SON XƏBƏR

Fazil Mustafanın fikrinə ekspert rəyi

Avqust 05
09:59 2021
"Təhsil Nazirliyi savadlı müəllimlərə qarşı yürüşə başlayıb” fikri ilə razı deyiləm. Həqiqətdə belə bir şey görmürük”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Milli Məclisin deputatı Fazil Mustafanın ölkədə təcrübəli müəllimlərin təmizləmə əməliyyatının aparılması ilə bağlı fikirinə münasibətində deyib. Onun sözlərinə görə, hazırda MİQ imtahanında kütləvi şəkildə iştirak olduğuna görə Təhsil Nazirliyi daha hazırlıqlı müəllimləri şeçməyə çalışır:

"2021-ci ilin iyulun 8-dən etibarən Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbul qaydaları istər ictimaiyyətdə, istərsə də müəllimlər və təhsil sistemində olan insanlar arasında müzakirələrə səbəb olub. Mən Milli Məclisin deputatının fikiri ilə razı deyiləm ki, Təhsil Nazirliyi müəllimlərə qarşı kampaniyaya başlayıb. Belə deyil. 2009-cu ildə müəllimlərin işə qəbul imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 2013-cü ildən etibarən müəllimlərin işə qəbulu tamamilə təkmilləşib və proses şəffafdır. Müəllimlərin işə qəbul imtahanı ölkədə buraxılış və qəbul imtahanlarından sonra ən böyük imtahandır. Burada ən azı ildə 60 min iştirakçı olur və hər il 9 minə yaxın şəxs hansısa məmuru görmədən öz bilik və bacarıqları ilə işə qəbul edilib. Bundan sonra Təhsil Nazirliyi savadlı müəllimlərə qarşı bir yürüş təşkil edib, kampaniya həyata keçirir, deməsi yalnış olar. Proses sadəcə çətindir. Burada daha savadlı müəllimlər seçilirlər. Azərbaycanda təhsil siyasətini həyata keçirən qurum Təhsil Nazirliyidir. Təhsil Nazirliyi çalışır ki, orta məktəblərdə keyfiyyətin daha da yüksəldilməsi, bacarıqlı müəllimlərin seçilməsi üçün mütləq ən yaxşıları seçin. Proses iştirakçılarının böyük hissəsi builki suallardan çətinlik çəkdilər. Biz bu il nəyi müşahidə elədik? Hər il bir-birini təkrarlayan suallar düşürdü. Amma Təhsil Nazirliyi bu il sual və test bankını tamamilə dəyişib. Hər il orta məktəbdə müəllim işləmək üçün MİQ imtahanına girənlər orta məktəbin Dövlət İmtahan Mərkəzinin testi ilə hazırlaşırdılar və material olaraq orta məktəbin proqramını oxuyurdular. Düzdür, testlər yenə də orta məktəb kitablarından düşüb, amma testlərin məzmunu tamamilə dəyişib. Hər kəs elə bilirdi ki, abituriyent səviyyəsində hazırlaşmaqla orta məktəbə müəllim ola bilər. İndiyə kimi keçirilən imtahanlarda biz görürdük ki, abituriyent səviyyəsində hazırlıq olur. Amma bu il müəllimlərin işə qəbul imtahanındakı suallarda daha çox düşündürücü, problemli situasiyadan çıxışı özündə əks etdirən suallar idi ki, MİQ imtahanlarına hazırlaşanlar da bundan narazı idilər. Bu gün Təhsil Nazirliyi çalışır ki, daha savadlı, daha bilikli insanlar obyektiv və şəffaf yollarla orta məktəblərə işləməyə cəlb edilsinlər. Bu, kifayət qədər ədalətlidir”. 
 
Ekspert onu da bildirib ki, bu gün 4447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır:

"Çox təəssüf ki, onların arasında diplomu dövlət nümunəli olmayanlar və MİQ-dən kənar işə qəbul edilənlər də var. Təhsil Nazirliyi çalışır ki, daha layiqli şəxslər prosesə cəlb edilsinlər. Heç bir savadlı müəllim bu prosesdən əziyyət çəkə bilməz. Müəllim ixtisaslı mütəxəsisdir, ixtisasını bilir və mütləq şəkildə öz ixtisasından imtahan verməkdən çəkinməməlidir. Məsələn, tarix müəlliminə biologiyadan, biologiya müəlliminə isə idmandan sual verilmir. Bütün verilən suallar, test tapşırıqlarının hər biri həmin şəxsin ixtisasına və fəaliyyətinə aid olan suallardır. İndiyə kimi müəllimlər yalnız kütləvi şəkildə 2014-2017-ci illərdə diaqnostik imtahanlara cəlb ediliblər. Burada da nəticəyə uyğun olaraq dərs saatı və ona münasib əmək haqqı alıblar”.

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa ölkədə təcrübəli müəllimləri təmizləmə əməliyyatının aparıldığını deyib. "Təhsil yalnız bilik vermir, həm də təlimi özündə ehtiva edir. Təbii ki, gənc müəllimlər üçün imkan yaradılmalıdır, yol açılmalıdır, ancaq bunu təcrübəli müəllimlərin sıradan çıxarılması hesabına etmək ən azı məsuliyyətsizlikdir. Üstəlik də müəllimlərin dərs keçmə sərbəstliyini əllərindən alırlar. Ədalətsizlik də öz yerində, üzülüşmək istədiklərini 65 yaş tamam olan kimi təcrübəsinə, qabiliyyətinə baxmadan, vəzifədən yola salırlar, dostlarının isə yaş məhdudiyyətini görməzdən gəlirlər”, - deputat vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook