SON XƏBƏR

"Ən dinamik cameə ədəbiyyat, ən dinamik qurum isə Azərbaycan Yazıçılar Birliyidir" - Elçin Hüseynbəyli

İyun 30
14:14 2022
Ötən ilin avqustunda cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şuşada Molla Pənah Vaqifin erməni vandalları tərəfindən dağıdılmış məqbərəsinin bərpa olunduqdan sonra açılış mərasimində iştirak etdilər. Məqbərənin açılışı ənənəvi Vaqif Poeziya Günlərinə təsadüf etdi. Mərasimdə iştirak edən Xalq yazıçısı Anar cənab Prezidentə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayını oktyabr ayında Şuşada keçirmək istədiklərini dedi. Cənab Prezident də təklifə müsbət yanaşdı.

Razılığını bildirdi. O gündən sonra AYB-nin növbəti qurultayının Şuşada keçiriləcəyi ehtimalı, bir növ kəsinləşdi. Lakin xalq yazıçısı bu günlərdə verdiyi açıqlamada qurultayın Şuşada keçirilməyəcəyini deyib. Səbəb kimi də Şuşada qurultayın keçirilməsi, iştirakçıların və qonaqların yerləşməsi üçün uyğun məkanın olmamasını göstərib: "Ona görə də qurultayın məkanını dəyişmişik. Qurultayın sentyabr ayında ya Bakıda, ya da Şabranda yeni inşa olunan Yaradıcılıq Evində keçirilməsi planlaşdırılır. Çünki avqust ayında həmin evin hazır olması gözlənilir”. AYB sədri söyləyib ki, Şuşada yalnız Vaqif Poeziya Günləri keçiriləcək. ("Report.az”).

AYB-nin qurultayının dəqiq vaxtı hələ məlum deyil. AYB sədrinin dediklərinə istinad etsək, qurultayın sentyabr ayında keçirilməsi gözlənilir. Vaxt az qalıb. Lakin bəzi yazarlar bu fikirdədir ki, qurultaya az qalmasına baxmayaraq ədəbiyyat cameəsində susqunluq, hətta süstlük var. Bu mənada ki "onsuz da hər şey planlaşdırılıb, sədr də bəllidir. Maraqlı proseslər getmir...". Bəlkə hələ yaydır, istilər yazarları da həvəsdən salıb, bəlkə payıza yaxın ədəbi mühitdə bir canlanma yarandı. Nə bilmək olar… DİA.AZ xəbər verir ki, əməkdar İncəsənət Xadimi, AYB katibi, yazıçı Elçin Hüseynbəyli "Şərq”ə açıqlamasında AYB-nin qurultayının bu il ərzində keçirilməsinin nəzərdə tutulduğunu dedi:

- Qarşıdakı aylarda həm də Beynəlxalq Vaqif Poeziya Günləri, avqustda isə Natəvanın Şuşada yubiley tədbirləri nəzərdə tutulur. Bunların hamısını uzlaşdırmaq lazımdır. Qurultay öncəsi məruzələr dinlənilib, kitab da çapa hazırdır. Əksinə, ədəbiyyatımızda çox maraqlı proseslər gedir. Əsərlər yazılır, tədbirlər keçirilir. Ən dinamik cameə ədəbiyyat, ən dinamik qurum isə Azərbaycan Yazıçılar Birliyidir. Kimsə bütün bunları görmürsə, onun problemidir. O ki qaldı sədr seçiminə, təşkilatımız demokratik qurumdur və hər bir qurultay nümayəndəsi sədrliyə namizədliyini irəli sürə bilər. Biz də kimə istəsək, ona da səs verəcəyik.

Qurultayın niyə Şuşada keçirilməməsinə gəlincə, E.Hüseynbəyli "bəli, qurultayın Şuşada keçirilməsi nəzərdə tutulurdu. Amma orda konfrans zalı, deyəsən, hələ hazır deyil. Ona görə də məkan, güman ki, dəyişəcək”, söylədi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook