"Yoruluram, hər şeyə "bəsdir" demək istəyirəm" - Fərqanə Qasımova
Noyabr 06
14:45
2015
Əməkdar artist Fərqanə Qasımova atası, xalq artisti Alim Qasımovun ona dəstəyindən danışıb.
Qlobalinfo.az xəbər verir ki, muğam ifaçısı oxuyarkən başqa aləmdə olduğunu vurğulayıb:
"Atam çox nəvaziş çəkən insandır. Hər işdə mənə kömək olub. Öz ailəmdə və sənətdə mənə dəstəkdir. Yaşımın balaca olmağına, hünərimin çatmayacağına baxmayaraq, mənə muğamın sirlərini öyrədib. Atamla mənim aramda böyük məsafə var. İnsan həm fikrində, həm sənətində daim böyüyür. Mən hansısa fikirdə, sənətdə böyüyürəmsə, atam daha da yüksəklərə qalxır. Ona heç vaxt çata bilməyəcəyəm. Mən muğamı gözəl bilirəm. Amma atam bunla heç vaxt qane olmur”.
F.Qasımova bəzən yorulduğunu da etiraf edib:
"Kənardan baxanlara bizim həyatımız çətin görünür. Həqiqətən də belədir. Biri var, sən yalnız anasan və təkcə övladlarına nəvaziş göstərirsən. Biri də var, sən həm muğama nəvaziş göstərməlisən, həm xalqın etimadını qazanmalısan, həm yaxşı ana olmalısan, həm də gözəl sənətkarın övladısan. Bilirsiniz, necə çətindir? Bəzən yoruluram, ah çəkirəm, usanıram, hər şeyə "bəsdir" demək istəyirəm. Bəzən də tələsirəm. Elə bilirəm ki, heç nəyə vaxtım çatmayacaq. İnsan həm yaradıcılıqda yüksəkliyi, həm də övladının böyüməsini görmək istəyir”.
Muğam ifaçısı oğlunun da muğam oxumağı bacardığını deyib:
"Oğlum tara gedir. Səsi var. İstəyərdim qiraətçi olsun. Quran oxuya bilir. İstəməzdim ki, ailəmizin muğamı mənimlə və atamla bitsin. Atamın 9 ildən sonra Alim adlı nəvəsi oldu. İstərdik ki, o da oxuyub, atamın sənətini davam etdirsin”.
(AzərTac)



