaşlıqla bağlı bəyannamə yayıb.

"Report”un xəbərinə görə, bəyannamə Oklahoma Ştatı Milli Qvardiyası ilə Azərbaycan ordusu arasında Dövlət Tərəfdaşlığı Proqramının 20 illiyi münasibətilə imzalanıb.

Bəyannamədə Azərbaycanın 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan etməsi, ABŞ-la, o cümlədən Oklahoma ştatı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi vurğulanıb.

Bəyannamədə tərəfdaşlığın artması, Oklahoma ştatının və Azərbaycanın regional təhlükəsizliyə üstünlük verməklə yanaşı, bilik və mədəniyyət mübadiləsini, enerji sənayesini genişləndirməyə davam etməsi vurğulanır. Qeyd olunur ki, bu tərəfdaşlığın uzun müddətli olması hər iki tərəfin daha təhlükəsiz və güclü gələcəyə sadiqliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim öz növbəsində qubernatora təşəkkür edib. Səfir bunun əsl tərəfdaşlıq və dostluq olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər və Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təsdiq olunmuş "Ştatla Tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.

Tərəflər Azərbaycan Ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook