SON XƏBƏR

İsa Qəmbər: "Minsk Qrupu imitasiya siyasətini davam etdirmək istəyir"

Noyabr 17
04:08 2021
MSDM sədri: "Rusiya Minsk Qrupu ilə əməkdaşlıqda maraqlıdır"

"ATƏT-nin Minsk Qrupuna ən çox maraq göstərən Fransadır. Çünki 44 günlük savaşdan sonra Paris faktiki olaraq bölgədə konfliktin idarə olunmasına görə ona verilən üstünlüklərdən məhrum olub. Eyni zamanda, ABŞ aparıcı statusuna və ölkə daxili bəzi siyasi dairələrin istəklərinə uyğun olaraq Minsk Qrupuna maraq göstərməkdə davam edir. Həmçinin Rusiya da Minsk Qrupuna müəyyən ehtiyac duyur. Çünki öz sülhməramlılarını Azərbaycan torpaqlarına yerləşdirəndən sonra və konfliktin əsas moderatorluğunu bir daha təsdiqlədəndən sonra Minsk Qrupunun da bu prosesə cəlb olunması Rusiyanın mövqeyini faktiki olaraq möhkəmlədir".

Bunu Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər ATƏT-nin Minsk Qrupunun 15 noyabr bəyanatını şərh edərkən deyib.

Bəyanatı ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Xovayev, Fransadan isə Bris Rokfey imzalayıb. Həmsədrlər məlum bəyanatda mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər: "Tərəflər bölgədə gərginliyin azalması istiqamətində konkret addımlar atmalıdır".

Onlar həmçinin Azərbaycan və Ermənistanı qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağırıblar.

Bəyanat müəllifləri hesab edirlər ki, tərəflər 9 noyabr bəyanatına əməl etməli və digər birgə razılaşdırılmış atəşkəs öhdəliklərini tam şəkildə yerinə yetirməlidirlər.

İsa Qəmbərin qənaətincə, Minsk Qrupunun digər üzvləri Fransa və Amerika müəyyən dərəcədə mövcud gerçəklikləri qəbul edir: "Konkret olaraq, müharibədə Azərbaycanın qazandığı uğuru, həm də təəssüf ki, Rusiyanın bölgəyə sülhməramlı adıyla hərbi müdaxiləsini Mins Qrupu da başa düşür. Ona görə də Rusiyanın Minsk Qrupu həmsədrləri ilə əməkdaşlıqda maraqlarından biri də mövcud vəziyyətin legitimləşməsidir".

"Eyni zamanda, Minsk Qrupuna ən çox ehtiyac duyan ölkə Ermənistandır. Çünki Ermənistan öz yanlış siyasətinin iflasa uğradığını dərk edir. Necə ki 30 ilə yaxın zamanda Minsk Qrupu vasitəsilə işğalçı siyasətinin qüvvədə qalmasını təmin edib. Amma Yerevan 44 günlük savaşda məğlubiyyətə uğrasa da, Xankəndi və ətraf ərazilərin Rusiya əsgərinin nəzarətində olmasından istifadə edərək yeni status-kvonu qoruyub saxlamaq istəyir. Həm də yaxın gələcəkdə status məsələsini aktuallaşdırmaq üçün həmsədr dövlətlərə ehtuyac duyur. Belə şəraitdə müxtəlif istiqamətlərdən Minsk Qrupunu fəallaşdırmaq üçün addımlar atılır", - deyə İsa Qəmbər bildirib.

Onun sözlərinə görə, Minsk Qrupu 30 ilə yaxın dövrdə konfliktin həllinə heç bir töhfə verə bilməyib: "Görünən odur ki, bütün bu müddətdə həmsədrlər sadəcə vasitəçiliyə maraqlı olublar. Ona nail olublar ki, Nyu-Yorkda, Cenevrədə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin iştirakından istifadə edərək onlarla görüşüblər. Bunula da Minsk Qrupunun fəallığının imitasiyasını həyata keçiriblər. Aydındır ki, Minsk Qrupu 30 ilə yaxın dövrdə konfliktin həllinə heç bir töhfə verməyib. Bundan sonra da məsələnin həllinə heç bir ciddi töhfə verə bilməyəcək. Amma imitasiya rolunu, siyasətini davam etdirmək istəyirlər. Bu da dövrün gerçəkliyidir. Rəsmi Bakı beynəlxalq normalara əsaslanan mövqeyini ortaya qoymaqla Minsk Qrupu adından sui-istifadə edən qüvvələrə də öz gündəliyini, problemlərin həlli ardıcıllığını tədim etməyi bacarmalıdır".

"Son hadisələr, hərbi gərginliyin Qarabağdan sərhədə daşınması da bu prosesin tərkib hissəsi sayıla bilərmi" sualına İsa Qəmbər belə cavab verib: "Bütün məsələlərin bir-birinə aidiyyatı var. Son günlərdə sərhəd bölgəsində vəziyyətin gərginləşməsinin səbəbləri içində Şuşa yaxınlığındakı terror hadisəsinin də təsiri var. Amma əsas səbəblər Ermənistanın sülh müqaviləsi, sərhədlərin demilitasiyası və demarkasiyası, Zəngəzur dəhlizi məsələlərini faktiki ləngitməsi və qarşısını almasıyla bağlı prosesdir. Eyni zamanda, təbii ki, sərhəd bölgəsində Paşinyan hakimiyyətinin revanşist qüvvələrin təzyiqi altında yenidən hücum əməliyyatları və müxtəlif hərbi təxribatlar törətməsi də vəziyyətin gərginləməsində həlledici rol oynayır".

ATƏT-in Minsk Qrupu (əvvəlki adı ATƏM-in Minsk Qrupu) Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə həlli üçün yaradılmış qurumdur.

Minsk Qrupu 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən sonra fəaliyyətə başlayıb.

1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib.

1997-ci ilin yanvarından isə ATƏT-in Minsk Qrupuna həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edir.
 
Arqument.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook