Zakir Həsənov Şuşa əməliyyatının təfərrüatlarını açıqlayıb
Dekabr 22
03:18
2021
"Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunu idi. Şuşa Xankəndinin müdafiəsini təmin edirdi. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə bağlayan yol da məhz buradan keçirdi. Şuşanı azad etmək Vətən müharibəsinin ən mühüm zirvəsi idi”.
"Report”un məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.
Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandan əməliyyatın hazırlanması, ilkin icrası və gedişi prosesində komandanlığı şəxsən özü həyata keçirirdi: "Günün hər saatı, hər dəqiqəsi əməliyyat barədə hərbi komandanlıqdan məlumat alır, konkret əmrlərini verirdi. Hər dəqiqə cənab Prezidentə yeni məlumatları təqdim etmək üçün məruzələrimiz hazır olmalı idi.
Bölmələrimiz Laçın dəhlizinə doğru yaxınlaşmışdı. Oktyabrın son günlərindən Azərbaycan Ordusunun bölmələri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr Şuşanın müdafiəsini yarmaq üçün müxtəlif istiqamətlərdən əməliyyata başladılar.
Hava buludlu keçdiyindən pilotsuz uçuş aparatlarının imkanlarından da yararlana bilmədik və kəşfiyyatın aparılmasında müəyyən çətinlik yarandı. Lakin peşəkar, mübariz, əzmkar qoşunlarımız üçün bunlar maneə olmadı. Ordumuz Azərbaycan Prezidentinin, Azərbaycan xalqının onun qarşısında müəyyənləşdirdiyi bu tarixi vəzifəni ləyaqətlə icra etdi.
Müəyyən məsələlərə diqqət yetirmək istərdim. Kəşfiyyat məlumatına görə, ermənilər bizi iki istiqamətdən gözləyirdilər. Onlar Qırmızı Bazardan Şuşakəndə, oradan isə Şuşaya qalxan yolda və Laçın istiqamətində şiddətli döyüşlərə hazırlaşırdılar. Ona görə də əsas qüvvələrini orada cəmləşdirmişdilər. Azərbaycan hərbi komandanlığının əməliyyat planına görə isə Şuşaya sıx meşələrdən yeni yol açıldı. Qəhrəman mühəndis-istehkam qoşunlarımız qısa müddətdə inanılmaz işə imza ataraq bu yolu istifadəyə hazır etdi. Mühəndis-istehkamçılarımız ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər”.
Bu yol ermənilər üçün sözün əsl mənasında böyük şok oldu: "Nəticədə artilleriya qurğularını Şuşa ətrafına çəkə bildik. Mən artilleriyaçılarımızın qəhrəmanlığını xüsusi qeyd etmək istəyirəm. Yol çəkilmişdi, amma hava şəraiti yaxşı deyildi, palçığın içində ağır topları yüksək peşəkarlıq nümayiş etdirərək yüksəkliklərə qaldırdılar, atəş nöqtələri qurdular və Şuşa ətrafındakı düşmən mövqelərinə dəqiq zərbələr endirdilər.
Noyabrın ilk günlərindən Şuşa uğrunda döyüşlər kəskinləşdi. Xüsusi Təyinatlı Qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyəti artıq Şuşaya doğru atəş dəstəyi olmadan sıldırım qayalar, yarğanlar, meşələr vasitəsilə irəliləyir, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alırdı. Belə əməliyyat isə düşmənin ağlına gəlmirdi və o, belə bir addım atılacağını əvvəlcədən hesablaya bilməmişdi. İgid döyüşçülərimizin çətin relyefli ərazilərlə hərəkəti hətta düşmən kəşfiyyatçıları tərəfindən belə müşahidə olunmurdu”.
Noyabrın 6-da qoşunlarımız və bölmələrimiz artıq şəhərin hüdudlarına çatmışdılar. Bir həftəyə yaxın müddətdə əlverişsiz hava şəraitində sıldırım qayalarla, keçilməz yollarla böyük məsafəni dəf edən hərbçilərimiz artıq şəhərə dörd tərəfdən daxil olmuşdu və yaxın məsafədən ağır döyüşlər başlamışdı.
Noyabr ayının 8-də Ali Baş Komandanın Şəhidlər xiyabanından verdiyi "Əziz Şuşa, sən azadsan!” müjdəsi Azərbaycan xalqının taleyində dönüş mərhələsinə çevrildi: "Bununla təkcə 28 illik işğala son qoyulmamışdı, eyni zamanda Azərbaycan bayrağı Şuşanın timsalında bütün Qarabağda dalğalanırdı.
Qlobal.az



