SON XƏBƏR

Ekspert: "Testləri hazırlamaq səlahiyyəti DİM-dən alınmalıdır"

Avqust 19
12:02 2022
"Bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfərin 0-150 arası bal toplamasını iki amillə izah etmək olar. Birincisi, sualların çətinlik səviyyəsinin yuxarı olması, ikincisi, tədrisin vəziyyətinin qənaətbəxş olmaması ilə. Çox təəssüfləndirci mənzərədir”.

Bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert bildirib ki, ali məktəblərə qəbul imtahanlarında sualların çətin olması abituriyentlərin yüksək nəticə göstərməsinə mane olur. Bu səbəbdən də testləri hazırlama səlahiyyəti Dövlət İmtahan Mərkəzindən alınmalıdır:

"Test hazırlamaq, vəsait buraxmaq və xüsusi proqramla fəaliyyət göstərmək səlahiyyətləri DİM-dən alınmalıdır. DİM yalnız imtahanı keçirən texniki qurum olmalıdır. DİM qiymətləndirməni həyata keçirən orqandan, hazır testlər əsasında imtahanı həyata keçirən quruma çevrilməlidir. Biz DİM-ə həddindən artıq səlahiyyət vermişik. Testologiya mərkəzi və ya institutu yaradılmalı, sualların tərtibi məsələsinə məhz həmin qurum nəzarət etməlidir. Bu institut ya Prezident, ya da Nazirlər Kabineti yanında fəaliyyət göstərməlidir. Ona müəyyən səlahiyyətlər verilməli, qurum Təhsil Nazirliyi ilə birgə vaxtaşırı monitorinqlər keçirməlidir. Həmin monitorinqlərin nəticələri təhlil edilməli və abituriyentlərin real bilik və bacarıqlarının ümumi səviyyəsinə uyğun suallar hazırlanmalıdır. ​ Bunu qısa bir zamanda reallaşdırmaq mümkündür. Belə olarsa, hazırkı problemlər aradan qalxacaq”.

Elşən Qafarovun sözlərinə görə, məktəblərdə təhsil mühiti tamamilə aradan qalxıb:

"Bu da nəticələrin ildən-ilə aşağı düşməsinə səbəb olur. Ümumilikdə təhsil elə bir sahədir ki, kompleks yanaşma tələb edir. Görüləcək tədbirlər bir-birini tamamlamalıdır. Yalnız bu zaman biz yaranmış vəziyyəti aradan qaldıra və müəyyən nəticələr əldə edə bilərik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook