SON XƏBƏR

Zakir Həsənov: “Şoyqu mənə zəng vurub dedi ki, bu işi dayandırmaq lazımdır...”

İyul 14
00:09 2017
Xəbər verildiyi kimi Azərbaycanın müdafiə naziri Zakir Həsənov RİA Novosti agentliyinə müsahibə verib. Bu, nazirin xarici KİV-lərə verdiyi ilk geniş müsahibədir. Zakir Həsənov müsahibədə cəbhədə baş vermiş son insidentlərdən, Rusiya ilə hərbi-texniki əməkdaşlıqdan, ötən ilin aprel döyüşlərindən və digər məsələlərdən danışıb.
 
Qlobal.az Virtualaz.org-a istinadən müsahibəni ixtisarlarla təqdim edir:
 
- Son zamanlar Dağlıq Qarabağda təmas xəttində bir neçə insidentlər baş verib. Ekspertlər Azərbaycan və Ermənistan arasında yeni ciddi gərginlik barədə danışırlar...
 
- Mən son insidentin baş verdiyi yerdə- mülki şəxslərin həlak olduğu Füzuli rayonunun Alxanlı kəndində olmuşam. Bu kənd cəbhədən haradasa üç kilometrlikdə yerləşir. Ermənilər özlərinə haqq qazandırmaq üçün deyirlər ki, orada bizim hansısa bölmələrimiz olub. Lakin bölmələr sadəcə olaraq küçədə dayana bilməz, onlara infrastruktur lazımdır, orada isə belə infrastruktur yoxdur.
 
Heç buna zərurət də yoxdur. Qoşunların yerləşdirilməsi taktikasına görə bu kənd bizə lazım deyil. Ən azından müdafiənin təşkil edilməsi sisteminə əsasən bu kənd bizim üçün əhəmiyyət kəsb etmir. Buna baxmayaraq kəndə nişan alıb atəş açıblar. Tank əleyhinə dəzgahlı qumbaraatan-SPQ-9 tətbiq edilib. Onlardan əsasən tanklara və zirehli texnikalara qarşı mübarizədə istifadə edirlər, lakin bu silahın qəlpəli mərmiləri də var. Ardınca minomyotdan iki atəş açıblar.
 
Əminəm ki, bu əvvəlcədən planlaşdırılmış cinayətdir. Həmin dövrdə cəbhənin bu istiqamətində intensiv atışmalar yox idi. Bir neçə gün əvvəl həmin rayonda ermənilərin pilotsuz kəşfiyyat təyyarəsi görünmüşdü. Onlar görürdülər ki, bu, dinc sakinlərin yaşadığı adi kənddir, lakin iki gün sonra zərbə endiriblər. Bu, cinayətdir!
 
- Əgər bu təxribatdırsa o zaman mənası nə idi?
 
- Biz bilirik ermənilər nəyə ümid edir. KTMT-yə daxil olan Ermənistan başqa ölkələri də öz təxribatlarına alət edib. Onlar bilirlər ki, əgər heç kim işə qarışmasa heç üç gün də davam gətirə bilməyəcəklər. 2016-cı ilin aprelində də belə oldu. Əgər onda bizi dayandırmasaydılar müqavimətlərini artıq sındırmışdıq. Düşmənin uzun illər boyu möhkəmləndirdiyi müdafiə xəttini biz cəmi 40 dəqiqəyə yarıb keçdik.
 
- O vaxt yeni Qarabağ müharibəsinin başlanması haqda danışırdılar...
 
- Bəli, ən böyük qarşıdurma 2016-cı ilin aprelində oldu. Səbəb isə mülki əhalinin atəşə tutulması idi. O vaxt, aprelin 1-də ermənilərin artilleriya zərbəsi nəticəsində Tərtərdə bütöv ailə həlak oldu, maşının içində.
 
Təbii ki, bu haqda mənə məruzə etdilər. Bu, haradasa saat 10, yaxud 11-in yarısı idi. Və ermənilərin həmin mövqelərinin yüksəkliklərdə yerləşməsini və oradan bütün kəndi, ətraf əraziləri nəzarətdə saxladıqları nəzərə alınaraq qərar qəbul edildi ki, atəş nöqtələrini yaşayış məntəqələrindən kənarlaşdıraq. Məqsəd tammiqyaslı müharibə başlamaq deyildi. Bu əməliyyatlara bizim ordumuzun cəmi 15-20 faizi cəlb olunmuşdu. Mən hətta ehtiyat qüvvələri və mərkəzi komandanlığa tabe olan artilleriyanı da cəbhəyə yeritmədim. Ordu həmin vəzifənin öhdəsindən gəldi, Ermənistan silahlı qüvvələrini yaşayış məntəqələrindən geriyə çəkilməyə məcbur etdi. Ermənistan isə buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar bütün silahlı qüvvələrini döyüşə atdılar. Yerevandan ehtiyat qüvvələr cəlb olundu. Üç gün ərzində onlar bizim mövqelərə hücum etdilər. Hərçənd döyüşlərin artıq ikinci günündə Rusiyanın müvafiq strukturları vasitəçilik fəaliyyətinə başlamışdı.
 
Məsələn, mənə Rusiyanın müdafiə naziri, ordcu generalı Sergey Şoyqu zəng vurdu. O dedi ki, "bu işi” dayandırmaq lazımdır, ölkə rəhbərləri bu haqda danışacaqlar. Habelə Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov bizim Baş qərargah rəisinə zəng vurdu.
 
Daha sonra artıq bəlli oldu ki, erməni tərəfi fürsətdən istifadə edib vaxt udmaq, yenidən qruplamaq və zərbə endirmək istəyir. Lakin bu da onlarda alınmadı. Prinsipcə biz qarşımıza hansı vəzifəni qoymuşduqsa onu yerinə yetirdik-iki strateji yüksəkliyi azad elədik. Cəbrayıl istiqamətində Lələtəpə yüksəkliyini və şimal istiqamətində Talış yüksəkliklərini.
 
Ümumiyyətlə, qeyd etməliyəm ki, son illərdə Ermənistan qoşunları ilə təmas xətti boyu gərginlik artan xətt üzrə gedir. Səbəb birdir-Azərbaycan ərazilərinin işğalı. Bütün qalanlar nəticədir. İşğal edilmiş ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir. Təbii ki, belə vəziyyətdə qoşunların təmas xəttində vəziyyət gərginləşir, hərdən lokal toqquşmalar olur-bu da normaldır. Nə qədər ki, iki düşmən ordu üz-üzə dayanıb, belə olacaq. Lakin zərbə məqsədli şəkildə yaşayış məntəqəsinə endirilirsə bu, artıq cinayətdir.
 
- Bu münaqişə nə qədər belə davam edəcək?
 
- Ermənistan özünün iqtisadi, demoqrafik və hərbi potensialına görə Azərbaycanla ayaqlaşa bilməz. Azərbaycan ildən ilə güclənir, həm iqtisadi, həm hərbi, həm demoqrafik planda. Hərçənd indi dünyada böhrandır və bu, bizdən də yan keçməyib, ancaq xüsusi zərbə də vurmayıb. Ən azından müdafiə naziri kimi məni ordunun maliyyələşdirilməsi maraqlandırır ki, ötən il bu maliyyə azalmayıb, əksinə, artıb. Bu il 17-20 faiz rəqəmi açıqlandı. Beləliklə, Azərbaycan rəhbərliyi başda Ali baş komandan Əliyev olmaqla ordunun gücləndirilməsinə, onun ən yeni silahlarla təchizatına böyük diqqət ayırır. Biz keyfiyyətcə yeni mərhələyə çatmışıq. Son illərdə ordunun modernləşdirilməsi, gücləndirilməsi vəzifəsi qarşıya qoyulub.
 
- Siz hesab edirsiniz ki, Qarabağ məsələsi hərbi yolla həll ediləcək?
 
- Mən siyasətçi deyiləm. Bizim ölkəmiz məsələnin dinc yolla həllinə sadiqdir. Lakin bu o demək deyil ki, danışıqlar sonsuzadək davam etməlidir, danışıqlar onsuz da çox uzanıb. Danışıqlar naminə danışıqlar heç kimə gərək deyil.
 
Üstəlik ətrafa baxın - beynəlxalq qanunlar işləmir, hamı gücə stavka edir. Təbii ki, biz də buna reaksiya verməliyik. Lakin təkrar edirəm-mən siyasətçi deyiləm, hərbçiyəm.
 
- Onda hərbi məsələyə keçək. Azərbaycanla Rusiya arasında 2010-cu ilin əvvəllərində bağlanmış irimiqyaslı müqavilə üzrə işlər necə gedir? Həmin müqavilədə söhbət 100 T-90S tankından, 100 BMP-3-dən, "Msta-S” özüyeriyən artilleriya sistemindən, "Smerç” reaktiv artilleriya sistemlərindən və bir çox digər silahlardan gedirdi, ümumi məbləği 5 milyard dollara çatan müqavilə idi. Həmin məbləğ Azərbaycan tərəfindən ödənilibmi və texnika alınıbmı?
 
- Bu müqavilə 90 faiz yerinə yetirilib. Xırda-para işlər qalıb. Sizin adlarınızı çəkdiyiniz texnikanın hamısı çoxdan Azərbaycandadır və uğurla tətbiq olunur. Yeri gəlmişkən elə həmin silahların da sayəsində biz ötən ilin aprelində uğur əldə etdik. Bütün bunlar müasir silahlardır və biz onu mənimsəyib uğurla tətbiq edirik.
 
- Bəs daha hansısa yeni silahlar sizi maraqlandırır?
 
- Maraqlandırır, amma mən bu haqda danışmayacam.
 
- Vaxtilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin demişdi ki, Azərbaycan An-124 "Ruslan” hərbi-nəqliyyat təyyarəsinin alınmasında maraqlıdır. Bu məsələdə irəliləyiş var?
 
- Hörmətli cənab Roqozin Azərbaycanın böyük dostudur. Biz onunla əməkdaşlıqdan məmnunuq.
 
- Bəs An-124 "Ruslan” Azərbaycanın nəyinə lazımdır, axı elə də böyük məsafə yoxdur...
 
- Niyə ki. Bizdə Naxçıvan blokada vəziyyətindədir. Ona görə yox ki, biz ora silahlar və texnika daşımaq istəyirik. Bu təyyarələr ona görə lazımdır ki, məsələn, əhalini ərzaqla, zəruri mallarla təchiz edəsən. Biz habelə başqa ölkələrdən hərbi texnika alırıq, onları da daşımaq lazımdır. Əfqanıstanda kontingentimiz var.Hərbi-nəqliyyat aviasiyası istənilən silahlı qüvvələrin vacib tərkib hissəsidir.
 
Və onu da qeyd edim ki, hərbi satınalmalardan başqa texnikaya qulluq məsələsi də var. Bu məsələdə bizim böyük perspektivlərimiz var. Bizdə Rusiya istehsalı olan çoxlu vertolyotlar istifadə olunur. Həm nəqliyyat, həm döyüş vertolyotları. Bizdə təyyarələr, zirehli texnika var, indi texniki qulluq əsas məsələlərdən biridir. Bu istiqamətdə böyük işlər görürük və artıq nəticələr var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook