SON XƏBƏR

Gevorkov Xankəndində Heydər Əliyevdən hansı sözləri deməməyi xahiş edib? – HƏSƏN HƏSƏNOV YAZIR

Sentyabr 13
13:54 2021
Mən Şuşaya ilk dəfə 1967-ci il yayın sonunda, hökumət komissiyasının tərkibində gəlmişdim. Həmin komissiyaya tapşırılmışdı ki, yaxın vaxtlarda burada baş vermiş qanlı cinayətin təfərrüatını araşdırsın. Hadisə isə belə olmuşdu: 1967-ci ilin may ayında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin kəndlərinin birində azərbaycanlıya məxsus torpaq sahəsində vəhşicəsinə qətlə yetirilmiş erməni oğlanın cəsədi aşkar edilmişdi.

Həmin uşağın öldürülməsində üç nəfər azərbaycanlını təqsirləndirərək "isti izlərlə” həbs etmişdilər. Az sonra Stepanakert (Xankəndi) şəhərində açıq məhkəmə oldu. Müttəhimlərin təqsiri sübut edilmədi, ittiham isə buna əsaslanırdı ki, cəsəd onlardan birinə məxsus torpaq sahəsində tapılıb. Kifayət qədər sübut olmadığına görə, məhkəmə işi əlavə istintaqa göndərildi. Buna baxmayaraq, müttəhimləri linçləmək istəyən ermənilər onları döyüb öldürdülər, meyitləri isə yandırdılar. Elə həmin gün başlanan kortəbii mitinqlər dövlət müəssisələrinin talan edilməsi həddinə çatdı. Uzun illər keçəndən sonra həmin hadisələrlə bağlı bəzi sənədlər dərc edildi. Azərbaycan rəhbərliyinə, respublika DTK-nın sədri Heydər Əliyevə ünvanlanmış məktub bu sözlərlə qurtarırdı: "Bu il iyunun 23-dən 24-nə keçən gecə Stepanakert şəhərinin bəzi küçələrində erməni dilində yazılmış 300-ə yaxın vərəqə yayılıb, həmin vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə tələblər və millətçi xarakterli böhtan və uydurmalar var”.

Vəziyyət gərginləşməkdə davam edirdi. 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi. O, qısa müddətdə respublikada vəziyyəti sabitləşdirməyə, tezliklə siyasi həyatda və iqtisadiyyatda da sanballı uğurlara nail oldu. Bütün respublika ilə birlikdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də inkişaf edirdi. Burada yeni təhsil müəssisəsi – Pedaqoji İnstitut yaradıldı, Xankəndiyə dəmir yolu çəkildi, yeni sənaye müəssisələri yaradılır, yaşayış məntəqələri abadlaşdırılırdı. Azərbaycanın maddi rifahı Sovet İttifaqında ən yüksək sürətlə artırdı. Respublikanın sürətli inkişafından bütün Azərbaycan, o cümlədən muxtar vilayətin erməni əhalisi də bəhrələnirdi.

Bütün bu illər ərzində mən Heydər Əliyevin komandasında işləyirdim, o mənə müxtəlif sahələri tapşırırdı. 1979-cu ilin yanvarında mən Gəncə şəhərinin rəhbəri təyin edildim, 1981-ci ilin yanvarında isə, Heydər Əliyev məni Bakıya, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm, təhsil, mədəniyyət və xarici əlaqələr məsələlərinə kuratorluq edən katibi vəzifəsinə keçirdi. Elə ilk görüşümüzdə o mənim hansı məsələlər üzərində işləməli olduğumu göstərdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı, gündəlik diqqət tələb edən məsələlər ən vacib və mühüm problemlərdən idi.

Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: "Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: "Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: "Yox, sən hamısını bilmirsən”. Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: "Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.

Oxuculara xatırladıram ki, bütün bunları Kommunist Partiyasında ən yüksək vəzifələrdən birini tutan insan deyirdi. Bu həmin partiyadır ki, bizi öz tariximizi unutmağa, xüsusən gəlmə erməniləri bu ərazilərdə kütləvi şəkildə məskunlaşdırmış, torpaqlarımızı vəhşicəsinə işğal etmiş Rusiya imperiyası tərəfindən məhv edilmiş Azərbaycan xanlıqlarının tarixini unutmağa məcbur edirdi. Bu həmin partiyadır ki, Azərbaycan torpağında Azərbaycan dilinin istifadəsini açıq-aşkar məhdudlaşdırırdı. Üstəlik, bu deyilənlər Azərbaycandan ayrılmaq cəhdlərinin ara vermədiyi regiona aid idi. Desəm ki, eşitdiklərim məni heyrətləndirdi, hesab edin ki, heç nə deməmişəm. Eşitdiklərimin təsiri altında Heydər Əliyevin mənə bu cür etimadlı münasibətinə görə təsviredilməz dərəcədə qürur hissi keçirirdim.

Məqbərənin tikintisi başa çatmağa yaxınlaşırdı, abidənin açılışını yayda qeyd etmək, bunu Vaqif Poeziya Günləri ilə eyni vaxta salmaq ideyası vardı. Heydər Əliyev bu ideyaya düzəliş etdi: "Məqbərəni onu tikintisi başa çatandan dərhal sonra açacağıq, poeziya bayramını isə yayda da keçirmək olar. Məhz bu səbəbdən, məqbərə bütün Şuşanın qarla örtüldüyü vaxtda açıldı, poeziya bayramının isə yayda keçirilməsi nəzərdə tutuldu. Əslində məqbərənin açılışı Qarabağ xanlığına ehtiram əlaməti, poeziya bayramı isə Azərbaycan dilinin şərəfyab edilməsi oldu. Onları burada təsvir etməyəcəyəm, çünki bu haqda o dövrün mətbuatında oxumaq olar.

Heydər Əliyev poeziya bayramı günlərini keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbər işçiləri və yaradıcı ziyalıları ilə görüşün keçirilməsi ilə eyni vaxta saldı. Biz vilayət partiya komitəsinin binasına gəldik, həmin görüş burada keçirilməli idi. Vilayət partiya komitəsinin rəhbərinin kabinetində biz üç nəfər idik. Vilayət partiya komitəsinin birinci katibi Boris Gevorkov Heydər Əliyevə lap yaxınlaşdı və az qala pıçıltı ilə ona nə isə deməyə başladı. Heydər Əliyev ona uca səslə cavab verdi: "Xeyr, əgər kimsə bu barədə danışmağa cəhd göstərsə, mən münasibət bildirəcəm və fikrimi deyəcəm”. Gevorkov dinməzcə kabinetdən çıxdı, Heydər Əliyev isə mənə müraciətlə dedi: "O məni fikrimdən döndərmək istəyir ki, mən nəzərdə tutduğumu deməyim”. Mən məsələnin mahiyyətini bilirdim, buna görə dedim ki, Gevorkovun bu dərəcədə sadəlövh olduğunu düşünmürdüm. Hər ikimiz güldük.

Zal adamla dolu idi. Orada iştirak edən 400 nəfərin xeyli hissəsi özlərinin antiazərbaycan və separatçı cəhdlərini həyata keçirmək xatirinə hər cür provokasiyalara hazır idi. Heydər Əliyev öz çıxışında Azərbaycanda siyasi və iqtisadi vəziyyəti təsvir etdi. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində baş vermiş dəyişikliklərin güclü təsir bağışlayan mənzərəsini təqdim edərək dedi: "Biz Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində abadlıq işləri aparır, əhalinin rifahını yüksəldirik”. Bunlar o sözlər idi ki, Boris Gevorkov Heydər Əliyevi onları deməməyə razı salmaq istəyirdi. Zala tam sükut çökmüşdü.

Bu hadisələrdən az sonra Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində ən yüksək vəzifələrdən birinə irəli çəkildi. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və ölkənin siyasi rəhbərliyinin orqanı olan Siyasi Büronun üzvü kimi Moskvaya köçdü. Son 13 ildə cınqırını çıxarmağa qorxanların hamısı başlarını qaldırmağa başladılar.

Həsən Həsənov
Dövlət xadimi, diplomat, tarix elmləri doktoru.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook