SON XƏBƏR

Ermənilərə Xocavənd qulaqburması - Tarix təkrarlanacaqmı?

Avqust 08
10:09 2016
1991-ci ilin sonlarında Dağlıq Qarabağda vəziyyət get-gedə çətinləşir, erməni silahlı birləşmələrinin hücumları daha intensiv xarakter alırdı. Xankəndi ilə Xocavənd (keçmiş Martuni) şəhərini birləşdirən magistral yolun üzərində, olduqca strateji əhəmiyyətə malik ərazidə yerləşən Xocavənd rayonunun Qaradağlı kəndində də vəziyyət günbəgün ağırlaşırdı və 19 noyabr 1991-ci ildə rayonun eyni adlı  Xocavənd kəndi ermənilər tərəfindən işğal olunduqdan sonra Qaradağlı tamamilə mühasirə vəziyyətinə düşdü. Artıq kəndlə əlaqə yalnız vertolyotlar vasitəsilə mümkün idi. Erməni hərbi qüvvələrinin aktif yerdəyişmələrinə, sonrakı işğalçılıq fəaliyyətlərinin genişləndirməsinə böyük maneə olan və ən əsası əhalisinin döyüşlərdə kifayət qədər təcrübə toplamış olduğu Qaradağlı kəndinin götürülməsi ermənilər üçün həyati məsələ idi.
 
1992-ci il yanvar ayının 11-də ermənilərin Qaradağlıya hücum edəcəyi barədə məlumat əldə olunur. Həmin dövrdə milli ordunun bir neçə əsgəri istisna olmaqla Qaradağlı kəndinə heç bir yerdən kömək yox idi. Qaradağlı kəndinə hücum edəcək erməni silahlı birləşmələrinin diqqətini əsas hədəfdən yayındırmaq və kəndin mudafiəcilərinə dəstək vermək məqsədi ilə təcili tədbir görülməsi planlaşdırılır.  
 
Bununla bağlı Muğanlı kənd sovetliyinin Muğanlı kənd mədəniyyət evində yerləşən iş otağında toplantı keçirilir. Bu toplantıda həmin dövrdə Muğanlı kənd sovetinin sədri vəzifəsində çalişan Eyvaz Hüseynov (Hazırda Xocavənd rayon İcra Hakimiyyətinin başçısıdır), həmin dövrdə Xocavənd Ərazi İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Rəhman Rəhmanov (hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron rayonu üzrə nümayəndəsidir), yenə həmin  dövrdə Xocavənd Polis Bölməsinin rəisi işləmiş, hazırda təqaüddə olan mayor Ələkbər Məmmədov, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, həmin dövrdə ərazinin komendantı olan mayor Mübariz Atakişiyev (sonralar Bərdə Polis Şöbəsində işləyib, hazırda təqaüddədir) və Qaradağlı kənd sakini Ələsgər Hüseynov (vəfat edib)  iştirak edirdilər.        

Toplantıda düşmən quvvələrinin diqqətini yayındırmaq üçün keçmiş Martuni şəhərinə hücum əməliyyatının keçirilməsi qərara alındı. Həmin dövrdə Dağlıq Qarabağın digər kəndlərində olduğu kimi Muğanlı kəndində də özünümüdafiə dəstəsi yaradılmışdı. Silahı az olsa da, müdafiə dəstəsi çox yaxşı təşkil olunmuşdu və mütəmadi təlimlər keçirilirdi. Bu da sonrakı döyüşlərdə döyüşçülər üçün çox vacib idi. Artıq 100 mm doludağıdan top və mərmiləri də əldə olunmuşdu.
 
Həmin top Qaraçuğ dağ silsiləsinin Kəmərqaya adlanan yüksəkliyinin yaxınlığında, "Daşpartladılan” adlanan ərazidə yerləşdirilmişdi ki, bu da  Xocavənd (keçmiş Martuni) şəhərində və ətraf ərazidə olan düşmən mövqelərini atəş altında saxlamağa imkanı verirdi. Əməliyyat planına uyğun olaraq Muğanlı özünümüdafiə qüvvələrinin "Qağarza fermaları” deyilən ərazidən, Əmirallar kəndində olan qüvvələrin isə "Qonaq evi” və Çörək zavodu istiqamətindən rayon mərkəzinə hücum etməsi planlaşdırıldı.
 
Həmin dövrdə Muğanlı özünümüdafiə dəstəsində az sayda "Kalaşnikov” avtomatları var idi. Döyüşçülər  saat 8 radələrində əvvəlcədən nəzərdə tutulmuş əraziyə gələrək "Qağarza fermaları” deyilən sahədəki yüksəklikdə mövqe tutur və dərhal  erməni qüvvələrinin diqqətini yayındırmaq və bununla da digər istiqamətdən qüvvələrimizin irəliləməsinə şərait yaratmaq məqsədi ilə ermənilərlə döyüşə girirlər. Qisa müddətli döyuşdən sonra  İbad Hüseynov, Müşfiq Hüseynov, Aslan Quliyev, Adil Quliyev və Elxan Namazova  rayon mərkəzinin girişindəki postu ələ keçirmək  tapşırığı verilir. Həmin postu götürəndən sonra digər qüvvələr də irəliləmək imkanı qazanırlar. Daha sonra Kalinin adına kolxozun "Qaraj” adlandırılan maşın-traktor parkı istiqamətindən hücuma keçərək ermənilərin geri çəkilməsinə nail olunur. Bir neçə saat davam edən döyüşlərdən sonra böyük bir ərazidə düşmənin müdafiə xəttini yarıb onu xeyli geri oturtmaqla yanaşı, əsas məqsədə, düşmənin öz silahlı qüvvələrini Qaradağlıdan geri çəkməsinə nail olunur. Əməliyyat yerinə yetirilmişdi.
 
Həmin gün Əmirallar kəndindən Rəhmanov Hüsən, Balakişiyev Cəmil, Baslakişiyev Eyvaz və digərləri, Kuropatkin kənd sakinləri Quliyev Ələddin, Məmmədov Nadir, Quliyev Aqil, Hüseynov Arif və digərləri, eyni zamanda həmin vaxt Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Atamoğlan Məmmədlinin (hazırda Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə üzrə elmlər doktorudur) rəhbərliyi ilə Kuropatkin kəndinin müdafiəsinə gəlmiş ali məktəb tələbələri döyüşçülərin köməyinə çatırlar. Onlardan fizika-riyaziyyat fakültəsinin Şahin adlı tələbəsi döyüşdə qolundan güllə yarası alır və ilk tibbi yardımdan sonra Ağdam şəhər xəstəxanasına göndərilir.
 
Bu əməliyyatdan bir neçə gün sonra , 1992-ci il yanvar ayının 16-da yenidən məlumat verilir ki, Qaradağlı kəndinin ətrafına çoxlu erməni silahlı birləşmələri cəmləşməkdədir. Erməni qüvvələrinin diqqətini yayındırmaq və kəndin müdafiəçilərinə dəstək vermək məqsədilə yenə də Muğanlı kəndində Eyvaz Hüseynov, Rəhman Rəhmanov, Ələsgər Hüseynov, Ələkbər Məmmədov, Mübariz Atakişiyev və Ağdamdan köməyə gələcək qüvvələrə bələdçilik edəcək qeyrətli və mərd insan,  beyləqanlı Məmmədyar kişinin (ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub) iştirakı ilə təcili toplantı keçirildi. Yanvar ayının 11- dəki plana uyğun olaraq hücum əməliyyatının həyata keçirilməsi  qərara alındı.

Tapşırığa uyğun olaraq döyüşə gedəcək Muğanlı kəndindən olan doyüşçülərdən 3 nəfərin (Quliyev Bariz, Kərimov Sabir və Səfərov Nizami) keçmiş Martunidən Muğanlıya gələn yolun üzərində qurulmuş abidənin əks tərəfində yerləşən təpənin üzərində mövqe tutmaları təmin edilir. Bunda da əsas məqsəd erməni mövqelərindən Muğanlıya ola biləcək mümkün hücumların qarşısını müəyyən bir zaman ərzində saxlamaq idi. Silah və sursatın az olması səbəbindən yeganə variant yalnız bundan ibarət idi. Lakin bu hücum əməliyyatında demək olar ki, Muğanlı kəndinin bütün sakinləri iştirak etməkdə israrlı idilər və müxtəlif ov tüfəngləri, balta və bu kimi silahlarla silahlanmış, hətta əlində cəmi bir qumbara olan adamları geri qaytarmaq mümkün olmur və onların əksəriyyəti sözün həqiqi mənasında əliyalın olsalar da, döyüşün ən qızğın yerində idilər.  
 
Plana uyğun olaraq döyüşçülər "Qağarza fermaları” adlanan ərazidəki yüksəklikdə döyüş mövqeyi tuturlar.
 
Axşam saatlarından isə İlyas Hüseynov Kəmərqaya yaxınlığında qurulmuş topdan Xocavənd şəhərində və ətrafda olan erməni mövqelərinə sərrast atəşlərlə zərbələr endirməklə döyüşən qüvvələrə güclü atəş dəstəyi verirdi. Tapşırığa uyğun olaraq ilk növbədə İbad Hüseynov, Müşfiq Hüseynov, Elxan Namazov və Səxavət Quliyevdən (1992-ci il avqustun 18-də "Plotəpə” uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu) ibarət dəstə Əmirallara gedən yolun üstündəki erməni postunu ələ keçirdikdən sonra, əsas qüvvələr də irəliləmək imkanı əldə etdi.  
 
Növbəti hədəf ermənilərin ciddi müqavimət göstərdiyi və əsas qüvvələrinin cəmləşdiyi "Qaraj” deyilən maşın-traktor parkı idi ki, qısa döyüşlərdən sonra erməniləri itkilər verərək bu mövqelərdən geri çəkilməyə məcbur edildilər.
 
Rayon mərkəzinə doğru  irəliləyən dəstə Un dəyirmanı deyilən yerdə düşmənin ciddi müqaviməti ilə üzləşdi. İbad və Müşfiq Hüseynovlara həmin dəyirmandakı atəş nöqtələrini məhv etmək tapşırığı verildi. İbad və Müşfiq sürünərək binanın bir neçə addımlığına qədər yaxınlaşdılar və bir-birinin ardınca atdıqları əl qumbaraları ilə binadakı atəş nöqtələrini susdurdular. Artıq döyüşlər "Xaç ev” adlanan yeməkxana binasının yaxınlığında davam edirdi. Bir neçə uğurlu həmlə ilə erməniləri həmin binadan da vurub çıxarmaq mümkün olur.  
 
Növbəti və ən vacib məntəqələrdən biri, erməni silahlılarının qərargahının yerləşdiyi keçmiş Kalinin adına kolxozun idarə binası idi.Burada onların silah –sursat hazirlayan emalatxanasida fəaliyyət göstərirdi. Olduqca strateji əhəmiyyəti olan bu binada və ətrafındakı yüksəkliklərdə çoxlu sayda erməni qüvvələri cəmləşmişdi. İdarə binasının 70-80 santimetr hündürlüyündə olan hasarının arxasında çoxlu sayda erməni döyüşçüləri mövqe tutmuşdu və gecə olduğu üçün onların dəqiq yerini müəyyənləşdirmək məqsədilə Elxan Namazovun  atdığı fişəngin parlaq işığında ermənilər və onların mövqeləri aydın şəkildə göründü.
İbadın, Müşfiqin, Səxavətin və Elxanın sərrast atəşləri nəticəsində erməni silahlıları qaçaraq binanın içərisinə girməyə məcbur olurlar. Bir xeyli atışmadan sonra Əbülfət Hüseynov, Rafiq Mustafayev, Yasin Rəhmanov, Ələddin Quliyev və İrhan Tahirov da köməyə gəlirlər. Bu zaman binanın arxasında  ermənilərə məxsus ZTR işə düşür və binanın baş tərəfinə gələrək atəş açmağa başlayır. Zirehli texnikanı məhv etmək üçün demək olar ki, heç bir silah yox idi. Buna baxmayaraq həmin zirehli texnikaya mümkün qədər çox yaxınlaşmağa müvəffəq olan İbad, Müşfiq, Səxavət, İrhan və Elxanın atdığı əl qumbaralarının partlaması nəticəsində zirehli texnika sıradan çıxır və qısa müddət ərzində idarə binası və binanın sağındakı yüksəkliklərdə yerləşən erməni mövqeləri ələ keçirilir. Bu müddət ərzində digər döyüşçülər "Avtobaza” və "Raypo” deyilən istiqamətdən böyük bir ərazidə erməniləri geri oturtmağa nail olmuşdular.  
Fasiləsiz–gözlənildiyindən daha çox davam edən döyüşün gedişində patronlar tükənməyə başladı. Namazov Elçin və İsmayilov Arifi geriyə, Muğanlı kəndinə patron dalınca göndərilir. Uzun müddət Əmirallar kənd icra nümayəndəsi vəzifəsində işləmiş Hüsən Rəhmanovun gətirdiyi iki "sink” patron da çox yerinə düşmüşdü.  
 
Həmin vaxt Əmirallar kəndindən Rəhman Rəhmanov, Cəmil Balakişiyev, Fərnad Bəhrəmov, Hüsən Rəhmanov, Abuzər Mustafayev, Əvəz Mirzəyev, Eyvaz Balakişiyev və başqaları, Kuropatkin kənd sakinləri Quliyev Ələddin, Məmmədov Nadir, Quliyev Aqil, Hüseynov Arif, Məmmədov Sərdar, Məmmədov Vüqar, Məmmədov Bəxtiyar və digərləri  köməyə gələrək döyüş əməliyyatına qoşuldular. "Elektroset” adlanan istiqamətdən isə Əmirallar kənd sakini Qurbanov Muradın başçılığı ilə bir dəstə rayon mərkəzi istiqamətində döyüşlər aparırdılar.
 
Əməliyyatın gedişində məlumat əldə olundu ki, artıq ermənilər öz qüvvələrini Qaradağlı kəndinin ətrafından geri çəkərək bütün qüvvələrini Martuni şəhərinə doğru yönəldirlər. Artıq döyüşün gedişində hiss olunurdu ki, ermənilərin qüvvəsi sanki birdən-birə xeyli artır və döyüşçülərimizin mühasirəyə düşmək təhlükəsi yaranmışdı. Geri çəkilmək barədə verilən əmrdən sonra döyüşçülər döyüşə-döyüşə öz mövqelərinə qayıtmağa başlayırlar.
 
Əvvəlcədən qeyd olunduğu kimi qüvvələr nisbəti qeyri-bərabər idi və azsaylı qüvvə ilə Xocavənddə ermənilərdən təmizlənmiş mövqeləri uzun müddət əldə saxlamaq mümkün deyildi. Əməliyyat planında nəzərdə tutulmuş bütün qüvvələrin döyüşdə iştirak edə bilməməsi də əməliyyatın sonrakı inkişafına öz mənfi təsirini göstərdi. Həmin döyüşdə Muğanlı kəndindən Hüseynov Əbülfət, Hüseynov Müşfiq, Hüseynov İbad, Abbasov Ədalət, Tahirov İrhan, Quliyev Səxavət, Namazov Elxan, İmanov Şakir, Zeynalov Amil, İsmayılov Avas, Məhərrəmov Qabil, Məhərrəmov Mayil, Hüseynov Maarif, Həsənov Sahib, Həsənov Mütalib, Hüseynov Etibar, Həsənov İbrahim, Əliyev Müzəffər, Əsgərov Əli, Namazov Elçin, İsmayılov Arif, İsmayılov Talıb və başqaları iştirak edirdilər.  
 
Səhər saatlarına kimi davam edən döyüşdə xoşbəxtlikdən itkilər olmasa da, Hüseynov Müşfiq qarın nahiyəsindən, Rafiq Mustafayev başından, Xocavənd poçtunun sabiq müdiri Mail Məhərrəmov (rəhmətə gedib) aşağı ətraflarından, Qurbanov Murad əlindən, BDU-nun riyaziyyat fakültəsinin tələbəsi Şahin qolundan, Əmirallar kəndinin müdafiəsində dayanan, hazırda Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini olan Rəfail Mustafayev ayağından güllə yarası aldılar.
 
Həmin gün Əmirallar kəndində olan və hazırda Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışan Nurəngiz Bəşirova yaralıların qəbul edilməsi və ilk təcili tibbi yardımdan sonra Ağdam rayon mərkəzi xəstəxanasına göndərilmələrini təmin edirdi. Hər iki əməliyyatin hazırlanmasina və həyata keçirilməsinə Eyvaz Huseynov rəhbərlik etmişdir.  
 
Həyata keçirilmiş döyüş əməliyyatını isə uğurlu saymaq olardı. Çünki, əsas məqsədə nail olunmuşdu. 1992-ci ilin yanvar ayının 11 və 16-da Xocavənd (Martuni) şəhərinə olan hücum son dərəcə mütəşəkkil, təşkil olunmuş, sürətli və gözlənilməz idi.
 
Hətta bunu ermənilər, xüsusilə həmin dövrdə Martunidə yerləşən erməni silahlı birləşmələrinin qərargah rəisi Saro Yeremyan da etiraf edir. Saro Yeremyan öz müsahibəsində bildirir: "12 və 16 yanvar tarixlərində dişinə kimi silahlanmış Azərbaycan ordusunun Martuni istiqamətində həyata keçirdiyi geniş miqyaslı hücum əməliyyatlarının qarşısı bizim tərəfimizdən alındı və qaçmağa başlayan Azərbaycan ordusu öz silah və sursatları ilə yanaşı hərbi texnikalarını da döyüş mövqelərində atıb gedirdilər”.(http://karabakh-news.com/8256-saro-eremyan-ya-byl-ryadom-s-monte-melkonyanom-v-moment-ego-gibeli.html)          
Əlbəttə, bizim qüvvələr qaçmamışdılar və həmin hücum əməliyyatlarında azərbaycanlılarda külli miqdarda silah və sursatın, çoxlu sayda canlı qüvvənin, ən əsası isə hərbi texnikanın olması iddiaları Saro Yeremyanın uydurmalarıdır. Çünki həmin dövrdə istifadəmizdə nəinki hərbi texnika, hətta kifayət qədər adi "Kalaşnikov” avtomatları belə yox idi. Əksinə, ermənilər bu döyüşlərdə bir ədəd ZTR və xeyli sayda canlı qüvvə itirmişdilər.  
 
Allah bütün ŞƏHİDlərimizə rəhmət eləsin!    

(Moderator.az Ayxan Sadiq)








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook