SON XƏBƏR

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarını təşkil edir

May 05
17:30 2022
Elbrus Quliyev

Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri

Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan tarixinin ən  parlaq simasıdır. Çünki Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətli işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün Onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq zəruridir.

Məlum olduğu kimi, keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meylləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə edilməməsi kimi səbəblər dururdu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji amil oldu. Məhz 14 iyul 1969-cu il tarixdən Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycan dövlətinin həqiqi inkişafı başlandı. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi əldə edildi. Həmçinin milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və məqsədyönlü işlər sayəsində Azərbaycan sürətlə inkişafa nail oldu.

Bununla yanaşı, 1978-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İttifaq respublikalar arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bundan başqa, "Müasir Azərbaycan dili” və "Azərbaycan dili” dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün bu işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar oldu. 1971-ci ildə Ulu Öndərimizin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruçulugununda həmin lisey mühüm ciddi faktor oldu. Eyni zamanda,  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin 70 faizindən çoxu həmin liseyin yetirmələridir.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi.

Bir sözlə, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Bu dönəmdə həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görüldü, Azərbaycan SSRİ miqyasında sürətlə inkişaf edən respublikaya çevrildi.

Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən Onun fəaliyyətinin Naxçıvan dövrünə də nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini təşkil edir. Bəllidir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 1991-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdırıldı. Muxtar respublikanın ərazisinin düşmənin işğalı altına düşməsinin qarşısı alındı.

Bundan başqa, milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü. Muxtar respublikada dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti davam etdirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Ulu öndər Naxçıvanda çalışarkən o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Heydər Əliyevi devirməyə cəhd etsə də, insanların Ona olan sevgi və inamı belə cəhdlərin qarşısını qətiyyətlə aldı.

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Yeni Azərbaycan Partiyasının yaradılması və milli inkişafa xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verməsi də ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindəndir. Yeni Azərbaycan Partiyası təşkilatlanaraq öz fəaliyyətini davam etdirdi və qisa zaman kəsiyində xalqın nüfuzunu qazanmaga nail oldu.1993-cü ildə xalqın dəstəyi ilə Ulu Öndər hakimiyyətə gəldi 1995-ci ildə isə YAP hakim partiyaya çevrildi. Bu proseslər kontekstində daha bir məqama nəzər salmaq vacibdir. Belə ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı.

Əminliklə söyləmək olar ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Ən mühüm məqam isə budur ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident , Ali Baş Komandan İlham Əliyev 19 il ərzində bütün müstəvilərdə , o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər ordumuz yaratdığı və yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan azad edən müzəffər Sərkərdə oldu. Bu həm də, cənab Prezidentin ATA vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq Ulu Öndərimizin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub.

Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə milli həmrəylik, vətəndaş birliyi möhkəm əsaslarla təmin olunub. Həmçinin, Azərbaycanda siyasi münasibətlərin inkişafı, iqtidar-müxalifət dialoqunun sağlam əsaslarla davam etməsi də möhtəşəm Zəfərin qazanılamsında mühüm amil oldu. Belə ki, Vətən müharibəsində bütün vətəndaşlarımız və siyasi partiyalar Ali Baş Komandanımızın və ordumuzun ətrafında sıx birləşmişdi. Hazırda da bu birlik mövcuddur və gələcək inkişafımızda müstəsna rol oynayacaqdır. Bu fakt da cəmiyyətimizin ən böyük uğurlarından biridir. 

Bu gün isə ölkəmizin qarşısında mühüm vəzifələr dayanır. Qarşıda dayanan əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtmasıdır. Şübhə yoxdur ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu mərhələni də uğurla həyata keçirəcək və müstəqil ölkəmiz Heydər Əliyev ideyaları əsasında daha da inkişaf edərək yeni-yeni nailiyyətlər qazanacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook