Zəfər paradından 1 il ötür
Dekabr 10
02:46
2021
Bu gün "Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 1 il ötür.
"Report” xatırladır ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.
Paradda 3 000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.
Sonra Zəfər paradı başlayıb. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilib.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib.
Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçiblər.
Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçiblər.
Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna önündən mətin addımlarla irəliləyiblər. Parad heyətinə polkovnik İsmixan Məmmədov başçılıq edib.
Dövlət Sərhəd Xidmətinin (DSX) parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq meydanına daxil olublar.
Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Parad heyəti general-mayor Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçiblər.
Vətən müharibəsində Böyük Qələbəyə həsr olunan Zəfər paradını Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə birləşmiş hərbi orkestr müşayiət edib.
Daha sonra hərbi texnikaların keçidi başlayıb.
Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradına Hərbi Dəniz Qüvvələrinin və DSX Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri dənizdən dəstək verib. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz yüksək döyüş hazırlığı nümayiş etdirib.
"Dəmir yumruq” əməliyyatının - Vətən müharibəsinin qazilərinin Zəfər paradında tribuna önündən keçidi olub.
Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - "KamAZ” markalı avtomobilin qoşqusunda D-30, "Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, "ŞİLKA”, "OSA-1T”, "KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), "T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli "UAZ Patriot”, "UAZ Hunter” minik, "ZİL-131”, "Ural”, "KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik "Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 "Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.
Bundan sonra xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu Azadlıq meydanına daxil olub. Kolona "Qarabağ” ordenli general-leytenant Nizam Osmanov başçılıq edib.
Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi olub. Kolona müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, "Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edib. Tribuna önündən modernləşdirilmiş "OSA-1T”, "S-125 TM”, "BUK-MB”, "İldırım” zenit-raket komplekslərinin, "S-300 Favorit” sistemlərinin keçidi olub. Ardınca Vətən müharibəsində qələbənin əldə edilməsində çox mühüm rol oynayan "Orbiter-1KM” - "İti qovan”, "Orbiter-2B”, "Orbiter-3B”, "Orbiter-4”, "Aerostar–BP”, "Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - "Bayraktar-TB2”, habelə "Hermes-450”, "Hermes-900”, "Quzğun” və "Harop” PUA-ları nümayiş olunub.
Ardınca Azadlıq meydanına artilleriya silahları sistemlərinin kolonu daxil olub. Kolona "Zəfər” ordenli general-mayor Ağamir Sultanov başçılıq edirib. Meydanda özüyeriyən haubitsa və artilleriya qurğuları - 152 millimetrlik "Akasiya”, 152 millimetrlik "MSTA-S”, 203 millimetrlik "Pion”, eləcə də 220 millimetrlik "TOS-1A” ağır odsaçan, tank əleyhinə "Xrizantema-S” kompleksləri, "DANA” özüyeriyən top-haubitsaları, "Qrad”, "RM-70/85”, "BM-21”, "Smerç” yaylım atəşli reaktiv sistemləri, "TR-300 Qasırğa”, "Ekstra” taktiki, "Polonez” və "LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi olub.
Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu başlayıb. "Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi "Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə "Mİ-35” hücum helikopterləri qrupunun uçuşu olub. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə "LAHAT” və "SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış "Mİ-17” helikopterlərinin və "Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə "MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılanıb. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş "Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb.
Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.
"Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.



