Özünü yandıran “Mauqli” ləqəbli qazi vəfat edib
İyul 12
23:47
2022
Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandıraraq intihar edən "Mauqli” ləqəbli qazi Elvin Cəfərov vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Elvin Cəfərov 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.
O, iyunun 10-da vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaya gətirilib.
Bir gün öncə qazinin qardaşı, idmançı Elnur Cəfərov açıqlama verərək bildirib ki, Elvin Cəfərovun vəziyyəti ağırdır və onunla maraqlanan yoxdur.
Qardaşı qaziyə qarşı icra hakimiyyətində haqsızlıqlar edildiyini də bildirib. Deməsinə görə, canından bezən qazi sonda intihara əl atıb.
Ötən ilin iyununda Meydan TV Elvin Cəfərov barəsində məqalə hazırlamışdı.
Müharibədən öncə günü 10 manata fəhləlik etdiyini bildirən qazi savaşdan sonra aldığı travmalardan artıq işləyə bilmədiyini deyirdi: "Problemlərim yaranıb, işləməyim mümkün deyil. Getdiyim yerlərdə də deyirlər: "Əsəbisən”. Nə edim, ailəmi necə dolandırım, bilmirəm”.
Sabirabadın Qalağayın kəndindən olan Elvin Cəfərov müharibədə 39 gün döyüşdüyünü deyirdi.
O, işləyə bilmədiyindən, 78 yaşlı anasının əlinə baxdığını, ailəsini çox çətinliklə dolandırdığını bildirirdi.
"Anam çöldə-bayırda fəhləlik edir, gətirir ki, mənim ailəm dolansın. Bu, mənə çox ağırdır və əlimdən nəsə gəlməməyi pis incidir”, – deyə qeyd edirdi.
Elvin Cəfərov müharibədə "Mauqli” ləqəbini necə qazanmasından da danışmışdı. Deyirdi ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün test edilib, ona ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək tapşırılıb:
"Kameralar bizi çəkir, harada olduğumuzu görür, vururdular. Tapşırıq aldım ki, 1 saata 5 kamera gətirim. Bu müddətdə o qədər kamera gətirə bilsəm, məni 052-yə qoşacaqdılar. Getdim, 5 kameranı gətirdim. Komandir dedi ki, sınaqdan keçməmisən. 5 tapşırıblarsa, heç olmasa 6 dənəsini gətirməliydin. Bu zaman üst geyimimin düyməsini açdım. İçində yalan olmasın 20-dən çox kamera var idi. Beləcə 052-nin sıralarına qoşuldum. Həmin gündən də ən ağır döyüşlərə girdim”.
35 yaşlı Elvinin 2 oğlu var. O, müharibə zamanı kontuziya alıb. Odur ki, qayıdandan sonra iş tapa bilməməkdən şikayətlənirdi. Deyirdi ki, iş üçün dəfələrlə Sabirabad Rayon İcra Hakimiyyətinə gedib, lakin kömək etməyiblər: "Hər dəfə yola verib, göndərirlər. Axırıncı dəfə dedim ki, nolar süpürgəçilik də olsa, bir iş verin. Onu da vermədilər. Daha o qapıya getməmək qərarı almışam. Gedirəm, əsəbiləşirəm, şəkərim qalxır 350-380-nə. Halım pisləşir, çətinliklə özümə gəlirəm. Onu da deyim ki, mən şəkəri də hərbidə tapmışam. Gedəndə 87 kilo idim, indi 58-ə düşmüşəm”.
Sabirabad Rayon İcra Hakimiyyəti iyunun 12-də Elvin Cəfərovun intihar etməsiylə bağlı açıqlama yayıb.
İcra Hakimiyyəti qazinin ölümündən təəssüfləndiyini bildirib: "Təəssüf hissi ilə qeyd edirik ki, 10 iyul 2022-ci il tarixdə Sabirabad rayonu Qalağayın kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili, 1987-ci il təvəllüdlü Cəfərov Elvin Zakir oğlu Sabirabad Rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Elvin Cəfərova ilkin tibbi yardım göstərilib və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə xəstəxanaya göndərilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.
İcra Hakimiyyəti qazinin maddi durumunun ağır olması ilə bağlı iddiaları qəbul etmir: "Elvin Cəfərova müharibə əlilliyi ilə əlaqədar Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib. Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qazimiz 27 may 2021-ci il tarixdən "DOST İş Mərkəzi” MMC-də haqqı ödənilən (300 manat) ictimai işlərə cəlb edilib, anası Cəfərova Ruquyyə Musa qızı isə "Əmin” marketlər şəbəkəsində münasib işlə (aylıq əmək haqqı 300 manat) təmin olunub. Bundan əlavə, Elvin Cəfərovun ailəsinə müxtəlif vaxtlarda rayon İcra Hakimiyyəti tərəfindən ümumilikdə 700 manat maddi yardım ödənilib, 300 manat dəyərində ərzaq məhsulları verilib, bundan başqa, ayrı-ayrı dövlət orqanlarının nümayəndələri və iş adamları tərəfindən Elvin Cəfərova mütəmadi maddi köməkliklər göstərilib”.