Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı ilə görüşüb

Fevral 20
15:16
2023
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğunu diqqətə çatdırıb.
Azərbaycan, Türkiyə və Gürcüstanın ikitərəfli və üçtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən nazir bunun regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov Qarsda keçirilən "Qış təlimi - 2023”də hərbi qulluqçuların yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edərək, birgə təlimlərin ordularımız arasında təcrübə mübadiləsində və döyüş qabiliyyətinin daha da yüksəldilməsində mühüm rol oynadığını bildirib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun" sözlərini xatırladan nazir regionda sülhün təmin olunması istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional təhlükəsizliyə töhfə verdiyini qeyd edib.