SON XƏBƏR

Eldar Quliyev vəfat etdi

Aprel 16
13:43 2021
Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Bu barədə məlumatı aprelin 16-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev verib.

O bildirib ki, Xalq artisti bu gün səhər radələrində dünyasını dəyişib.

Mərhumun harada dəfn olunacağı hələlik məlum deyil.

Eldar Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmış, amma vəziyyəti ağırlaşdığı üçün aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.

1941-ci ildə Bakıda anadan olan Eldar Quliyev 1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildə "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Tanınmış bədii və sənədli filmlərin müəllifidir.

O, 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkib.

"Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya, "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Eldar Quliyev bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook