SON XƏBƏR

Hacı İbrahim 7 aydır işçilərinin maaşını vermir

Oktyabr 16
16:33 2015
İşçilər: "Lüks maşınlarından birini satsın, pulumuzu versin" 
Hacı İbrahim: "Bir həftəyə maaşları ödəniləcək"
 
Dəniz içərisində "Xəzər adaları” layihəsini həyata keçirən Hacı İbrahim Nehrəmli işçilərinə maaş verə bilmir. 7 aydır ki, maaşlarını ala bilməyən işçilər "Yeni Müsavat" qəzetinə üz tutublar.
 
Oxşar məsələ ilə bağlı mətbuatda yazılar dərc edilib. Misal üçün bu ilin iyun ayında "Avesta Konserni” MMC-nin mühasibi Sabirə Sadıqova media vasitəsi ilə şirkət rəhbərliyini işçilərə olan əmək haqqı borclarını ödəməyə çağıraraq, hökumətdən qanunsuzluğun aradan qaldırılmasına kömək göstərilməsini xahiş etmişdi.
 
İndi isə "Xəzər adaları”nda çalışan sürücülər, fəhlələr, ustalar, bir sözlə 130 nəfərdən çox işçi maaşını ala bilmir. İşçilər öz halal zəhmətləri ilə qazandıqları pulları ala bilmədikləri üçün çətin duruma düşüblər.
 
Ciddi maddi sıxıntılar yaşayan işçilər öz problemlərini əməkdaşımıza danışaraq, bunları dedilər: "Mart ayından maaşlarımızı ala bilmirik. Əvvəlcə düşündük ki, gec-tez pulumuzu verəcəklər. Narahat olmadıq. Amma getdikcə bu müddət artmağa başladı. Artıq 7 aydır ki, pulumuzu vermirlər".
 
Maaşlarını ala bilməyənlərin sayı çoxdur. Hamısı da uzun müddətdir "Xəzər adaları”nda çalışırlar. Şikayətçilər deyirlər ki, onlar hər dəfə pullarını almaq üçün şirkətə üz tutduqda, gələ həftə üçün söz verilir: "Maaşlarımızı almaq üçün gedirik "Xəzər adaları”na. Oradan deyirlər ki, "Gələn həftənin 2-ci günü gəlin". İkinci gün toplaşıb, yenə gedirik. Bu dəfə də deyirlər ki, "5-ci gün gəlin". Beşinci gün gedəndə yenə növbəti həftə üçün söz verilir. Bu gediş-gəliş aylardır davam edir. Pul yerinə, söz verirlər. O da bizə lazım deyil. Biz, halal zəhmətimizlə qazandığımız pulları istəyirik".
 
İşçilərin bəziləri 2 il, bəziləri isə 5 ildir ki, "Xəzər adaları”nda çalışırlar. Hamısının da, bununla bağlı əllərində sənədləri var: "Birdən fikirləşər ki, bir yalan uydurub, bizim burada işləmədiyimizi desinlər. İndidən bildiririk ki, işlədiyimiz müddət ərzində hər günümüzü qeyd etmişik. Əlimizdə burada işləməyimizlə bağlı bütün sənədlərimiz var. Əmək Müfəttişliyinə də müraciət etmişik. Yaxın günlərdə cavab gəlməlidir. Bizim yeganə tələbimiz maaşlarımızdır.
 
Mənə 900, digərinə 1500, bəzilərinə isə 2000 manat pul verməlidirlər. Amma ödəmirlər. Deyirlər ki, "Pulumuz yoxdur. Nə vaxt olacağını bilmirik". Hacı İbrahimin bahalı, lüks maşınları var. Pulu yoxdursa, birini satsın, maaşımızı versin. Ondan başqa heç nə istəmirik. Sadəcə halal maaşımızı ödəsin".
 
Şikayətçilərin sözlərinə görə, bəziləri maaşını tələb etmək üçün "Xəzər adaları”na gedə bilmir. Çünki marşrut avtobusuna verməyə pulları yoxdur: "O lüks həyat yaşayır. Biz burada çətinlik çəkirik. Adicə haqqımızı, halal pulumuzu tələb etməyə gedə bilmirik. Buraya da az gəlməyimizin səbəblərindən biri də budur. Heç kimin cibində pulu yoxdur. Hamı fikirləşir ki, marşrut avtobusuna verəcəyi 30 qəpiyə evinə çörək alar".
 
Məsələ ilə bağlı "Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli ilə əlaqə saxladıq. Hacı İbrahim də işçilərə borclu olduğunu təsdiqlədi: "Hər şirkətin borcu var. Bu normal bir şeydir. İşçilərə borcumuz var. Amma ödəyəcəyik. gələn həftənin 5-ci günü onların maaşları ödəniləcək. Söz verirəm".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook