SON XƏBƏR

“İmamverdi İsmayılov sərvətini yığıb-yığışdıra bilmir, o, Zəngilana qayıdar?”

May 16
11:01 2022
"Elə zəngilanlılar, cəbrayıllılar, qubadlılılar var ki, heç vaxt Qarabağa qayıtmayacaqlar. Onların Bakıda topdağıtmaz evləri, mülkləri, şirkətləri var. Deputat İmamverdi İsmayılov Zəngilana qayıdar? 30 ildir ki, deputatdır, sərvətini yığıb-yığışdıra bilmir”.

Bunu Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, politoloq Zərdüşt Əlizadə əhalinin Qarabağa köçürülməsi ilə bağlı danışarkən deyib.

Z.Əlizadə xalqın o ərazilərə qaytarılmalı, bərpa prosesində əhalinin də iştirakının təmin edilməli olduğunu düşünür:

"Neft Fondunda "n” qədər pul var. Hər bir ailəyə tikəcəkləri evin layihəsini təqdim etsinlər və ailə başçısına pul ayırsınlar ki, öz evini tiksin. Hər mərhələdə bankdan pulu almaqla tikintini başa çatdırmaq olar. Tikintinin hər mərhələsinə də nəzarət olunmalıdır. Bu o deməkdir ki, xalqın özü də Qarabağın bərpasında iştirak edəcək. Amma indi xalq yalnız tamaşaçı kimi baxır.

Həmçinin naməlum hansısa şirkətlər Qarabağda işləyir və büdcədən ayrılan pulları yeyirlər. Düşünürəm ki, böyük qayıdış uzun müddət çəkməyəcək. Çünki Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər kimi ərazilərimizdə ermənilər yaşayırdılar. Oralarda minalanmış ərazilər çox azdır. Bu əraziələrə qayıtmaq mümkün qədər tez olacaq. Artıq şuşalıları öz torpaqlarına qaytarsınlar ki, onlar orada tikməyə, kənd təsərrüfatını qurmağa başlasınlar.

Eyni zamanda, Cəbrayılda döyüş olmayan zonalarda minalar yoxdur. Cəbrayıllıları da o ərazilərə göndərsinlər ki, evlərini tiksinlər, şəraitlərini qursunlar və yerləşsinlər. Düşünürəm ki, elə zəngillanlılar, cəbrayıllılar, qubadlılılar var ki, onlar heç vaxt qayıtmayacaqlar. Onların Bakıda topdağıtmaz evləri, mülkləri, şirkətləri var. Deputat İmamverdi İsmayılov Zəngilana qayıdar? 30 ildir ki, deputatdır. Sərvətini yığıb-yığışdıra bilmir. Təbii ki, zəngilanlıların çoxu qayıtmaq istəyər, onlar yurda bağlıdırlar. 600-700 min qarabağlı var, onların maksimum 200 mini Qarabağa qayıdacaq. Elə 200 min də az rəqəm deyil”.

Politoloq minaların təmizlənməsi ilə bağlı məsələyə də toxunub:

"Hazırda ən böyük problem minaların təmizlənməsidir. Əgər minaları təmizləmək istəyirlərsə, beynəlxalq tender elan etməlidirlər, həmin tenderdə dünyanın bütün şirkətləri iştirak edəcəklər. Qarabağda minalanmış əraziləri kvadratlara bölmək, şirkətlər arasında bölüşdürməklə minalardan qısa müddətdə qurtulmaq mümkündür. Həmin şirkətlər qısa müddət ərzində öz texnikaları ilə bunu edə bilərlər. Yəni bu halda Qarabağ 1 il ərzində minalardan tam təmizlənəcəkdi. Amma bizdə bunu etmədilər”.
 
Mənbə: bakupost.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook