"Zirvə-A” MTK-nın işçisi binadan yıxılıb öldü
May 31
10:36
2022
Mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, "Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qlobal.az