"Yollar ayrıcında təkləndi ömrüm..." — Bu gün mərhum şair Malik Fərruxun doğum günüdür
Dekabr 27
17:57
2017
Bu gün mərhum şair Malik Fərruxun doğum günüdür.
Şair 27 dekabr 1948-ci ildə Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra BDU-nın (Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində təhsil almışdır (1966-1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz” jurnalında çap etdirdiyi " Qartalli Dağlar” şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri” redaksiyasinda redaktor, baş redaktor vəzfilərində çalışmışdır.
О, dörd il televiziyanın "Ekran” divar qazetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər”, "Sari güllər”, "Sən də tufanla oynama”, "Polismen”, "Qar yağır”, "Alabəzək yuxular” və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.
1998-ci il dekabrın 2-də vəfat etmişdir.
Dörd övladı, 3 qızı 1 oğlu var.
Onun 1985-ci ildə işıq üzü görmüş "Bir payız günü” şeirlər kitabından bir neçə şeirini təqdim edirik.
Ad günümün qonaqları
Bu gün ad günümdür, adi günümdür,
Yenə dünənki tək hey... yağış yağır
Bu gün ad günümdür, adi günümdür.
Dostlara deyimmi? Nə gərək axı...
Bir də... nə ad günü, nə olub bəyəm.
Dostlar zəhmət çəkə, yığışa, gələ.
Bu il ad günümü keçirəcəyəm
Elə bu küçələr, yağışlar ilə.
Bu nədir, yaxına gəlir uşaqlar,
Göylər birdən-birə niyə dəyişdi?
İlk ayaq izlərim düşən o dağlar
Dənizdənmi çıxır, bu necə işdi?
Yəqin ad günümə gəlir dağlarım,
Dağlar ağır-ağır tərpənər elə...
Xəzərin üstüylə gəmi dağlarım
Gəlir çiçək-çiçək təpələriylə...
Qayalar gövdəsi, zirvə yelkəni,
Gэlir əlində pay...
Dağ payı qardır...
Məktəb dostlarımmı səsləyir məni,
Yox, yox, çağırışan qağayılardır.
Oyun meydanına döndümü dəniz,
Kim dedi bacarsan, girrə, döy məni!
Alıb qayış kimi şəfəqləri biz
Yenəmi başladıq dirədöyməni...
Al, bu bir!..
Kimdir o uzaqdan haray-həşirlə
məni çağıran?-
O vaxtkı anamdı, cavan anamdı...
Gəlib dəcəl günüm, od günüm mənim,
Nənəm o illərdən boylanır yenə.
Nənəm görünən tək, ad günüm mənim
Büründü bir nağıl şirinliyinə...
Uşaqlıq səhvlərim, gəl üzr istə,
İnsan o səhvləri indimi anlar?!
Gəldi arxlar üstdən, çəpərlər üstdən
Meyvəli bağlara girdiyim anlar.
Arxamca hədələr yağdıran zaman
Qaçıb qışqırardım: hay salma, kişi.
Bu gün ad günümdür, səndəmi gəldin,
Bir vaxt mən dəcəli bağdan qovlayan
Ay qoruqçu əmi, ay Salman kişi...
Nə vaxtsa, ömrümün bir yaz günündə
Qəfil ildırım tək çaxan baxışlar
Çaxır yenə də!
Gecələr bir evin həndəvərində
O vaxt üst-başıma yağan yağışlar
Yağır yenə də!
...Durmuşam sahildə, gün olub yarı,
Sular pıçıldayır adımı indi.
Məndən inciməsin mənim dostlarım,
Bu gün ad günümdür,
adimi gündür?..
LAÇIN YALLISI
Qısılıb gecənin qara köksünə
Dağlar mürgüləyir, yuxulayırdı.
Gəlmirdi onların büsbütün səsi,
Demə, dəcəllikdə başqadı dağlar.
Birdən yoxa çıxdı sükutun səsi,
Bir dəli yallıya başladı dağlar.
Çalındı, səsləndi, dindi qəflətən,
Elə bil, bayaqkı deyildi göylər.
Nəhəng nağaraya döndü qəflətən,
Şimşək çubuqlarla döyüldü göylər.
Düşməni nəhənglər olsun qoy təki,
Sinəsi sal qaya olan dağların.
Odlu ildırımlar, məşəllər təki
Gəzdi əllərində oğlan dağların.
Bulud yaşmağını çəkib üzündən,
Oynadı qız dağlar – çiçəkli dağlar.
Alov yağa-yağa qara gözündən
Kükrədi o Həcər birçəkli dağlar.
Gəzdi qız əlləri qayğılı kimi,
Gəzdi başı üstə dağ oğlanların.
Buludlar qızların yaylığı kimi,
Əsdi başı üstə dağ oğlanlaın.
Yaşıl meşələrin saçı dağılır,
Zirvələr yellədir əl-ayağını,
Ən mahir oyunçu Laçın dağıdır,
Alıblar araya
Laçın dağını...
Hər şeyi, hər şeyi dağlar unudub,
Bu coşqun duyğudan halıyam mən də.
Ay aman, çiynimdən daş əllər tutub,
Deyən, qoşulmuşam yallıya mən də.
Ulduzlar toxunur yanaqlarıma,
Durmuşam ən uca aşırım üstə.
Çəmənlər döşənib ayaqlarıma,
Şümşürük oynayır başımın üstə.
Hər tərəf fırlanır...
Gözüm axdı ki...
İndi heç bilmirəm yer nə, göy nədir?
Bir dağ biləyimi elə sıxdı ki,
Gözlərim yaşardı, qolum göynədi.
Bu oyun – ayrı cür bir oyun olub,
Göydə şimşək çaxır...
Fikrə getmişəm.
Necə inandırım dost-tanışı ki,
Laçında dağlarla qol boyun olub,
Laçında dağlarla yallı getmişəm...
Keçdi
Bilmirəm nə zaman dən düşdü saça,
Başımdan baharın dumanı keçdi,
Sevgi bağçasında quru ağacam,
Bir daha göyərmək gümanı keçdi.
Söyüdlər saçını yusun, darasın...
Hanı görüş günü, hicran yarası.
Yerişin nazlısı, gözün qarası,
Göz üstə qaşların kamanı...keçdi.
Bu soyuq baxışlar qəlbə dəyir ki,
Ürək də əvvəlki ürək deyil ki...
Bir payız nəfəsli külək deyir ki,
Ah sevib-sevilmək zamanı keçdi...
Arazı gecə gördüm
Yolumuzda daşa döndü həsrət nəğməsi,
Kim sazını qəm üstündə köklədi belə?!..
Qatarın da yeri-göyü titrədən səsi,
Qəfil niyə həzinləşdi, kövrəldi belə…
Torpaqda bir od parladı, "almaz” dedilər,
Birdən birə gecənin də rəngi dəyişdi.
Bu od axdı,suya döndü,
"Araz” – dedilər,
Mən Arazı gecə gördüm, heç görməmişdim…
İndiyədək bu yerlərə düşməyib yönüm,
İndiyədək ömrüm onsuz ötüşməliymiş.
Axır bir gün Araz adlı şimşəyə dönüb,
Ömrümün bir gecəsinə o düşməliymiş…
Bu şimşəyin işığında özümü gördüm,
Gördüm hələ mən nəyəm ki? Soyuğam, daşam.
Hərdən Araz kəlməsilə yansa da könlüm,
Bu həsrət nə həsrət imiş, çox duymamışam.
Xan Arazdır bu gecənin yaraşığı da,
Dağlar durub qaranlıqdan ona baxırdı.
Oxa dönüb, elə bil ki, ay işığı da,
Heç hara yox, tək Arazın üstə yağırdı.
Duyğu-duyğu töküldükcə o göy sulara,
Nəğmə-nəğmə əriyəsi, axası oldum.
Qovuşdum ki, mən bu doğma, ögey sulara,
Xan Arazın özü oldum, dalğası oldum.
Arazın bir dalğasıyam, axım doyunca,
Araz olub, ömr eləmək yaman ağırdı.
Gecə vaxtı bir gümüşü həsrət boyunca,
Yollar axır, Qatar axır, zaman axırdı…
Qala daşları
Göylər qəzəbini tutub dişində,
Qızılquş yuvadan bala uçurur.
Burda nə vaxtdansa qala döşündə
Bir qala dayanır, bir qala durur.
Ona odlar yurdu arxadır, arxa,
Özgəni özünə dayaq götürməz.
Elə bağlanıb ki, ana torpağa,
Dağılar, torpaqdan ayaq götürməz.
Yüz yol çapılsa da o, qəlpə-qəlpə,
Namusum ayağa düşməz – deyibdir.
Bir el mənliyinə tuşlanan zərbə,
Elə dəyməyibdir,
Ona dəyibdir!
Bu daşı
qılınclar soymayıb – dedim,
Nəsimi özüdür
soyulub belə.
Bu daşı yağışlar olmayıb – dedim
Babəkin gözüdür oyulub belə.
Xətai qəlbidir o yazılı daş,
Düşməndən qoruyub dilimizi də.
Bu daş Nəbi daşdır, Nəbi a qardaş,
Durur Boz atının ayaq izi də...
Bir daş var... Köksündə arzular yaşar,
Əl vursan danışıb, dinəsidir o.
Öpüm, məlhəm qoyum bu kövrək daşa,
Qafurun yaralı sinəsidir o!
Hər daşa bir səda, hər daşda bir iz,
Hər daş ötənlərdən bir nəğmə deyir.
Nəğmələr oxuyaq bu daşlara biz,
Bu qala daşları,
adi daş deyil...
Bu gələn yaz...
Bu yaz gərək ayıq olsun hissim-həvəsim,
Görüm, duyum çiçəklərin boy artımını.
Bu gələn yaz
qoy ömrümə qəfil gəlməsin,
Mən izləyim bu baharın hər addımını.
Vətənimin dağlarından düzünə düşüm,
Dağda, düzdə, bir anım da getməsin hədər.
Bahar adlı bir gözəlin izinə düşüm,
Doğma Laçın dağlarından Bakıya qədər.
Dağda görüm qayaların alın tərini,
Düzənlərə qonaq olum bir gecəliyə.
Göz yummayıb,
bu baharın ilk səhərini,
Ürəyimə, gözlərimə köçürməliyəm.
Görüm axı, çoxdan bəri yatan çöl-bayır,
Şəfəqlərlə necə yuyar saçını, necə?
Gül qönçələr düymə-düymə necə çatlayır,
Gül yaxalar düymə-düymə açılır necə?!..
Düymə-düymə tumurcuqlar açılır hər an,
Bu dünyaya gül doğular, çiçək boylanar.
Düymə-düymə pardaxlanan isti donundan,
Neçə-neçə gözəl çıxar, göyçək boylanar...
Görəndə ki, al yanaqlar çiçək-çiçəkdir,
Gül oğlanlar yaman düşər dara, çətinə.
Qış donundan çıxan qızlar bürünəcəkdir,
Yeniyetmə oğlanların ilk heyrətinə...
Yaz günəşi nəğmə-nəğmə dünyaya yağıb,
Oyadanda ürəklərin sevgi qatını, -
Gərək onun alovundan gözümə yığıb,
Mən əridəm bir ürəyin buz inadını.
...Bu yaz gərək ayıq olsun hissim-həvəsim,
Görüm, duyum sevinclərin boy artımını.
Bu gələn yaz
qoy ömrümə qəfil gəlməsin,
Mən izləyim bu baharın hər addımını...
Yuva nəğməsi
Quşlar var, gəzsə də düzü-dünyanı,
Nə qədər uzağa uçsa da yenə,
Dolaşıb hər yanı, gəzib hər yanı,
Gəlib sahibinin qonur çiyninə.
Mənim də ürəyim düşüb kəməndə,
Bu sirri sonralar duya bilmişəm.
Açanda gözümü dünyaya mən də,
Ana qucağını dünya bilmişəm...
Bir qanad üstümə salıbdı kölgə,
O mənə göz olub, muğayat olub.
Anam layla deyib, mənimlə birgə,
O layla böyüyüb, muğamat olub.
Doğub günəşim də,
Yağıb qarım da,
Şimşəklə könlümə dözüm də gəlib.
Dağlarda ömrümün ilk baharı da,
Bir dağlar qızının gözündə gəlib...
A doğma cığırlar, a Qızıl qaya,
Danış o yerlərdə keçən çağımdan.
Tutdunuz əlimdən qoca dünyaya,
İlk dəfə boylandım Laçın dağından...
Orda boy atdıqca mən yavaş-yavaş,
Könlümə bir dünya dolurmuş demə.
O layla, o muğam, o torpaq, o daş,
Dönüb Azərbaycan olurmuş demə.
Ay doğma ocağım, mən də bir quşam,
Qalıbdır arxanca gözüm mənim də.
Bu dağlar qoynundan qanad açmışam,
Bu dağlar qoynudur son mənzilim də.
Ayrı səmalara baxa bilmirəm,
Göylər daralsa da haray səsimdən.
Ha qanad çalsam da çıxa bilmirəm,
Bu doğma torpağın cazibəsindən...
Gözündən nigaran ocaq
Başımın üstündə günəş qızarır,
Narın qum od tutur ayağım altda.
Sizdən uzaqdayam, mənim qızlarım,
Mənim balalarım, sizdən uzaqda...
Bilirəm, necədir mənsiz gününüz,
Ürək bir ümidə gərək sığına.
Mən evdən çıxdımmı, bürünürsünüz
Ulu bir şəhərin tənhalığına...
Bir dəniz sehridir şəhərin sehri.
Talelər ulduztək alışır, sönür,
Hər insan taleyi bir işıq seli,
Axıb o dənizdə damlaya dönür.
Sizin atanız da arzu izinə
Düşüb o işığa üz tutdu bir vaxt,
Nə qədər çalxandı nur dənizinə
Qaynayıb-qarışa bilmədi ancaq.
Oranı yurd bilib tutmadı qərar,
Özündə boğuldu səsi, gileyi.
Sahilə çırpılan dalğalar ki, var
Onun taleyidir, onun taleyi...
Siz o dalğaların davamı, səsi...
Bu da bir qismətdi, bu da yazıdı.
Həsrət dalğaları gör neçə nəsil
Gəlib o sahilə çırpılasıdır...
Yandım bürküsündən, dondum qarında,
Sınadım həsrəti mən hər üzünə.
Siz də o həsrətin qanadlarında
Uçub qonmusunuz bu yer üzünə.
Mənim balalarım torpaqda gəzib,
Çiçəklər qoynunda boy atmalıydı.
Onları yuxudan ya bulaq səsi,
Ya şimşək nərəsi oyatmalıydı.
Sizin göylər var ki, gözünü sıxıb
Bir dolu tökdümü - qavaldı dağlar,
Heç mən olmasam da, o tənhalığı
Sizdən uzaqlara qovardı dağlar...
Orda çay dillənir, zirvə göy dəlir,
Yamac naxış-naxış, ilmə-ilmədi.
Sizin bəxtinizə düşən göyləri,
Baharı mən sizə verə bilmədim...
Bir ümid işığı varmı, isinim -
Tale nə göstərər bu gündən belə.
Uzaq bir qorxunun göynərtisini
İndidən köksümdə duyuram hələ...
...Sizdən uzaqdayam...əriyir günüm,
Ötür saatlarım sizdən nigaran,
Gün vurur dalğalar qımışır, gülür,
Bir ocaq qovrulur gözdən nigaran...
Doğma yollar
Yenə qucağını açmısan Vətən,
Yenə səfərim var, yola çıxıram.
Nə vaxtdır qoynunda – yollardayam mən,
Gəzib ürəyinə yol axtarıram.
Gözümü gözündən yığa bilmirəm,
Yollarda saçıma külək olursan.
Gah dağsan – zirvənə çıxa bilmirəm,
Gah dönüb əlimdə çiçək olursan.
Qoy səni öyrənim nə qədər sağam,
Arabir düşəndə dara, çətinə.
O vaxtdan bürünürəm qoynundan axan
Çayların şəlalə cəsarətinə.
Deyim, qanad bildim küləklərini,
Günəşdə qəlbinin odunu gördüm.
Aranda qoxladım çiçəklərini,
Dağda gürşadının dadını gördüm.
Bax mənim torpağa bənzərimə də, -
Səsimə "Heyratı”, "Cəngi” keçibdi.
Gözünə baxmışam – gözlərimə də,
Elə bu torpağın rəngi keçibdi.
Hara getmişəmsə - əzizlənmişəm,
Gah yazda, gah da ki, qışın qarında.
Yuyunub gör neçə təmizlənmişəm,
Nurlu nənələrin baxışlarında,
Nurlu babaların baxışlarında...
Ayaq izlərimlə bəzəyim səni,
Yoldayam, hardasa yol gözləyən var.
Niyə qarış-qarış gəzməyim səni,
Bir ovuc torpağa "Vətən” deyən var...
Qartallı dağlar
Göylərə uzanıb yolu dağların,
Yuyunan buludlar saçı olubdur.
Hökmdar dağların, ulu dağların
Qartallar başının tacı olubdur.
Dostunun yolunda düşəndə dara,
Çoxu bu dostluqdan bezər dünyada.
Dağlarda gurlayan ildırımlara
Qartallar dayanıb dözər dünyada.
Bir qartal yaranda göyün qatını,
Gözləri yol çəkər, düşünər dağlar.
Ana təbiətin mükafatımı,
Yığıb qartalları başına dağlar?!
Qartal qanad çalıb uçanda qıyla,
Dərələr boğular harayda, səsdə.
Dağın tarixini caynaqlarıyla
Qartallar yazıbdır qayalar üstə!
Zirvəyə əbədi qonaq düşüb qar,
Üstündə şəfəqlər göz eyləyərlər.
Dağların belində yastı yamaclar
Qartal qanadını ütüləyərlər.
Dərin dərələri alanda kölgə,
Damlalar buluddan üzülüb gəlir.
Dağ suyu təmizdir, deyirəm bəlkə
Qartal ürəyindən süzülüb gəlir.
Odur yanımcılı bu dağların da,
Ölüncə dağların başına dönər,
Dar gündə qartalın caynaqlarında
Hər qaya bir sapand daşına dönər.
Gedən qartalını dağlar səsləyər,
Bu dərdi, bu yükü daşıya bilməz,
Haraylar-səsləyər, ağlar-səsləyər...
Dağdırsa, qartalsız yaşaya bilməz.
Bu gün gəlin köçdün
Könlüm haray salar, könlüm hay salar,
Bu necə karvandı, bu necə köçdü?
Bir "Gəlinatdandı" çaldı qayalar,
Bir gəlin atdandı, bir gəlin köçdü...
Ay gedən, könlümə od saldın yenə,
Sinəm ağrılardan oyma-oymadı.
Bu gün bənzəyirdin ağ göyərçinə
Bu gün gəlin köçdün, ellər oynadı…
Qərib tək boylandım yollara sarı,
Sandım ki, arxanca Laçın da köçdü.
O saf əllərimin ilk sığalları,
Qara tellərində, saçında köçdü.
Bu gün gəlin köçdün... yollar yuxaldı,
Bir çinar göz yaşı tökdü o ki, var,
Arxanca çırpındı, sonra yox oldu,
O ilk görüş yeri, ilk qızartılar...
İlk eşqi anaram, elə çağlaram,
O ki, bir görünməz əl idi, getdi.
Sevdalı günlərim, gözəl çağlarım
Vağzalı səsində əridi, getdi...
Qıy çəkib saçını yolan vağzalı,
Eşqimin sonuncu avazı oldu.
Ellərə qovuşuq olan vağzalı,
Mənimçün ayrılıq havası oldu.
Gərək gəlməyəydin
Sevinc göylərimi yağdırmamışdım,
Kədər buluduydum... könlümə dəydin.
Az qala sevməyi yadırğamışdım,
Gərək gəlməyəydin...
Sən gəlməyəydin...
Üzmüşdüm sevgidən, yardan əlimi,
Bu duyğu çıxmışkən yadımdan gərək.
Beş il görmədiyim gözəllər kimi,
Sən də yan keçəydin yanımdan gərək.
Yanırdım, ömürlük yanaydım elə,
Sevgi yoxluğunda, söz yoxluğunda.
Donurdum, ömürlük donaydım elə,
Uzaq bir sevdanın soyuqluğunda...
Bir cüt göz var idi ötən günümdə,
Mənə əzab verir... elə yanırdı.
Bir cüt hörük vardı, gözüm önündə,
Gecə də, gündüz də dalğalanırdı...
Gərək gəlməyəydin,
Sən gəlməyəydin,
Gəlmişdin,ömrümdə qalaydın barı,
Sən öz baxışınla yuya biləydin
Mənə gün verməyən o baxışları...
Sevdalı gözlərin od saça-saça,
Yanaydı bir eşqin qaranlığında.
İtəydi ömrümdən o qara saçlar,
Sənin saçlarının qaranlığında.
Bir az da yol getdim, yollar qısaldı,
Bu yolda qəm yüklü köhləndi ömrüm.
Qəlbimə ikinci qəm izi saldın,
Yollar ayrıcında təkləndi ömrüm...
Dağınıq dünyamı salaydın yenə,
Deyəydim, bir arzu yolda qalmadı,
Ondan xatirələr qalmışdı yenə,
Nə deyim, heç səndən o da qalmadı.
Ayrılıqdan sonra
Düşdü könlümüzə şübhələr iz tək,
Azdırdı yollarda, duman çən bizi.
Hardasa ilişib qalan bir istək
Tapıb qovuşdurdu yenidən bizi.
Yenə günlərimiz günəşli, aylı,
Görüşə gəlirik... yollar genişdi.
Gəlirik, amma ki, bu gəliş ayrı,
Gedirik, bu gediş ayrı gedişdi.
Qəlbə düşməmişdi yalan izləri,
Ömrün süd qoxulu günləri vardı.
İstək dumanında yatan hissləri,
Ayrılıq nə zaman üzə çıxardı.
Sanırdıq bizimdir yer də, səma da,
Dünya da heç ayrı bilməzdi bizi.
Gün gələr, bir zaman dönərik yada,-
Yatsaq, yuxumuza girməzdi bizim.
Gözlərin yalandan əhdi danması,
Bizi cinlədərdi, küsərdik? ancaq,
O təmiz gözlərdə nifrət damlası,
Gəzmək ağlımıza gəlməzdi heç vaxt.
İndi nə deyirik yapışmır bizə,
Günlər də ötüşür yaşımız təki.
Elə bil sevmək də yaraşmır bizə,
Qorxuruq... bir dəfə başımız çəkib.
Bəlkə də, nə bilim, bunlara görə,
Uyuşa bilmirik gör neçə aydı.
Ürəkdə inamı boğan hisslərə,
Gərək yaxamızı tanıtmayaydıq.
Təmiz duyğuların keçdik yanından,
Ömür köhləni də geriyə baxmır.
Tutar bu günlərin qızıl yalından,
Görək o sevgiyə çatacağıqmı...
Sən adlı muğamım
Çiçəklər açılar, çiçəklər solar,
İllər həsrətini yığar könlümə.
Xatirə buludu qaralar, dolar,
Həzinlik yağışı yağar könlümə…
Həzin sədalara bürünüb hər yan,
Günlərim səslərdən yoğrulub mənim.
Ömrümün ən şirin ağrılarından,
Sən adlı muğamım doğulub mənim…
Bulud karvanı tək axar ömür, gün,
Nə vaxt ki, birisi adını çəkdi.
Həzin pərdələrdə əriyən ömrün,
Sənsiz anlarıma töküləcəkdir...
Körpətək çiməcək hər cığır, hər iz,
Yanıqlı nəğmədə, yanıqlı səsdə.
Yuxu şirinlikli o günlərimiz,
Haray qoparacaq muğamat üstə!
Yoxluğun içində donacaq ürək,
Neçə yol gör gedib, gəlib durnalar?
Kövrək bir şairin misraları tək,
Göyə düzüləcək qərib durnalar...
Sanaram, hardasa bir çinar təkdir,
Tənhalar dünyada çətin isinə...
Kimsəsiz ömürlər bürunəcəkdir,
Azmış bir quzunun mələrtisinə.
Günəş əl edəcək dağlar dalından,
Yarpaqlar son dəfə öpüşəcəkdir.
Muğam pərdəsinin həsrət xalından,
Lalələr bağrına xal düşəcəkdir.
Sən gedən yollara bir göz baxacaq,
Bir həsrət axını dönəcək çaya.
Hamıdan xəbərsiz muğam yağacaq,
Bu sənli dünyaya, mənli dünyaya...
Bu nə ayrılıqdı
Nə biz doluxsunduq ayrı düşəndə,
Nə də ki göylərdən od tökülürdü.
Yarpaqlar gülürdü biz görüşəndə,
Ayrıldıq... yarpaqlar yenə gülürdü.
İndi nə "hələlik”, nə "əlvida" var,
Hərə bir tərəfə yola düzəldi.
Nə dolub göz yaşı tökdü buludlar,
Nə dəniz qabarıb üstümə gəldi.
Dünya bu itkidən xəbərsiz oldu,
Bir eşqin varlığı yuxuymuş demək,
Gözəl, ayrılıq ki, kədərsiz oldu,
Görüş sevinci də yoxuymuş demək.
Dönüb baxmadım da bircə yol barı,
Dedim, bəri başdan sönsün bu ocaq.
Ayrılıq çağı ki, görüş yolları
İlan tək ayağa dolaşmayacaq.
Yalanmış gözlərim,
Sənə baxmağım,
Yalanmış, əl əldən üzülən vaxtı,
O göz ki, ömürlük sənsiz qalmağım,
Acı qorxusuyla dolmayacaqdı…
Nə çəkdi sevməyim, yadırğamağım,
Unutmaq beləmi asanmış yəni?
Məni bu gedişlə yandırmamağın,
İnan ki, ömürlük yandırar məni.
Elə özümü də tanıdım gözəl,
Məndə bu soyuqluq nədir, bilmişəm.
İllərlə axtarıb tapdığım gözəl,
Səni zərrə-zərrə itirirmişəm…
Bəlkə ürəyimə ilk şübhə, güman,
Bir soyuq kəlmənin közündən düşüb.
Yanımda, gözündən göz olmamısan,
Sevdiyim baxışlar gözümdən düşüb.
Ya özgə gözündə donub heyrətin,
Qalmışam fikirlər dolaşığında.
Düşüb gözlərimdən boyun, qamətin,
Düşüb gözlərimdən yaraşığın da…
Bir gün yerişinin ürkəkliyini,
Bir gün gülüşünün qəşəngliyini,
Bir gün ürəyini itirmişəm mən,
İtkilər yığılıb… axır ömrümün,
Bircə çiçəyini itirmişəm mən…
Qoşa iz salsa da addımlarımız,
Ağrıda, acıda ürək qalırmış.
Bu günə - ayrılıq gününə yalnız,
Bircə yol "əlvida” demək qalırmış...
Nəğməyə bürünmüş yuxularım
Hər gecə qəlbimə, torpağa, göyə,
Hardansa nəğmələr yağdıran gözəl.
Axı, niyə susur, piano niyə?
Səni yuxularım axtarar, gəzər…
Nəğməsiz yuxular üşüyər, donar,
Birdən pianonun axar dilləri.
Birdən pəncərəmə nəğmələr qonar,
Yenə haradansa sirli əllərin,
Mənə xatirələr göndərər qonaq.
Gözlərim yol çəkər…
Baxaram yalqız.
Əbədi həsrətin yolumu gözlər?!
Mənim bir obam var, pianoçu qız,
Orda bir anam var, yolumu gözlər…
Mənim güllərimi qoymaz dərələr,
Oraya heç kəsi aparmaz yollar.
Büküb küləklərə bizim dərələr,
Arxamca bir ağız bayatı yollar…
Bu nəğmə selinə bənd imiş demə,
Xatirə küləyi əsər nə əsər.
Səslər çeşmə-çeşmə axar qəlbimə,
Bir qız baxış-baxış səbrimi kəsər…
Şübhələr könlümdə dönər sərgiyə,
Uzadar sap-sarı barmaqlarını.
O göz yaşlarını tökər səkiyə,
Ağac sarı-sarı yarpaqlarını...
Bir heyrət uyuyar qayğılarımda,
O illər sığışdı bircə anamı?
Sonra da nəğməli yuxularımda,
Görərəm o qızı, səni, anamı.
Görüş dünyasından o yana
Süzürük göylərin sevgi qatında,
İşığa, sevincə bürünüb hər yan:
Bizmi bu dünyaya nur ələmişik?!
Hələ ki, məhəbbət kainatında,
Bir görüş dünyası kəşf eləmişik.
Yel əsər...
Bağların saçı yolunar...
Burda görüşərik nə vaxtdan bəri.
Ayaq izimizdən görüş yoluna
Düşər səadətin ilk sətirləri.
Baxaram, uzaqda yollar qırılar,
Sular qızıl rəngə boyanar gələr.
Dolaylar dolanar, yollar qıvrılar
Görüş dünyasından o yana hələ.
O yol il sınağı, ömür sınağı,
Ömür bir adicə kəlmə deyil ki,
O yol ayrı yoldur, nə deyim axı,
Hər axşam görüşə gəlmək deyil ki...
Olar ki, sakitcə düşüb axarıq
Dərin dərələrin qaranlığında.
Olar ki, birimiz yoxa çıxarıq
Zirvədə şübhələr dumanlığında.
Ya da ki, düşərik şöhrət küyünə,
Yad səslər bürüyər yan-yörəmizi.
Uyaraq bir səsin şirinliyinə,
O səs arxasınca aparar bizi.
Yollar haçalanar bir səhv ucundan,
Küləklər çırpılar üzümə, gözəl.
O səs güclü çıxar, yol ayrıcında
Əllərim əlindən üzülər gözəl.
Bəzən yerli-yersiz qəzəbi belə,
Biri-birimizə ərk bilməliyik.
Qoşa getmək üçün o yollar ilə,
Görüş yollarında bərkiməliyik.
Mənə kim tanıtdı axı, kim səni?
Barı durmayaydın, ötüb-keçəydin,
Barı həsrətini çəkəydim sənin.
Qanad arzulardım arzularıma,
Gəlmisən... Bəs mənim qanadım hanı?
İnad arzulardım arzularıma,
Gəlmisən... Bəs mənim inadım hanı?
Bir doğma baxışçün dəliyəm, dəli,
Qıydın bu kədəri, ömrümə qıydın.
Mən ki, baxışınla ya isinməli,
Ya da yanıb-yanıb, kül olmalıydım.
Sən nəsən?
Bir dəniz olaydın, tufanlı dəniz,
Məni qərq edəydin dalğalarına!
Həsrətsiz, vüsalsız, səssiz neyəm, ney,
Susaram üstümə qəm yağa-yağa.
Arzuya dönəydim, can ataydım hey,
Sənə qovuşmağa, sənə çatmağa...
Sən mənim ömrümə dumansan, nəsən,
İstəyin baharmı, istəyin qışmı?
Görüşlər, söhbətlər nə qədər desən,
Bizim sevgimizdə ürək çatışmır!
Yenə də gözlərin yollara baxır,
Gör necə görkəmdə, necə gündəsən.
Deyəsən, bacara bilmirsən axı,
Qalasan bir sevgi orbitində sən.
Yadımdan çıxsınmı bir vida, bir səs,
Yenə yollar üstə, durummu, yenə.
Dəniz bildiyimiz eşqimizin bəs,
Nə tez yan alırıq sahillərinə?!
Sevinclər əriyib, həsrətlər sönüb,
Duyğular duyulub, qalıb düyündə.
Eşqim qəribsəmiş durnaya dönüb,
Dolanır qəlbinin maviliyində...
Duyuram, fikrindən keçəni danma,
Bilirsən çox sürməz, çox getməz belə.
Mən sənin yoluna çıxmışam amma,
Səninçün özgəsi yol gəlir hələ...
* * *
Odla oynayan çağın
Gəlirsən, səhəri geyib əyninə,
Nurlu baxışına gözəlliyinə
Bir şirin,
tərifli söz uma-uma...
İstərsən fəsillər nazını çəkə,
Bu necə qəmzədir baxışda, üzdə?!
Bəlkə yaz gələndə tər bənövşələr
Gəlib çiçək aça tellərin üstə?!
Bir sevinc havalı dünyadır yerin,
Göy sənə güzgüdür, günəş də qolbaq
Belə gülüşlərin, dəcəlliklərin
Dəlisi olardım
Neçə il qabaq...
Gözlərin dolanır hey oğrun-oğrun
O gözlər seçirmi qaranı, ağı...
Mən ilk məhəbbətin yolçusu, yorğun,
Sənin gülən çağın, oynayan çağın...
Gözlərsən...günlərsə yaman gec gələr,
Hər səs ürəyini gətirər dilə.
Xəyallı gecələr, sirli gecələr
Beşdaş oynayarsan ulduzlar ilə...
Bir hiss var könlümü yandıran, yaxan;
Bir hissin əlində qalıbdır yaxam...
Gün üzü görməyən ağ qar kimisən,
Kövrəksən, qəlbinə dəyə bilmərəm...
Səndən xoşum gəlir - bahar kimisən.
Səni sevirəmmi?
Deyə bilmərəm...
* * *
Elə bilirdim ki, bu əziz yerə
Nə vaxtsa, bir zaman yolum düşəndə
Çıxar yollarıma o dağ o dərə,
Nəğmə dodağında, lalə döşündə...
Elə bilirdim ki, yorar yolları,
Yellər muştuluğa yollanar yenə.
Kövrəlmiş dağların cığır qolları,
Həsrətlə boynuma dolanar yenə.
Ömrümə çox uzaq, tanış səs kimi,
Bulaqlar dil açır, çağlayır hələ.
Elə bilirdim ki, sular əksimi,
Yollar izlərimi saxlayır hələ...
Mən özgə yollarla keçimmi indi?
Bu yollar qıvrılıb döşə çıxırlar.
Ot alıb üstünü, seçilmir indi
Bir vaxt izlərimdən düşən cığırlar...
Özgələr üçündür belə çal-çağır,
Meşə səsə düşüb, sorağa düşüb.
Mənim nəğmələrim bir payız çağı
Sarala-sarala torpağa düşüb...
Göyərdi gözümdə bir baxış yeri,
Yenə düşdüm oda, alışdım oda.
Bir parça səmanı, bir parça yeri
Mən ki bu dünyadan almışdım onda...
Göz yaşım - o yanğım, göynəyim mənim,
Od-alov deyilmiş, bir damla suymuş.
Ən nurlu bildiyim göylərim mənim
Bu geniş göylərin bir parçasıymış.
Yerlər o yerlərdi...
Yüz baxan ola -
İzim var bu yerdə, yurdda, kim bilər?
Kim bilər, nə vaxtsa varmış bir oğlan,
Bir gözəl sevərmiş burda, kim bilər?..
Heç kəsə yetişməz uzaq bir kədər,
Bulaqlar sevincdən aşıb-daşarlar.
Cığırlar beləcə uzanıb gedər,
Yarpaqlar beləcə pıçıldaşarlar...
Bu yağış
Bu görüş nə yaman yaxşı görüşdü,
Hələ deyilməmiş sözlərimizlə,
Hələ oxunmamış gözlərimizlə
Bir payız axşamı yağışa düşdük.
Göylər ulduz-ulduz axdı dünyaya,
Qondu saçlarına odlu damlalar.
Güləndə sevinctək yağdı dünyaya
Küsəndə göz yaşın oldu damlalar.
Üstündən daş-qaşlar asıldı, yandı,
Sən indi bəzəkli bir çıl-çıraqsan.
Qoy yağsın bu yağış...
mən elə sandım
Yağış kəsən kimi yox olacaqsan.
Yol getdik gözümüz yol çəkə-çəkə,
İzimiz torpaqda yanaşı oldu.
Bu yağış bahardan qalıbdı bəlkə,
Yağdı, xəzəllər də yamyaşıl oldu.
Hər damla bir nurlu çıraqdı sanki,
Bu yağış göylərin nur yağışıymış.
Ayrıldıq...ay aman islanmışam ki,
Bu yağış yamanca gur yağışıymış...
Bir dəniz olmuşam...
Əsir ayrılığın soyuq yelləri,
Könül xəbər alır,- yar hanı, yoxdur.
Sevgi tonqalının həsrət dilləri
Sönmür ürəyimdə,
Yalanı yoxdur...
Səni görmək üçün, bilirəm gərək
Odlardan adlayam, buzlardan keçəm.
Bir zaman dediyim o haqlı-haqsız
Sözləri tapdayam, sözlərdən keçəm.
Arxamca tuşlanıb məni qınayan
Baxışlardan keçəm,
Gözlərdən keçəm...
Çıxam küçələrə, çəmənə, bağa
Qəfil bir təsadüf yarana bəlkə...
Doğma baxışların süzülə, axa
Mənim həsrət adlı yarama bəlkə...
Səni görməyimi heç kəs bilməyə.
Sən də bilməyəsən.
Bu bir sirr ola,
Arada təsadüf müqəssir ola...
Bu arzum hədərdir,
bilirəm axı.
Vüsal bərəsindən biz ötüşmüşük.
Bir də nə mənası qarşılaşmağın,
Ömür yolunda ki, ayrı düşmüşük.
Özümü həsrətə öyrədərəm mən,
Həsrətsiz bir ürək hanı dünyada?
Özgə sevinciylə ömr edərəm mən,
Qoy sevsin, qovuşsun hamı dünyada.
...Bir dəniz olmuşam hislərim məni
Gör necə aldadır,
necə çaşdırır:
İstək dalğalarım gətirir səni,
Şair 27 dekabr 1948-ci ildə Laçın şəhərində anadan olmuşdur. Şəhər orta məktəbini bitirdikdən sonra BDU-nın (Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində təhsil almışdır (1966-1971). Ədəbi fəaliyyəti tələbəlik dövründə , "Ulduz” jurnalında çap etdirdiyi " Qartalli Dağlar” şeiri ilə başlamışdır. Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət Televiziyasının "Elm və texnika verlişləri” redaksiyasinda redaktor, baş redaktor vəzfilərində çalışmışdır.
О, dörd il televiziyanın "Ekran” divar qazetinin redaktoru olmuşdur. Ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Malik Fərrux 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi "Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa aiddir. "Qara gözlər”, "Sari güllər”, "Sən də tufanla oynama”, "Polismen”, "Qar yağır”, "Alabəzək yuxular” və sairə kimi unudulmaz hit mahnıların söz mətni Malik Fərruxa məxsusdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür.
1998-ci il dekabrın 2-də vəfat etmişdir.
Dörd övladı, 3 qızı 1 oğlu var.
Onun 1985-ci ildə işıq üzü görmüş "Bir payız günü” şeirlər kitabından bir neçə şeirini təqdim edirik.
Ad günümün qonaqları
Bu gün ad günümdür, adi günümdür,
Yenə dünənki tək hey... yağış yağır
Bu gün ad günümdür, adi günümdür.
Dostlara deyimmi? Nə gərək axı...
Bir də... nə ad günü, nə olub bəyəm.
Dostlar zəhmət çəkə, yığışa, gələ.
Bu il ad günümü keçirəcəyəm
Elə bu küçələr, yağışlar ilə.
Bu nədir, yaxına gəlir uşaqlar,
Göylər birdən-birə niyə dəyişdi?
İlk ayaq izlərim düşən o dağlar
Dənizdənmi çıxır, bu necə işdi?
Yəqin ad günümə gəlir dağlarım,
Dağlar ağır-ağır tərpənər elə...
Xəzərin üstüylə gəmi dağlarım
Gəlir çiçək-çiçək təpələriylə...
Qayalar gövdəsi, zirvə yelkəni,
Gэlir əlində pay...
Dağ payı qardır...
Məktəb dostlarımmı səsləyir məni,
Yox, yox, çağırışan qağayılardır.
Oyun meydanına döndümü dəniz,
Kim dedi bacarsan, girrə, döy məni!
Alıb qayış kimi şəfəqləri biz
Yenəmi başladıq dirədöyməni...
Al, bu bir!..
Gözümdə qaraldı hər yan.
Qayış kürəyimə elə yamandı...Kimdir o uzaqdan haray-həşirlə
məni çağıran?-
O vaxtkı anamdı, cavan anamdı...
Gəlib dəcəl günüm, od günüm mənim,
Nənəm o illərdən boylanır yenə.
Nənəm görünən tək, ad günüm mənim
Büründü bir nağıl şirinliyinə...
Uşaqlıq səhvlərim, gəl üzr istə,
İnsan o səhvləri indimi anlar?!
Gəldi arxlar üstdən, çəpərlər üstdən
Meyvəli bağlara girdiyim anlar.
Arxamca hədələr yağdıran zaman
Qaçıb qışqırardım: hay salma, kişi.
Bu gün ad günümdür, səndəmi gəldin,
Bir vaxt mən dəcəli bağdan qovlayan
Ay qoruqçu əmi, ay Salman kişi...
Nə vaxtsa, ömrümün bir yaz günündə
Qəfil ildırım tək çaxan baxışlar
Çaxır yenə də!
Gecələr bir evin həndəvərində
O vaxt üst-başıma yağan yağışlar
Yağır yenə də!
...Durmuşam sahildə, gün olub yarı,
Sular pıçıldayır adımı indi.
Məndən inciməsin mənim dostlarım,
Bu gün ad günümdür,
adimi gündür?..
LAÇIN YALLISI
Hər yan bir az əvvəl sakitdi yenə,
Bu sükut bir az da qorxu yayırdı.Qısılıb gecənin qara köksünə
Dağlar mürgüləyir, yuxulayırdı.
Gəlmirdi onların büsbütün səsi,
Demə, dəcəllikdə başqadı dağlar.
Birdən yoxa çıxdı sükutun səsi,
Bir dəli yallıya başladı dağlar.
Çalındı, səsləndi, dindi qəflətən,
Elə bil, bayaqkı deyildi göylər.
Nəhəng nağaraya döndü qəflətən,
Şimşək çubuqlarla döyüldü göylər.
Düşməni nəhənglər olsun qoy təki,
Sinəsi sal qaya olan dağların.
Odlu ildırımlar, məşəllər təki
Gəzdi əllərində oğlan dağların.
Bulud yaşmağını çəkib üzündən,
Oynadı qız dağlar – çiçəkli dağlar.
Alov yağa-yağa qara gözündən
Kükrədi o Həcər birçəkli dağlar.
Gəzdi qız əlləri qayğılı kimi,
Gəzdi başı üstə dağ oğlanların.
Buludlar qızların yaylığı kimi,
Əsdi başı üstə dağ oğlanlaın.
Yaşıl meşələrin saçı dağılır,
Zirvələr yellədir əl-ayağını,
Ən mahir oyunçu Laçın dağıdır,
Alıblar araya
Laçın dağını...
Hər şeyi, hər şeyi dağlar unudub,
Bu coşqun duyğudan halıyam mən də.
Ay aman, çiynimdən daş əllər tutub,
Deyən, qoşulmuşam yallıya mən də.
Ulduzlar toxunur yanaqlarıma,
Durmuşam ən uca aşırım üstə.
Çəmənlər döşənib ayaqlarıma,
Şümşürük oynayır başımın üstə.
Hər tərəf fırlanır...
Gözüm axdı ki...
İndi heç bilmirəm yer nə, göy nədir?
Bir dağ biləyimi elə sıxdı ki,
Gözlərim yaşardı, qolum göynədi.
Bu oyun – ayrı cür bir oyun olub,
Göydə şimşək çaxır...
Fikrə getmişəm.
Necə inandırım dost-tanışı ki,
Laçında dağlarla qol boyun olub,
Laçında dağlarla yallı getmişəm...
Keçdi
Bilmirəm nə zaman dən düşdü saça,
Başımdan baharın dumanı keçdi,
Sevgi bağçasında quru ağacam,
Bir daha göyərmək gümanı keçdi.
Söyüdlər saçını yusun, darasın...
Hanı görüş günü, hicran yarası.
Yerişin nazlısı, gözün qarası,
Göz üstə qaşların kamanı...keçdi.
Bu soyuq baxışlar qəlbə dəyir ki,
Ürək də əvvəlki ürək deyil ki...
Bir payız nəfəsli külək deyir ki,
Ah sevib-sevilmək zamanı keçdi...
Arazı gecə gördüm
Yolumuzda daşa döndü həsrət nəğməsi,
Kim sazını qəm üstündə köklədi belə?!..
Qatarın da yeri-göyü titrədən səsi,
Qəfil niyə həzinləşdi, kövrəldi belə…
Torpaqda bir od parladı, "almaz” dedilər,
Birdən birə gecənin də rəngi dəyişdi.
Bu od axdı,suya döndü,
"Araz” – dedilər,
Mən Arazı gecə gördüm, heç görməmişdim…
İndiyədək bu yerlərə düşməyib yönüm,
İndiyədək ömrüm onsuz ötüşməliymiş.
Axır bir gün Araz adlı şimşəyə dönüb,
Ömrümün bir gecəsinə o düşməliymiş…
Bu şimşəyin işığında özümü gördüm,
Gördüm hələ mən nəyəm ki? Soyuğam, daşam.
Hərdən Araz kəlməsilə yansa da könlüm,
Bu həsrət nə həsrət imiş, çox duymamışam.
Xan Arazdır bu gecənin yaraşığı da,
Dağlar durub qaranlıqdan ona baxırdı.
Oxa dönüb, elə bil ki, ay işığı da,
Heç hara yox, tək Arazın üstə yağırdı.
Duyğu-duyğu töküldükcə o göy sulara,
Nəğmə-nəğmə əriyəsi, axası oldum.
Qovuşdum ki, mən bu doğma, ögey sulara,
Xan Arazın özü oldum, dalğası oldum.
Arazın bir dalğasıyam, axım doyunca,
Araz olub, ömr eləmək yaman ağırdı.
Gecə vaxtı bir gümüşü həsrət boyunca,
Yollar axır, Qatar axır, zaman axırdı…
Qala daşları
Göylər qəzəbini tutub dişində,
Qızılquş yuvadan bala uçurur.
Burda nə vaxtdansa qala döşündə
Bir qala dayanır, bir qala durur.
Ona odlar yurdu arxadır, arxa,
Özgəni özünə dayaq götürməz.
Elə bağlanıb ki, ana torpağa,
Dağılar, torpaqdan ayaq götürməz.
Yüz yol çapılsa da o, qəlpə-qəlpə,
Namusum ayağa düşməz – deyibdir.
Bir el mənliyinə tuşlanan zərbə,
Elə dəyməyibdir,
Ona dəyibdir!
Bu daşı
qılınclar soymayıb – dedim,
Nəsimi özüdür
soyulub belə.
Bu daşı yağışlar olmayıb – dedim
Babəkin gözüdür oyulub belə.
Xətai qəlbidir o yazılı daş,
Düşməndən qoruyub dilimizi də.
Bu daş Nəbi daşdır, Nəbi a qardaş,
Durur Boz atının ayaq izi də...
Bir daş var... Köksündə arzular yaşar,
Əl vursan danışıb, dinəsidir o.
Öpüm, məlhəm qoyum bu kövrək daşa,
Qafurun yaralı sinəsidir o!
Hər daşa bir səda, hər daşda bir iz,
Hər daş ötənlərdən bir nəğmə deyir.
Nəğmələr oxuyaq bu daşlara biz,
Bu qala daşları,
adi daş deyil...
Bu gələn yaz...
Bu yaz gərək ayıq olsun hissim-həvəsim,
Görüm, duyum çiçəklərin boy artımını.
Bu gələn yaz
qoy ömrümə qəfil gəlməsin,
Mən izləyim bu baharın hər addımını.
Vətənimin dağlarından düzünə düşüm,
Dağda, düzdə, bir anım da getməsin hədər.
Bahar adlı bir gözəlin izinə düşüm,
Doğma Laçın dağlarından Bakıya qədər.
Dağda görüm qayaların alın tərini,
Düzənlərə qonaq olum bir gecəliyə.
Göz yummayıb,
bu baharın ilk səhərini,
Ürəyimə, gözlərimə köçürməliyəm.
Görüm axı, çoxdan bəri yatan çöl-bayır,
Şəfəqlərlə necə yuyar saçını, necə?
Gül qönçələr düymə-düymə necə çatlayır,
Gül yaxalar düymə-düymə açılır necə?!..
Düymə-düymə tumurcuqlar açılır hər an,
Bu dünyaya gül doğular, çiçək boylanar.
Düymə-düymə pardaxlanan isti donundan,
Neçə-neçə gözəl çıxar, göyçək boylanar...
Görəndə ki, al yanaqlar çiçək-çiçəkdir,
Gül oğlanlar yaman düşər dara, çətinə.
Qış donundan çıxan qızlar bürünəcəkdir,
Yeniyetmə oğlanların ilk heyrətinə...
Yaz günəşi nəğmə-nəğmə dünyaya yağıb,
Oyadanda ürəklərin sevgi qatını, -
Gərək onun alovundan gözümə yığıb,
Mən əridəm bir ürəyin buz inadını.
...Bu yaz gərək ayıq olsun hissim-həvəsim,
Görüm, duyum sevinclərin boy artımını.
Bu gələn yaz
qoy ömrümə qəfil gəlməsin,
Mən izləyim bu baharın hər addımını...
Yuva nəğməsi
Quşlar var, gəzsə də düzü-dünyanı,
Nə qədər uzağa uçsa da yenə,
Dolaşıb hər yanı, gəzib hər yanı,
Gəlib sahibinin qonur çiyninə.
Mənim də ürəyim düşüb kəməndə,
Bu sirri sonralar duya bilmişəm.
Açanda gözümü dünyaya mən də,
Ana qucağını dünya bilmişəm...
Bir qanad üstümə salıbdı kölgə,
O mənə göz olub, muğayat olub.
Anam layla deyib, mənimlə birgə,
O layla böyüyüb, muğamat olub.
Doğub günəşim də,
Yağıb qarım da,
Şimşəklə könlümə dözüm də gəlib.
Dağlarda ömrümün ilk baharı da,
Bir dağlar qızının gözündə gəlib...
A doğma cığırlar, a Qızıl qaya,
Danış o yerlərdə keçən çağımdan.
Tutdunuz əlimdən qoca dünyaya,
İlk dəfə boylandım Laçın dağından...
Orda boy atdıqca mən yavaş-yavaş,
Könlümə bir dünya dolurmuş demə.
O layla, o muğam, o torpaq, o daş,
Dönüb Azərbaycan olurmuş demə.
Ay doğma ocağım, mən də bir quşam,
Qalıbdır arxanca gözüm mənim də.
Bu dağlar qoynundan qanad açmışam,
Bu dağlar qoynudur son mənzilim də.
Ayrı səmalara baxa bilmirəm,
Göylər daralsa da haray səsimdən.
Ha qanad çalsam da çıxa bilmirəm,
Bu doğma torpağın cazibəsindən...
Gözündən nigaran ocaq
Başımın üstündə günəş qızarır,
Narın qum od tutur ayağım altda.
Sizdən uzaqdayam, mənim qızlarım,
Mənim balalarım, sizdən uzaqda...
Bilirəm, necədir mənsiz gününüz,
Ürək bir ümidə gərək sığına.
Mən evdən çıxdımmı, bürünürsünüz
Ulu bir şəhərin tənhalığına...
Bir dəniz sehridir şəhərin sehri.
Talelər ulduztək alışır, sönür,
Hər insan taleyi bir işıq seli,
Axıb o dənizdə damlaya dönür.
Sizin atanız da arzu izinə
Düşüb o işığa üz tutdu bir vaxt,
Nə qədər çalxandı nur dənizinə
Qaynayıb-qarışa bilmədi ancaq.
Oranı yurd bilib tutmadı qərar,
Özündə boğuldu səsi, gileyi.
Sahilə çırpılan dalğalar ki, var
Onun taleyidir, onun taleyi...
Siz o dalğaların davamı, səsi...
Bu da bir qismətdi, bu da yazıdı.
Həsrət dalğaları gör neçə nəsil
Gəlib o sahilə çırpılasıdır...
Yandım bürküsündən, dondum qarında,
Sınadım həsrəti mən hər üzünə.
Siz də o həsrətin qanadlarında
Uçub qonmusunuz bu yer üzünə.
Mənim balalarım torpaqda gəzib,
Çiçəklər qoynunda boy atmalıydı.
Onları yuxudan ya bulaq səsi,
Ya şimşək nərəsi oyatmalıydı.
Sizin göylər var ki, gözünü sıxıb
Bir dolu tökdümü - qavaldı dağlar,
Heç mən olmasam da, o tənhalığı
Sizdən uzaqlara qovardı dağlar...
Orda çay dillənir, zirvə göy dəlir,
Yamac naxış-naxış, ilmə-ilmədi.
Sizin bəxtinizə düşən göyləri,
Baharı mən sizə verə bilmədim...
Bir ümid işığı varmı, isinim -
Tale nə göstərər bu gündən belə.
Uzaq bir qorxunun göynərtisini
İndidən köksümdə duyuram hələ...
...Sizdən uzaqdayam...əriyir günüm,
Ötür saatlarım sizdən nigaran,
Gün vurur dalğalar qımışır, gülür,
Bir ocaq qovrulur gözdən nigaran...
Doğma yollar
Yenə qucağını açmısan Vətən,
Yenə səfərim var, yola çıxıram.
Nə vaxtdır qoynunda – yollardayam mən,
Gəzib ürəyinə yol axtarıram.
Gözümü gözündən yığa bilmirəm,
Yollarda saçıma külək olursan.
Gah dağsan – zirvənə çıxa bilmirəm,
Gah dönüb əlimdə çiçək olursan.
Qoy səni öyrənim nə qədər sağam,
Arabir düşəndə dara, çətinə.
O vaxtdan bürünürəm qoynundan axan
Çayların şəlalə cəsarətinə.
Deyim, qanad bildim küləklərini,
Günəşdə qəlbinin odunu gördüm.
Aranda qoxladım çiçəklərini,
Dağda gürşadının dadını gördüm.
Bax mənim torpağa bənzərimə də, -
Səsimə "Heyratı”, "Cəngi” keçibdi.
Gözünə baxmışam – gözlərimə də,
Elə bu torpağın rəngi keçibdi.
Hara getmişəmsə - əzizlənmişəm,
Gah yazda, gah da ki, qışın qarında.
Yuyunub gör neçə təmizlənmişəm,
Nurlu nənələrin baxışlarında,
Nurlu babaların baxışlarında...
Ayaq izlərimlə bəzəyim səni,
Yoldayam, hardasa yol gözləyən var.
Niyə qarış-qarış gəzməyim səni,
Bir ovuc torpağa "Vətən” deyən var...
Qartallı dağlar
Göylərə uzanıb yolu dağların,
Yuyunan buludlar saçı olubdur.
Hökmdar dağların, ulu dağların
Qartallar başının tacı olubdur.
Dostunun yolunda düşəndə dara,
Çoxu bu dostluqdan bezər dünyada.
Dağlarda gurlayan ildırımlara
Qartallar dayanıb dözər dünyada.
Bir qartal yaranda göyün qatını,
Gözləri yol çəkər, düşünər dağlar.
Ana təbiətin mükafatımı,
Yığıb qartalları başına dağlar?!
Qartal qanad çalıb uçanda qıyla,
Dərələr boğular harayda, səsdə.
Dağın tarixini caynaqlarıyla
Qartallar yazıbdır qayalar üstə!
Zirvəyə əbədi qonaq düşüb qar,
Üstündə şəfəqlər göz eyləyərlər.
Dağların belində yastı yamaclar
Qartal qanadını ütüləyərlər.
Dərin dərələri alanda kölgə,
Damlalar buluddan üzülüb gəlir.
Dağ suyu təmizdir, deyirəm bəlkə
Qartal ürəyindən süzülüb gəlir.
Odur yanımcılı bu dağların da,
Ölüncə dağların başına dönər,
Dar gündə qartalın caynaqlarında
Hər qaya bir sapand daşına dönər.
Gedən qartalını dağlar səsləyər,
Bu dərdi, bu yükü daşıya bilməz,
Haraylar-səsləyər, ağlar-səsləyər...
Dağdırsa, qartalsız yaşaya bilməz.
Bu gün gəlin köçdün
Könlüm haray salar, könlüm hay salar,
Bu necə karvandı, bu necə köçdü?
Bir "Gəlinatdandı" çaldı qayalar,
Bir gəlin atdandı, bir gəlin köçdü...
Ay gedən, könlümə od saldın yenə,
Sinəm ağrılardan oyma-oymadı.
Bu gün bənzəyirdin ağ göyərçinə
Bu gün gəlin köçdün, ellər oynadı…
Qərib tək boylandım yollara sarı,
Sandım ki, arxanca Laçın da köçdü.
O saf əllərimin ilk sığalları,
Qara tellərində, saçında köçdü.
Bu gün gəlin köçdün... yollar yuxaldı,
Bir çinar göz yaşı tökdü o ki, var,
Arxanca çırpındı, sonra yox oldu,
O ilk görüş yeri, ilk qızartılar...
İlk eşqi anaram, elə çağlaram,
O ki, bir görünməz əl idi, getdi.
Sevdalı günlərim, gözəl çağlarım
Vağzalı səsində əridi, getdi...
Qıy çəkib saçını yolan vağzalı,
Eşqimin sonuncu avazı oldu.
Ellərə qovuşuq olan vağzalı,
Mənimçün ayrılıq havası oldu.
Gərək gəlməyəydin
Sevinc göylərimi yağdırmamışdım,
Kədər buluduydum... könlümə dəydin.
Az qala sevməyi yadırğamışdım,
Gərək gəlməyəydin...
Sən gəlməyəydin...
Üzmüşdüm sevgidən, yardan əlimi,
Bu duyğu çıxmışkən yadımdan gərək.
Beş il görmədiyim gözəllər kimi,
Sən də yan keçəydin yanımdan gərək.
Yanırdım, ömürlük yanaydım elə,
Sevgi yoxluğunda, söz yoxluğunda.
Donurdum, ömürlük donaydım elə,
Uzaq bir sevdanın soyuqluğunda...
Bir cüt göz var idi ötən günümdə,
Mənə əzab verir... elə yanırdı.
Bir cüt hörük vardı, gözüm önündə,
Gecə də, gündüz də dalğalanırdı...
Gərək gəlməyəydin,
Sən gəlməyəydin,
Gəlmişdin,ömrümdə qalaydın barı,
Sən öz baxışınla yuya biləydin
Mənə gün verməyən o baxışları...
Sevdalı gözlərin od saça-saça,
Yanaydı bir eşqin qaranlığında.
İtəydi ömrümdən o qara saçlar,
Sənin saçlarının qaranlığında.
Bir az da yol getdim, yollar qısaldı,
Bu yolda qəm yüklü köhləndi ömrüm.
Qəlbimə ikinci qəm izi saldın,
Yollar ayrıcında təkləndi ömrüm...
Dağınıq dünyamı salaydın yenə,
Deyəydim, bir arzu yolda qalmadı,
Ondan xatirələr qalmışdı yenə,
Nə deyim, heç səndən o da qalmadı.
Ayrılıqdan sonra
Düşdü könlümüzə şübhələr iz tək,
Azdırdı yollarda, duman çən bizi.
Hardasa ilişib qalan bir istək
Tapıb qovuşdurdu yenidən bizi.
Yenə günlərimiz günəşli, aylı,
Görüşə gəlirik... yollar genişdi.
Gəlirik, amma ki, bu gəliş ayrı,
Gedirik, bu gediş ayrı gedişdi.
Qəlbə düşməmişdi yalan izləri,
Ömrün süd qoxulu günləri vardı.
İstək dumanında yatan hissləri,
Ayrılıq nə zaman üzə çıxardı.
Sanırdıq bizimdir yer də, səma da,
Dünya da heç ayrı bilməzdi bizi.
Gün gələr, bir zaman dönərik yada,-
Yatsaq, yuxumuza girməzdi bizim.
Gözlərin yalandan əhdi danması,
Bizi cinlədərdi, küsərdik? ancaq,
O təmiz gözlərdə nifrət damlası,
Gəzmək ağlımıza gəlməzdi heç vaxt.
İndi nə deyirik yapışmır bizə,
Günlər də ötüşür yaşımız təki.
Elə bil sevmək də yaraşmır bizə,
Qorxuruq... bir dəfə başımız çəkib.
Bəlkə də, nə bilim, bunlara görə,
Uyuşa bilmirik gör neçə aydı.
Ürəkdə inamı boğan hisslərə,
Gərək yaxamızı tanıtmayaydıq.
Təmiz duyğuların keçdik yanından,
Ömür köhləni də geriyə baxmır.
Tutar bu günlərin qızıl yalından,
Görək o sevgiyə çatacağıqmı...
Sən adlı muğamım
Çiçəklər açılar, çiçəklər solar,
İllər həsrətini yığar könlümə.
Xatirə buludu qaralar, dolar,
Həzinlik yağışı yağar könlümə…
Həzin sədalara bürünüb hər yan,
Günlərim səslərdən yoğrulub mənim.
Ömrümün ən şirin ağrılarından,
Sən adlı muğamım doğulub mənim…
Bulud karvanı tək axar ömür, gün,
Nə vaxt ki, birisi adını çəkdi.
Həzin pərdələrdə əriyən ömrün,
Sənsiz anlarıma töküləcəkdir...
Körpətək çiməcək hər cığır, hər iz,
Yanıqlı nəğmədə, yanıqlı səsdə.
Yuxu şirinlikli o günlərimiz,
Haray qoparacaq muğamat üstə!
Yoxluğun içində donacaq ürək,
Neçə yol gör gedib, gəlib durnalar?
Kövrək bir şairin misraları tək,
Göyə düzüləcək qərib durnalar...
Sanaram, hardasa bir çinar təkdir,
Tənhalar dünyada çətin isinə...
Kimsəsiz ömürlər bürunəcəkdir,
Azmış bir quzunun mələrtisinə.
Günəş əl edəcək dağlar dalından,
Yarpaqlar son dəfə öpüşəcəkdir.
Muğam pərdəsinin həsrət xalından,
Lalələr bağrına xal düşəcəkdir.
Sən gedən yollara bir göz baxacaq,
Bir həsrət axını dönəcək çaya.
Hamıdan xəbərsiz muğam yağacaq,
Bu sənli dünyaya, mənli dünyaya...
Bu nə ayrılıqdı
Nə biz doluxsunduq ayrı düşəndə,
Nə də ki göylərdən od tökülürdü.
Yarpaqlar gülürdü biz görüşəndə,
Ayrıldıq... yarpaqlar yenə gülürdü.
İndi nə "hələlik”, nə "əlvida" var,
Hərə bir tərəfə yola düzəldi.
Nə dolub göz yaşı tökdü buludlar,
Nə dəniz qabarıb üstümə gəldi.
Dünya bu itkidən xəbərsiz oldu,
Bir eşqin varlığı yuxuymuş demək,
Gözəl, ayrılıq ki, kədərsiz oldu,
Görüş sevinci də yoxuymuş demək.
Dönüb baxmadım da bircə yol barı,
Dedim, bəri başdan sönsün bu ocaq.
Ayrılıq çağı ki, görüş yolları
İlan tək ayağa dolaşmayacaq.
Yalanmış gözlərim,
Sənə baxmağım,
Yalanmış, əl əldən üzülən vaxtı,
O göz ki, ömürlük sənsiz qalmağım,
Acı qorxusuyla dolmayacaqdı…
Nə çəkdi sevməyim, yadırğamağım,
Unutmaq beləmi asanmış yəni?
Məni bu gedişlə yandırmamağın,
İnan ki, ömürlük yandırar məni.
Elə özümü də tanıdım gözəl,
Məndə bu soyuqluq nədir, bilmişəm.
İllərlə axtarıb tapdığım gözəl,
Səni zərrə-zərrə itirirmişəm…
Bəlkə ürəyimə ilk şübhə, güman,
Bir soyuq kəlmənin közündən düşüb.
Yanımda, gözündən göz olmamısan,
Sevdiyim baxışlar gözümdən düşüb.
Ya özgə gözündə donub heyrətin,
Qalmışam fikirlər dolaşığında.
Düşüb gözlərimdən boyun, qamətin,
Düşüb gözlərimdən yaraşığın da…
Bir gün yerişinin ürkəkliyini,
Bir gün gülüşünün qəşəngliyini,
Bir gün ürəyini itirmişəm mən,
İtkilər yığılıb… axır ömrümün,
Bircə çiçəyini itirmişəm mən…
Qoşa iz salsa da addımlarımız,
Ağrıda, acıda ürək qalırmış.
Bu günə - ayrılıq gününə yalnız,
Bircə yol "əlvida” demək qalırmış...
Nəğməyə bürünmüş yuxularım
Hər gecə qəlbimə, torpağa, göyə,
Hardansa nəğmələr yağdıran gözəl.
Axı, niyə susur, piano niyə?
Səni yuxularım axtarar, gəzər…
Nəğməsiz yuxular üşüyər, donar,
Birdən pianonun axar dilləri.
Birdən pəncərəmə nəğmələr qonar,
Yenə haradansa sirli əllərin,
Mənə xatirələr göndərər qonaq.
Gözlərim yol çəkər…
Baxaram yalqız.
Əbədi həsrətin yolumu gözlər?!
Mənim bir obam var, pianoçu qız,
Orda bir anam var, yolumu gözlər…
Mənim güllərimi qoymaz dərələr,
Oraya heç kəsi aparmaz yollar.
Büküb küləklərə bizim dərələr,
Arxamca bir ağız bayatı yollar…
Bu nəğmə selinə bənd imiş demə,
Xatirə küləyi əsər nə əsər.
Səslər çeşmə-çeşmə axar qəlbimə,
Bir qız baxış-baxış səbrimi kəsər…
Şübhələr könlümdə dönər sərgiyə,
Uzadar sap-sarı barmaqlarını.
O göz yaşlarını tökər səkiyə,
Ağac sarı-sarı yarpaqlarını...
Bir heyrət uyuyar qayğılarımda,
O illər sığışdı bircə anamı?
Sonra da nəğməli yuxularımda,
Görərəm o qızı, səni, anamı.
Görüş dünyasından o yana
Süzürük göylərin sevgi qatında,
İşığa, sevincə bürünüb hər yan:
Bizmi bu dünyaya nur ələmişik?!
Hələ ki, məhəbbət kainatında,
Bir görüş dünyası kəşf eləmişik.
Yel əsər...
Bağların saçı yolunar...
Burda görüşərik nə vaxtdan bəri.
Ayaq izimizdən görüş yoluna
Düşər səadətin ilk sətirləri.
Baxaram, uzaqda yollar qırılar,
Sular qızıl rəngə boyanar gələr.
Dolaylar dolanar, yollar qıvrılar
Görüş dünyasından o yana hələ.
O yol il sınağı, ömür sınağı,
Ömür bir adicə kəlmə deyil ki,
O yol ayrı yoldur, nə deyim axı,
Hər axşam görüşə gəlmək deyil ki...
Olar ki, sakitcə düşüb axarıq
Dərin dərələrin qaranlığında.
Olar ki, birimiz yoxa çıxarıq
Zirvədə şübhələr dumanlığında.
Ya da ki, düşərik şöhrət küyünə,
Yad səslər bürüyər yan-yörəmizi.
Uyaraq bir səsin şirinliyinə,
O səs arxasınca aparar bizi.
Yollar haçalanar bir səhv ucundan,
Küləklər çırpılar üzümə, gözəl.
O səs güclü çıxar, yol ayrıcında
Əllərim əlindən üzülər gözəl.
Bəzən yerli-yersiz qəzəbi belə,
Biri-birimizə ərk bilməliyik.
Qoşa getmək üçün o yollar ilə,
Görüş yollarında bərkiməliyik.
* * *
Harada, nə zaman gözümə dəydin,Mənə kim tanıtdı axı, kim səni?
Barı durmayaydın, ötüb-keçəydin,
Barı həsrətini çəkəydim sənin.
Qanad arzulardım arzularıma,
Gəlmisən... Bəs mənim qanadım hanı?
İnad arzulardım arzularıma,
Gəlmisən... Bəs mənim inadım hanı?
Bir doğma baxışçün dəliyəm, dəli,
Qıydın bu kədəri, ömrümə qıydın.
Mən ki, baxışınla ya isinməli,
Ya da yanıb-yanıb, kül olmalıydım.
Sən nəsən?
Dalğasız, dumanlı dəniz,
Yoxam günəşinə, yoxam qarına...Bir dəniz olaydın, tufanlı dəniz,
Məni qərq edəydin dalğalarına!
Həsrətsiz, vüsalsız, səssiz neyəm, ney,
Susaram üstümə qəm yağa-yağa.
Arzuya dönəydim, can ataydım hey,
Sənə qovuşmağa, sənə çatmağa...
Sən mənim ömrümə dumansan, nəsən,
İstəyin baharmı, istəyin qışmı?
Görüşlər, söhbətlər nə qədər desən,
Bizim sevgimizdə ürək çatışmır!
Yenə də gözlərin yollara baxır,
Gör necə görkəmdə, necə gündəsən.
Deyəsən, bacara bilmirsən axı,
Qalasan bir sevgi orbitində sən.
Yadımdan çıxsınmı bir vida, bir səs,
Yenə yollar üstə, durummu, yenə.
Dəniz bildiyimiz eşqimizin bəs,
Nə tez yan alırıq sahillərinə?!
Sevinclər əriyib, həsrətlər sönüb,
Duyğular duyulub, qalıb düyündə.
Eşqim qəribsəmiş durnaya dönüb,
Dolanır qəlbinin maviliyində...
Duyuram, fikrindən keçəni danma,
Bilirsən çox sürməz, çox getməz belə.
Mən sənin yoluna çıxmışam amma,
Səninçün özgəsi yol gəlir hələ...
* * *
Odla oynayan çağın
Gəlirsən, səhəri geyib əyninə,
Nurlu baxışına gözəlliyinə
Bir şirin,
tərifli söz uma-uma...
İstərsən fəsillər nazını çəkə,
Bu necə qəmzədir baxışda, üzdə?!
Bəlkə yaz gələndə tər bənövşələr
Gəlib çiçək aça tellərin üstə?!
Bir sevinc havalı dünyadır yerin,
Göy sənə güzgüdür, günəş də qolbaq
Belə gülüşlərin, dəcəlliklərin
Dəlisi olardım
Neçə il qabaq...
Gözlərin dolanır hey oğrun-oğrun
O gözlər seçirmi qaranı, ağı...
Mən ilk məhəbbətin yolçusu, yorğun,
Sənin gülən çağın, oynayan çağın...
Gözlərsən...günlərsə yaman gec gələr,
Hər səs ürəyini gətirər dilə.
Xəyallı gecələr, sirli gecələr
Beşdaş oynayarsan ulduzlar ilə...
Bir hiss var könlümü yandıran, yaxan;
Bir hissin əlində qalıbdır yaxam...
Gün üzü görməyən ağ qar kimisən,
Kövrəksən, qəlbinə dəyə bilmərəm...
Səndən xoşum gəlir - bahar kimisən.
Səni sevirəmmi?
Deyə bilmərəm...
* * *
Elə bilirdim ki, bu əziz yerə
Nə vaxtsa, bir zaman yolum düşəndə
Çıxar yollarıma o dağ o dərə,
Nəğmə dodağında, lalə döşündə...
Elə bilirdim ki, yorar yolları,
Yellər muştuluğa yollanar yenə.
Kövrəlmiş dağların cığır qolları,
Həsrətlə boynuma dolanar yenə.
Ömrümə çox uzaq, tanış səs kimi,
Bulaqlar dil açır, çağlayır hələ.
Elə bilirdim ki, sular əksimi,
Yollar izlərimi saxlayır hələ...
Mən özgə yollarla keçimmi indi?
Bu yollar qıvrılıb döşə çıxırlar.
Ot alıb üstünü, seçilmir indi
Bir vaxt izlərimdən düşən cığırlar...
Özgələr üçündür belə çal-çağır,
Meşə səsə düşüb, sorağa düşüb.
Mənim nəğmələrim bir payız çağı
Sarala-sarala torpağa düşüb...
Göyərdi gözümdə bir baxış yeri,
Yenə düşdüm oda, alışdım oda.
Bir parça səmanı, bir parça yeri
Mən ki bu dünyadan almışdım onda...
Göz yaşım - o yanğım, göynəyim mənim,
Od-alov deyilmiş, bir damla suymuş.
Ən nurlu bildiyim göylərim mənim
Bu geniş göylərin bir parçasıymış.
Yerlər o yerlərdi...
Yüz baxan ola -
İzim var bu yerdə, yurdda, kim bilər?
Kim bilər, nə vaxtsa varmış bir oğlan,
Bir gözəl sevərmiş burda, kim bilər?..
Heç kəsə yetişməz uzaq bir kədər,
Bulaqlar sevincdən aşıb-daşarlar.
Cığırlar beləcə uzanıb gedər,
Yarpaqlar beləcə pıçıldaşarlar...
Bu yağış
Bu görüş nə yaman yaxşı görüşdü,
Hələ deyilməmiş sözlərimizlə,
Hələ oxunmamış gözlərimizlə
Bir payız axşamı yağışa düşdük.
Göylər ulduz-ulduz axdı dünyaya,
Qondu saçlarına odlu damlalar.
Güləndə sevinctək yağdı dünyaya
Küsəndə göz yaşın oldu damlalar.
Üstündən daş-qaşlar asıldı, yandı,
Sən indi bəzəkli bir çıl-çıraqsan.
Qoy yağsın bu yağış...
mən elə sandım
Yağış kəsən kimi yox olacaqsan.
Yol getdik gözümüz yol çəkə-çəkə,
İzimiz torpaqda yanaşı oldu.
Bu yağış bahardan qalıbdı bəlkə,
Yağdı, xəzəllər də yamyaşıl oldu.
Hər damla bir nurlu çıraqdı sanki,
Bu yağış göylərin nur yağışıymış.
Ayrıldıq...ay aman islanmışam ki,
Bu yağış yamanca gur yağışıymış...
Bir dəniz olmuşam...
Əsir ayrılığın soyuq yelləri,
Könül xəbər alır,- yar hanı, yoxdur.
Sevgi tonqalının həsrət dilləri
Sönmür ürəyimdə,
Yalanı yoxdur...
Səni görmək üçün, bilirəm gərək
Odlardan adlayam, buzlardan keçəm.
Bir zaman dediyim o haqlı-haqsız
Sözləri tapdayam, sözlərdən keçəm.
Arxamca tuşlanıb məni qınayan
Baxışlardan keçəm,
Gözlərdən keçəm...
Çıxam küçələrə, çəmənə, bağa
Qəfil bir təsadüf yarana bəlkə...
Doğma baxışların süzülə, axa
Mənim həsrət adlı yarama bəlkə...
Səni görməyimi heç kəs bilməyə.
Sən də bilməyəsən.
Bu bir sirr ola,
Arada təsadüf müqəssir ola...
Bu arzum hədərdir,
bilirəm axı.
Vüsal bərəsindən biz ötüşmüşük.
Bir də nə mənası qarşılaşmağın,
Ömür yolunda ki, ayrı düşmüşük.
Özümü həsrətə öyrədərəm mən,
Həsrətsiz bir ürək hanı dünyada?
Özgə sevinciylə ömr edərəm mən,
Qoy sevsin, qovuşsun hamı dünyada.
...Bir dəniz olmuşam hislərim məni
Gör necə aldadır,
necə çaşdırır:
İstək dalğalarım gətirir səni,
Qürur dalğalarım uzaqlaşdırır...
Ramil Cəbrayıl