SON XƏBƏR

Bir millət, iki dövlət” və gömrükdən şikayət (VİDEO)

May 01
13:42 2021
Son günlər türkiyəli yük maşını sürücülərinin Azərbaycan gömrüyünü keçərkən üzləşdikləri problemlər gündəmdədir.

Qlobal.az xəbər verir ki, AzadlıqRadiosunun əməkdaşı Bakı yaxınlığında "tır parkları” deyilən yerlərdə olub, sürücülərlə danışıb.

"Məsələn, biz Gürcüstandan keçərək, buraya gəlirik. Gürcüstanda gömrük keçid rüsumu 61 dollardır. Qırmızı körpünü keçəndə isə 315 dollar alınır. Yol sənədləri, məsələn mənim maşınımda tezalışan maddə varmış, ona görə də ödəniş alır. Məsələn, Türkiyədə belə bir rüsum yoxdur, bu ödənişi kimsə tələb etməz. Bu çox böyük rəqəmdir. Yəni, Azərbaycan dövləti bizə qardaş dövlət kimi davranmır. Bizim əsas sıxıntılarımız bunlardır”.

Sürücülərin çoxu kameraya danışmasalar da, bildiriblər ki, bəzi hallarda onlardan dövlət rüsumundan əlavə pul da tələb olunur. Pulu ödəməyənlər günlərlə sərhəddə gözləməli olur, yük maşınlarında əsassız yoxlamalar aparılır.

Gürcüstan və Azərbaycan gömrüyünün fərqi

Başqa sürücülər də iki qonşu ölkə - Gürcüstan və Azərbaycan gömrüyü arasındakı fərqə diqqət çəkirlər:

"Başqa dövlətlərə də baxırıq. İki dövlət bir millət məsələsini görmürük, açığı. Yollarda radar postlarında da sıxıntılarımız olur. Amma ən çox problemlə gömrükdə üzləşirik. Saatlarla gözləmək, kiçik məsələlərə ilişirlər. Fikirləşirəm ki, azərbaycanlılar Türkiyəyə gələndə biz də onlara beləmi davranırıq. Önəmli olan budur”.
 
"Türkiyədən çıxıram Gürcüstana girəndə heç maşından aşağı enmirəm. Pəncərədən sənədləri verirəm. 3-5 dəqiqə, uzağı 10 dəqiqəyə iş bitir. Amma Azərbaycana girəndə Qırmızı körpüdə 30-45 dəqiqə sənədləşmə işlərini aparırsan. Ordan çıxıb, aşağıda sənədləşmə binası var, 4-5 saat da orada gözləməlisən”.

Türkiyədəki logistika şirkətlərindən birinin sahibi adının çəkilməməsi şərti ilə deyib ki, Azərbaycana gedərkən sürücülərdən təkcə rəsmi ödənişlərə 600 avro alırlar. Onun sözlərinə görə, malın sifarişçisindən isə qeyri-rəsmi ödənişlər tələb olunur. Sifarişçi bu ödənişi etməyənə qədər sürücülər bəzən 5-6 gün sərhəddə gözlədilir:

"Sifarişçidən, malın sahibindən problem haqda soruşuruq, deyirlər gömrükdə gözlədilmələrinin səbəbi onlardan açıqca pul tələb edilməsidir. Yəni, türk sürücülərdən yox, malı sifariş edəndən istəyirlər. Burada öz adımı, firmamın adını açıqlaya bilmirəm. Çünki növbəti dəfələrdə görmükdə mənə problemlər açılacağından çəkinirəm”.

Hələlik dövlət Gömrük Komitəsi türk sürücülərin bu iddialarına hər hansı açıqlama verməyib.

AzadlıqRadiosu sürücülərin səsləndirdiyi iddialarla bağlı Komitədən cavab ala bilməyib. Komitənin saytında qeyd olunan telefonlara cavab verən olmayıb, elektron hesablarına göndərilən sorğuya isə reporaj efirə gedənədək cavab gəlməyib.

Türkiyənin Beynəlxalq Çatdırılma Dərnəyinin idarə heyətinin rəhbəri Fatih Şener bildirir ki, dəfələrlə Azərbaycanın rəsmi qurumları ilə müzakirələr zamanı da bu məsələləri qaldırıblar.

Onun sözlərinə görə, Azərbaycan gömrüyündə 600 avroya qədər rüsum tələbi ancaq Türkiyə nömrə nişanı olan yük maşınlarından alınır. Fatih Şener deyir ki, illərdir sürücülər buna bir təhər dözüb, amma daha bıçaq sümüyə dirənib və Azərbaycandan keçən sürücülər bu problemlərin həllini tələb edirlər:

"Bu pulları ödəməmək üçün Türkiyədə bəzi daşımacılar gedib Gürcüstanda şirkət qurdular. Bizim bəzi üzvlərimiz var, 10 Türkiyə, 5 Gürcüstan nömrəli tırları var. Hər ikisi İstanbuldan Bakıya yola çıxır. Türkiyə nömrəli tırlardan 600 avro tələb olunur, Gürcüstan nömrəlidən yox. Təsəvvür edirsiniz hər dəfəsində bu qədər rüsumu ödəməmək üçün bizim daşımacılar məcbur Gürcüstanda şirkətlər qurublar, orda işçiləri var, Gürcüstana vergi verirlər. Amma ən son Rusiyada tırların 30 gün gözləmələri problemi çıxınca, bıçaq sümüyə dirəndi. Bizlər bunu açıqca bildirməyə başladıq. Hətta sektorda belə deyirlər ki, 100 maşın gedək qırmızı körpüyə heç bir pul ödəmədən keçək və etiraz edək. Biz onları saxlayırıq ki, etməyin”.

Azərbaycandan çıxan milyardlar, Gömrük Komitəsinin izahı

Fatih Şener deyir ki, bəzi sürücülər bu problemlər ucbatından Qazaxıstana getmək üçün qısa yolu qoyub, Rusiyadan gedirdilər. Son bir aydır ki, Rusiyada sərhəddə onlar həftələrlə gözlədiliblər. Bundan sonra sürücülərin etirazı başlayıb.

"Biz onlara deyirik ki, gözləməyin orda, Rusiyadan qayıdın, Azərbaycandan keçib gedin. Deyirlər yox. Azərbaycana addım atan kimi pul alırlar. Bizim nə qazancımız olur ki, 600-700 dollar pul verək”.

Milli Məclisin iqtisadiyyat komitəsinin üzvü Rüfət Quliyev yalnızca türk sürücülərdən belə bir ödənişlərin tələb edilməsinə inanmır:

"İnandırıcı deyil. Çünki Azərbaycanla Türkiyə arasında münasibətlərin bu səviyyədə olduğu bir vaxtda belə iddialar inandırıcı gəlmir. İndi onu deyim ki, müəyyən islahatlar gedir. Düzdür, pandemiya ilə əlaqədar insanların gediş-gəlişində problemlər yaşanır. Amma islahatlar davam edir”.

Rüfət Quliyev ümid edir ki, bu problemlər tezliklə yoluna düşəcək.

Yüzlərlə üzvü olan Türkiyə Beynəlxaql Çatdırılma Dərnəyinin idarə heyətinin rəhbəri Fatih Şener də ümid edir ki, qısa müddətdə Azərbaycan dövləti bu problemləri həll edəcək. Mərkəzi Asiyaya getmək üçün türk sürücülər Azərbaycan dura-dura digər alternativ yollara əl atmaq məcburiyyətində qalmayacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook