SON XƏBƏR

Bakı xoş niyyətini nümayiş etdirərək üç erməni hərbçini sərbəst buraxdı

May 04
19:38 2021
Caliber.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti dəfə nümayiş etdirdiyi humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib.
Həmin şəxslər yaxın saatlarda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan uçuş edəcək hərbi təyyarə ilə İrəvana çatdırılacaqlar.

Azad olunan şəxslər bunlardır: Rovert Vardanyan, Samvel Şuxyan, Seyran Tamrazyan.

İstintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib. 

Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən eyni prinsiplər ilə cavab verilmir.

Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Bu ərazilərdə basdırılmış minalar mülki və hərbi şəxslərin ölümü və yaralanmasına səbəb olur.

Həmçinin Ermənistan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində məlumat vermir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.

Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində də Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. 

Belə olan təqdirdə Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta Azərbaycana qarşı bu mövzu ilə əlaqədar iddialar irəli sürür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook