Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür
Oktyabr 17
00:13
2021
Bu gün - oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.
"Report” xəbər verir ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür.
2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib.
Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 25-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Rayon əhalisinin 50%-ə qədəri işğaldan azad olunmuş ərazisindəki 1 şəhər, 17 qəsəbə, 21 kənddə yaşayır. Digər rayon sakinləri isə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir.
Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.