SON XƏBƏR

“Dövlət bütün şəkərli diabet xəstələrinin ehtiyaclarını qarşılaya bilməz” – Baş endokrinoloq

Fevral 02
09:18 2021
Azərbaycanda qeydiyyata alınan şəkərli diabet xəstələri ehtiyac duyduqları dərmanları dövlət hesabına alırlar. Ancaq bir çoxları onları əldə etmək üçün hər ay böyük növbələrdə dayanmaq məcburiyyətində qaldıqlarından şikayətlənirlər.

Məsələn, sosial şəbəkələrdə Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinin (MDM) qarşısında dərman üçün dayanan bir çox xəstənin toplandığını göstərən görüntülər yayılıb. Xəstələr əvvəlcədən növbəyə yazılmaqla və ya başqa bir formada xidmət göstərmək lazım olduğunu bildirirlər.

Cəlilabad MDM-dən isə bildirilib ki, bölgədə, təxminən 4 min şəkərli diabet xəstəsi var və hər ayın son həftəsində onlara dərmanlar verilir: "Hazırda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında koronavirus xəstələri müalicə olunduğuna görə, əhaliyə dərmanlar Müalicə və Diaqnostika Mərkəzində verilir. Dərmanlarını hər ayın son həftəsində ala biləcəkləri barədə onlara əvvəlcədən məlumat verilir. Reseptlər əvvəlcədən yazılıb apteklərə göndərilir. İnsanlar qurumun qarşısındakı növbəyə özləri əməl etməlidirlər”.

Lakin, təkcə bölgələr deyil, paytaxt sakinləri də eyni problemdən əziyyət çəkirlər. Onların sözlərinə görə, bu problemin pandemiya ilə heç bir əlaqəsi yoxdur, bundan əvvəl də insanlar dərman almaq üçün növbə gözləyirdilər, indi də.

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən ölkənin baş endokrinoloqu Babək Salek də Cəlilabadda dərman verilməsində yaranan növbələrdən xəbərdardır: "Xəstələrin dərman üçün eyni gündə deyil, fərqli gündə gəlmələri məsələnin həlli olardı. Məsələn, poliklinikada 2 min şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Bu sayı iş günlərinə bölmək və terapevtləri cəlb etmək lazımdır. Bu, növbələrdən qaçmağa, həyəcanı azaltmağa kömək edəcək”.

"Respublika Endokrinoloji Mərkəzdə işi necə tənzimləyirəm? Bakıda yaşayan 850 şəkərli diabetli uşaq bizim qeydiyyatımızdadır. Hər bir həkim xəstələri ilə əlaqə qurur və onlara dərmanı hansı tarixdə alacağını söyləyir. Və fərqli günlərdə kiçik qruplar halında gəlirlər. Sərt karantin rejiminin tətbiqi zamanı uşaqlara dəfələrlə gəlməmələri üçün 2-3 ayın insulin normasını birdəfəyə payladıq”, - həmsöhbətimiz bildirib.

Salekin sözlərinə görə, pandemiyadan əvvəl də daimi dərman alan diabet xəstələrinə bir dəfəyə 2-3 ayın dərmanı verilə bilirdi: "İndi uzaqda yaşayan xəstələr dərmanlarını almaq üçün hər ay buraya gəlir və yolda pul xərcləmək məcburiyyətində qalırlar. İnsulini qəbul edənlərin bir dəfəyə iki aylıq dərmanının verilməsi ilə bağlı təklif qəbul edilməsi üçün nəzərdən keçirilir. Bu məsələ ilə bağlı Hesablama Palatasına və Nazirlər Kabinetinə bir məktub göndərilib”.

"Nədənsə, bir çox xəstə dərmanın hamıya çatmayacağına əmindir, odur ki, növbələr yaranır. Əslində, bu, belə deyil. 2000-ci illərdə dərman həbləri və insulinin həqiqətən çatmadığı bir vaxtlar var idi. İndi hər ikisi lazımi miqdarda təhciz olunur. Nazirlər Kabinetinin fərmanına görə, bir xəstəyə gündə iki həb (ayda 60 həb) verilməlidir. Ancaq bu da səhvdir, çünki fərqli həblərin milliqramı da fərqlidir. Bu sxemin dəyişdirilməsinə ehtiyac var”, - baş endokrinoloq vurğulayıb.

İnsulinə gəldikdə, mütəxəssis qeyd edib ki, qanuna görə, bir xəstəyə 40 vahiddən çox insulin təyin edilə bilməz: "Ancaq 60 vahid alan xəstələr də var, 20 vahidə ehtiyacı olanlar da. İndi həkim 40 vahiddən çox resept yaza bilmir və bu, kökündən səhv bir qərardır”.

Salek, Azərbaycanda şəkərli diabet xəstələri üçün çox şey edildiyini söyləyib: "Azərbaycan diabetli uşaqlara pulsuz "Tresiba” insulini verildiyi MDB-də və bəlkə də dünyada yeganə ölkədir. ABŞ-da belə bir praktika yoxdur, orada belə dərman yalnız müvafiq tibbi sığortası olanlara verilir. Heydər Əliyev Fondu sayəsində keçən ildən bəri uşaqlar üçün "Tresiba” ala bilirik. 300 vahid bir ampulanın qiyməti 52 manatdır. Uşaqlara ayda 2-3 qələm və 3-4 "Novorapid” qələm lazımdır. Yəni dövlət bir uşağa ayda 250-300 manat xərcləyir. Əvvəllər uşaqlara bir il boyunca iki qutu test zolağı verilirdi (ildə 50 test), indi ayda hər uşaq 25 test alır”.

"Əlbəttə ki, dövlət bütün şəkərli diabet xəstələrini ehtiyac duyduğu hər şeylə təmin edə bilməz, ancaq diabetli uşaqlara sosial yardım verilir ki, valideynləri əksik olanları ala bilsinlər. Böyük xəstələr çatışmayan şeyləri öz hesabına satın almalıdırlar. Dövlət, onsuz da belə xəstələrə çox şeylə kömək edir, amma bəziləri, nədənsə dövlətin onları tam təmin etməli olduğunu söyləyirlər”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook