SON XƏBƏR

Gürcüstan XİN Rusiyadan qeyri-qanuni hərəkətləri dayandırmağı tələb etdi

Avqust 08
11:59 2022
Rusiya ilə Gürcüstan arasında baş vermiş "Avqust müharibəsi"nin 14-cü ildönümündə Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı "qeyri-qanuni hərəkətləri dayandırmağa”, 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasını yerinə yetirməyə və silahlı qüvvələrini ölkənin işğal olunmuş ərazilərindən çıxarmağa çağırıb.

Qaynarinfo bu barədə "newsgeorgia”ya istinadən xəbər verir. 

"İşğalın 14-cü ildönümündə Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasını yerinə yetirməməkdə və işğal olunmuş rayonlarda qeyri-qanuni nəzarətini genişləndirməkdə davam edir”,  deyə Gürcüstan XİN-in bəyanatında bildirilir.

Xarici İşlər Nazirliyi qeyd edir ki, Rusiya öz hərəkətləri ilə "təhlükəsizliyə, insan hüquqlarına zərbə vurur, işğal olunmuş ərazilərdə yaşayan insanları Gürcüstanın qalan hissəsindən və beynəlxalq ictimaiyyətdən təcrid etməyə çalışır”.

XİN Moskvanı işğal olunmuş ərazilərin tanınması ilə bağlı qeyri-qanuni qərarını dəyişməyə çağırır.

Nazirlik vurğulayır ki, 14 ildir Rusiya qüvvələri işğal xəttində sədd çəkməyə davam edir, bölgədə insanlar qanunsuz olaraq həbs edilərək oğurlanır.

"Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrində fundamental insan hüquqlarının kobud şəkildə pozulması, etnik ayrı-seçkilik və yüz minlərlə məcburi köçkün və qaçqının öz evlərinə qayıtmaq hüququnun pozulması Rusiya işğalının ağır humanitar yükü olmaqda davam edir”, deyə bəyanatda bildirilir.

Xarici İşlər Nazirliyi qeyd edir ki, bütün bu illər ərzində Rusiya beynəlxalq insan haqları təşkilatlarının girişinə və Aİ-nin Monitorinq missiyasının Abxaziya və Sxinvali bölgəsinə daxil olmasına mane olub.

Gürcüstan XİN beynəlxalq ictimaiyyətə ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edir.

"Bu dəstək Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə beynəlxalq hüququn prinsiplərini və Avropanın təhlükəsizliyini pozmaqda davam etdiyi bir vaxtda xüsusi əhəmiyyət kəsb edir”, bəyanatda deyilir.

Eyni zamanda XİN Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini təsdiqləyir və qeyd edir ki, rəsmi Tiflisin hərəkətləri işğal xətti ilə ayrılmış cəmiyyətlər arasında etimadı bərpa etməyə və ümumi Avropa gələcəyini qurmağa yönəlib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook