Deputat: Azərbaycan hətta “Green card”a da məhdudiyyət qoya bilər
Sentyabr 21
10:08
2022
"ABŞ-ın siyasi dairələrinin rəhbərləri Azərbaycan haqqında uydurulmuş müəyyən faktlar söyləyirlərsə, Azərbaycanın milli maraqlarına zidd hərəkətlərə yol verirlərsə, Azərbaycan da müəyyən qədər əlində olan təsir imkanlarından istifadə etməlidir. Əlbəttə, əlimizdə nə imkan var, bundan istifadə etməli, etirazımızı bildirməliyik.
Hətta "Green card”a da məhdudiyyət qoyula bilər. Azərbaycan Prezidenti, dövləti bu tədbirləri məqbul bilirsə, mütləq olunmalıdır. Vətəndaş kimi mən də tərəfdarıyam. Çünki bu, bizim etirazımızın ifadəsidir. Dünyaya haqq səsimizi çatdırmaq istəyirik ki, baxın, görün, bunlar Azərbaycanın milli maraqlarına, hissiyatımıza toxunurlar, xalqımıza qarşı şər-böhtan kampaniyası həyata keçirirlər, biz də etirazımızı bildirib bu yola əl atırıq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür: "Bu gün hər birimizi ABŞ-ın tutduğu yol narahat edir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri, orda Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər qətiyyən bugünkü reallıqlara cavab vermir. Əslində bu, nəinki demokratiyanı inkişaf etdirmək, insan hüquq və azadlıqlarını pozmaqdır. Bu xanımın son vaxtlar xarici ölkələrə etdiyi səfərlərin kökündə müharibəni qızışdırmaq, ölkələr arasında ziddiyyət yaratmaq, insan qırğınına yol açmaq və bu kimi məsələlər durur. Ona görə də əlimizdə imkanlar varsa, bunlardan ABŞ-ın səhvlərini etiraf etməsi, hərəkətlərini nizamlaması üçün istifadə etməliyik”.