SON XƏBƏR

Generalın müavinləri kimlərdir? - Deputatın qardaşı, Mehdiyevin qohumu...

Avqust 15
17:30 2022
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Dövlət Gömrük Komitəsində (DGK) keçirdiyi əməliyyatla saxlanılan "Azərterminalkompleks” Birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun müavinləri də təqaüdə göndəriləcək.
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, əsgərlərin siqaretlərini satdığına görə saxlanılan generalın müavinlərindən biri - gömrük polkovniki Nizami İbrahimov 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilən Eldar İbrahimovun qardaşıdır.

O, uzun illər Komitənin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Nizami İbrahimov bu vəzifəsindən azad edilərək, "Azərterminalkompleks”in direktor müavini təyin olunub. Onun yaxın günlərdə təqaüdə göndəriləcəyi deyilir. 

Eldar İbrahimov Qaynarinfo-ya açıqlamasında qardaşının hələ də "Azərterminalkompleks”in direktor müavini vəzifəsində çalışdığını bildirib: "Qardaşım təqaüdə çıxmayıb. Belə bir şey olsaydı, birinci mənim xəbərim olardı”. 

Generalın həbsindən dərhal sonra direktor vəzifəsinin müvəqqəti icra etməyə başlayan gömrük polkovniki Hüseyn Məsumov da bu gün məzuniyyətə göndərilib. Onun məzuniyyətindən sonra təqaüdə göndəriləcəyi istisna edilmir. 

Gömrük polkovniki Dilavər Mehdiyev də "Azərterminalkompleks”in direktor müavinidir. O da uzun illər Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük general-polkovniki Səfər Mehdiyevin yaxın qohumu olduğu deyilir. Onun da yaxın günlərdə vəzifəsindən azad olunacağı istisna edilmir.

 

Dilavər Mehdiyev

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun müvafiq əmri ilə general-mayor Kənan Aşurlu "Azərterminalkompleks” Birliyinin direktor müavini təyin edilib və direktor vəzifəsinin müvəqqəti icrası ona tapşırılıb. Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook