Yurdçu kəndində məktəb binası istifadəyə verilib
Yanvar 25
10:20
2016
2016-cı ildə ilk məktəb binası Yurdçu
kəndində istifadəyə verilmişdir
Yanvarın 14-də Yurdçu kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Kəngərli rayonunda da geniş quruculuq işləri aparılır.
Ötən il dekabrın 1-də ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan yeni Sənaye Kompleksi son illər Kəngərli rayonunda istifadəyə verilən 100-cü obyektdir. Rayon mərkəzində və 10 kəndin hər birində təhsil, səhiyyə, mədəniyyət və digər infrastruktur sahələr üçün müasir iş şəraiti yaradılmış, yollar yenilənmiş, abadlıq işləri görülmüşdür. Bu tədbirlərin davamı olaraq Yurdçu kəndində müasir məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yoluna asfalt örtük salınmış, elektrik, qaz və rabitə xətləri yenilənmişdir. Kamal Ələkbərov həyata keçirilən tədbirlərə görə rayon ictimaiyyəti adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yurdçu kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara tədrisdə uğurlar arzulayaraq demişdir: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər içərisində təhsilin inkişafı və məktəb işi xüsusi yer tutur. Qəbul olunmuş dövlət proqramına uyğun olaraq ölkəmizin hər yerində təhsilin inkişafı sahəsində tədbirlər görülür, müasir avadanlıqlarla təmin olunan yeni məktəb binaları, uşaq bağçaları tikilib istifadəyə verilir. Bu gün istifadəyə verilən Yurdçu kənd tam orta məktəbinin binası da ölkəmizdə təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Məktəb binasında yaradılan müasir tədris şəraiti ölkəmizin gələcək təminatçıları olan gənclərin hərtərəfli yetişməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri demişdir: Təhsil elə bir sahədir ki, orada geriləməyə heç vaxt yol vermək olmaz. Çünki təhsilin bir il geriləməsi ölkənin gələcək həyatının bir il inkişafdan qalması, ixtisaslı kadrlarla təminatında problemlərin yaranması deməkdir. Ona görə də ölkəmizdə təhsilin inkişafına daim diqqət və qayğı göstərilir, gələcəyimiz üçün etibarlı təminat yaradılır.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: "Dövlət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. Bu gün Yurdçu kəndində müasir tədrisin tələblərinə cavab verən məktəb binasının tikilib şagird və müəllimlərin istifadəsinə verilməsi də ulu öndərimizin tövsiyələrinin həyata keçirilməsinin nəticəsidir.
Ali Məclisin Sədri demişdir: Yaradılan şəraitdən səmərəli istifadə etmək məktəb kollektivinin qarşısında duran əsas vəzifədir. Məktəbdə oxuyan hər bir şagird təhsilini başa vurduqdan sonra mütləq bir peşəyə yiyələnməlidir. 2015-ci ildə məktəbin məzunlarından 6-sı ali məktəblərə, 1-i orta ixtisas məktəbinə, 2 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Məktəbin uğurları onu deməyə əsas verir ki, burada qarşıya qoyulan vəzifələr düzgün icra olunmuş, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət, tələbkarlıq və çalışqanlıq əsasında qurulmuşdur. Bu nailiyyətlərin qazanılmasında xidməti olan müəllimlərin əməyi də dövlətimiz tərəfindən qiymətləndirilmiş, müəllimlərdən 1-i "Tərəqqi” medalı, 2-si "Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 1 müəllim "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, şagirdlərin yaxşı təhsil alaraq ölkəmizin gələcək inkişafında fəal iştirak edəcəklərinə əminliyini bildirmişdir.

Sonra Ali Məclisin Sədri Kəngərli rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə kompüter dəsti hədiyyə etmiş, məktəb binasında yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb 270 yerlikdir. Müasir tədris avadanlıqları və zəruri inventarlarla təchiz olunan binada 3-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Kompüter otağında internetə çıxışı olan 19 kompüter şagirdlərin istifadəsinə verilmişdir. Məktəbin kitabxana fondunda 4 minə yaxın dərslik və bədii ədəbiyyat vardır. Baxış zamanı şagirdlərdə mütaliə vərdişlərinin yaradılması və kitabxana günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Məktəbin laboratoriyalarında quraşdırılan avadanlıqlar kimya, biologiya və fizika fənlərinin tədrisində əyani vəsaitlərdən istifadəyə, şagirdlərin keçilən dərsləri daha yaxşı mənimsəmələrinə imkan verəcəkdir.
Elektron lövhələr ümumtəhsil məktəblərində distant tədrisin tətbiqinə geniş imkanlar açır. Artıq muxtar respublikanın bütün təhsil müəssisələri ilə muzeylər arasında interaktiv əlaqələr qurulur. Elektron lövhəli sinifdə 220 təhsil müəssisəsi ilə Cəmşid Naxçıvanskinin ev-muzeyi arasında keçirilən distant dərs izlənilmişdir.
Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti əsasında elektron dərsliklərin hazırlanması və ümumtəhsil məktəblərində tədris olunması barədə tapşırıqlar vermişdir.
Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların ilkin hərbi vərdişlərə yiyələnməsi və fiziki hazırlığı diqqət mərkəzində saxlanılmış, hərbi kabinə, geniş idman zalı və açıq idman qurğuları istifadəyə verilmişdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir: Ölkəmizdə təhsil sahəsində görülən işlər bir məqsədə xidmət edir. O da bilikli və vətənpərvər gənclər yetişdirməkdən, ölkəmizin gələcəyi üçün etibarlı təminat yaratmaqdan ibarətdir. Yurdçu kənd tam orta məktəbinin yeni binasında gələcək perspektiv nəzərə alınmış, məktəbin uzun illər birnövbəli fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır.

Əvvəllər məktəblərdə tədris prosesində ancaq kitablardan istifadə olunurdusa, bu gün şagird və müəllimlərin istifadəsinə elektron lövhələr, elektron dərsliklər, kompüter sinifləri, müasir tədris avadanlıqlarının quraşdırıldığı fənn laboratoriyaları verilir. Bütün bunlar da keçilən dərslərin daha yaxşı mənimsənilməsinə imkan verir. Ona görə də kollektiv yaradılan bu imkanlardan səmərəli istifadə etməli, tədris günün tələbinə uyğun qurulmalı, təhsilli gənclər yetişdirilməlidir.
Müəllim Pərvanə Məmmədova demişdir ki, 2016-cı ilin ilk günlərində Yurdçu kəndində müasir məktəb binasının istifadəyə verilməsi kollektivin və şagirdlərin sevincinə səbəb olmuşdur. Yeni məktəb binasında yaradılan şərait gənclərin intellektli, təhsilli və vətənə layiqli övlad kimi yetişmələrinə imkan verəcəkdir. Bütün bunlar kollektivin məsuliyyətini daha da artırır. Müəllimlər göstərilən diqqət və qayğının müqabilində daha səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə edərək tədrisin keyfiyyətini artıracaq, vətənpərvər və savadlı gənclər yetişdirməklə göstərilən etimadı doğruldacaqlar.



