SON XƏBƏR

Yevda Abramov: “İstəmədim ki, evimi çəkib yaysınlar və mən də biabır olum”

Oktyabr 31
14:14 2016
Yəhudi əslli deputat: "Yavaşca iclasdan çıxıb İsrailə zəng etdim, danışdım. Dedilər ki, narahat olmayın bu saat "erməni soyqırımı” məsələsini gündəlikdən çıxararıq.” 

Qlobal.az 24saat.org-a istinadən Azərbaycan parlamentinin yəhudi əsilli deputatı Yevda Abramovla müsahibəni təqdim edir.
 
– Siz, parlamentdə nadir hallarda çıxış edirsiniz. Buna səbəb nədir?
 
– Əslində mən hər gün çıxış edə bilərəm. Mənim üçün çıxış etmək su içmək kimi bir şeydir. Bütün Quba rayonu, xarici ölkələr də bilirlər ki, mən saatlarla çıxış edə bilərəm. Lakin mən hesab edirəm ki, Milli Məclisdə çıxış edən şəxslər məsələlərə peşəkarcasına münasibət bildirməlidir. Əgər ginekologiya haqda qanun müzakirə edilirsə, beş həkim orada olduğu təqdirdə mən niyə çıxış etməliyəm? Mən o vaxt danışıram ki, xalq bu çıxışı məndən gözləyir. Həm də, bunu mən deməsəm başqası deyə bilməz. Mən ona görə hər dəfə danışmıram ki, çıxış edə bilmirəm. Cənab prezidentin yanında dəfələrlə danışmışam, həyəcanda keçirməmişəm. Bilirəm ki, prezident ədalətli danışan, xalq üçün yanan insanları sevir. Odur ki, əgər mən 2 ay danışmıramsa, bu mənim savadsız və ya biliksiz olmağımdan irəli gəlmir.

– Ancaq çıxış edəndə də məmurları kəskin tənqid edirsiniz…
 
– Mənim məmurlarla qərəzim yoxdur. Yeganə adamam ki, bütün qohum-qardaşım, balalarım başqa yerlərdə yaşayır. Oxuduqları yerlərdə qalıblar, ailə qurublar, indi də bir tikə çörək qazanıb yaşayırlar. Hamıya da ədalətli danışmağı və ədalətli olmağı öyrətmişəm. Odur ki, danışanda nə şəxsi qərəzim olur, nə də kiminsə stoluna göz dikirəm.
 
Mən təmiz insanam, heç bir korrupsiyada və rüşvətdə əlim yoxdur. Hamının, o cümlədən məmur və nazirlərin qarşısında başım dikdir. Odur ki, çıxış edəndə kimdənsə utanmıram. Niyə tənqid etməyim?
 
– Niyə tənqid edəsiniz?
 
– Axı bunlar cənab prezidentin getdiyi yolla getmir, onun əl-ayağına dolaşır, mane olurlar, xalqı prezidentə qarşı qaldırırlar. Mən o vaxt parlamentdə danışdım. Açıq dedim ki, 790 min manatı Quba camaatına sıramısınız və xalqı küçələrə çıxarmışınız. Həmin vaxt mən gizlənmədim, küçəyə xalqın qarşısına çıxdım. Təsəvvür edin ki, mənim özümə 870 manat borc yazılmışdı. Söhbət qazdan, işıqdan gedir. Çıxış etdikdən dərhal sonra borcu sildilər.
 
– Ancaq mavi yanacaq son dövrlər vətəndaşlarımız üçün ciddi problem olub. Xüsusilə, havalar soyuyandan sonra. Bu baxımdan Qubada vəziyyət necədir?

– Dünyada heç bir ölkədə qış-yay rejimi yoxdur. İsraildə heç bilmirsən qaz balonu nə zaman dəyişilib. Hansı sürətlə istəyirsən qazı işlət, amma pulunu ver. Qaz yoxdur və ya çox zəifdir. Səbəb kimi də deyirlər ki, qış rejiminə keçilməyib. A balam, Qubada qar yağıb, sən hansı qış rejimindən danışırsan? Qardaşım, mənim smart kartım var. Qazı mənə ver, sənə pulunu ödəyim! Sənsə qazını Ruminiya, Bolqarıstan, Çexiyaya, Türkiyəyə satmaq istəyirsən. Əvvəl mənə sat, sonra başqasına. Ona görə, parlamentdə çıxışım zamanı dedim ki, aləmi bəzər özü lüt gəzər. Qazı bizə ver də, ver vətəndaşın işlətsin və pulunu da ödəsin. Birinci növbədə vətəndaşdır, ikinci növbədə qonşu ölkə. Sabah prezident seçkisində, parlament seçkisində vətəndaş bizə lazımdır. Qarabağı sabah azad edəndə kim lazım olacaq? Vətəndaş! Deməli vətəndaşın qazını, suyunu, işığını yüksək səviyyədə vermək lazımdır. Niyə 220 volt əvəzinə 180 volt elektrik verirsən? Bilirsinizmi bu nə deməkdir? Fərz edin ki, portağal satan şəxs 1 kiloqram əvəzinə sizə 800 qram verir. Səndə 220 volt əvəzinə mənə 170-180 volt verirsən. Nəticədə soyuducum, televizorum yanır.
 
Məncə, belə məsələləri məmurun yadına salmaq lazımdır. Lakin mən bunu şəxsi qərəzlə demirəm. Heç həmin məmurun vəzifəsini də tutmaq niyyətim yoxdur. Bu gün, sabah təqaüdə gedəcəyəm, narahat olmasınlar. Mən kimisə alçaltmaq niyyətində də deyiləm. Özüm dəfələrlə Azəriqazda, başqa qurumlarda olmuşam. Hələ bələdiyyə sədri işlədiyim zaman iş adamlarından 150 min dollarlıq maliyyə toplayıb Qubada dairəvi qaz kəməri çəkdirmişəm. Həmin kəmərləri Azəriqaza verdim. Daha nə istəyirlər, hər cür kömək və dəstək göstərilir. Üstəlik prezidentin də ciddi dəstəyi var. O zaman xalq niyə incik düşməlidir? Biz deputatıq. Biz nazirin və ya məmurun deyil, millətin vəkiliyik. Bizim dediyimiz söz bizim yox, xalqın sözüdür. Xalq bura gəlib sözünü deyə bilmir, 40 min seçici gəlib burada söz deyə bilməz, odur ki, mən gəlmişəm. Bir kəs də bundan inciməsin. İnciyirlərsə, incisinlər. Hərə öz işini görür. Əgər sən bürokratik işləyirsənsə, mən də bu cür işləyirəm. Məhəmməd Peyğəmbərə deyirlər ki, ya Peyğəmbər, filankəs sizə üçüncü dəfə pislik elədi. Peyğənbər də deyir ki, əl çək, mən ona yaxşılıq edirəm. Pislik etmək onun, yaxşılıq etmək də mənim sənətimdir. Odur ki, mənim də sənətim danışmaq, seçicilərimin və xalqın sözünü deməkdir.
 
Ancaq tənqid etmirəm, iş olanda tərif də edirəm. Oqtay Şirəliyevi ciddi tənqid etdim. Gedib Qonaqkənddə poliklinika tikdi. Mən nə istəmişdim ki? Doğum üçün rentgen aparatı. Gedib görürəm ki, bunları etdi. İndi mən ona təşəkkür etməli deyiləm? Bəli, etməliyəm! Durub təşəkkürümü bildirdim. O çətin şəraitdə bu işləri gördüyü üçün parlamentin iclasında ona təşəkkür etdim. Amma orta məktəb tikiblər, stadionu da var. Ancaq 40 nəfərdən böyük bir otağı yox idi ki, orada referendumla bağlı materialları müzakirə edim. Dedim Mikayıl müəllim, belə şey olar? Əgər tikəcəksə, onu tərif edəcəyəm, tikməyəcəksə yenə tənqid edəcəyəm. Mən bunları özüm üçün etmirəm, şagirdlər üçün edirəm.
 
– Nəyə görə, Azərbaycanda özünüzdən başqa yaxın qohumlarınız, övladlarınız yaşamır?
 
– Kim harada oxudusa, orada da ailə qurdu, işə düzəldi. Mən deyə bilmərəm ki, dur gəl bura. Deyəcək, ata Milli Məclisdə yanına oturdacaqsan məni?
 
– Amma çoxu istəyir ki, özündən sonra oğlu deputat olsun…
 
– Yox. Bu sülalə vəzifəsi deyil. Bu gün mənim gücüm çatır millətimə xeyir verirəm. Sabah Qubadan məndən də güclü oğlan çıxa bilər. Qoy gəlib kişi kimi yerimi tutsun. Mən də televiziyadan baxıb həzz alım, ona təşəkkür edim və deyim ki, halal olsun, yerimizə bizdən də güclü şəxs gəlib. Yox, əgər zəifi gəldisə, bu heç nə. Deputatlıq bizim dədə-baba yerimiz deyil, biz buranı pulla almamışıq. Mən elə deputatam ki, bunun üçün nə pul xərcləmişəm, nə də çalışmışam. Sağ olsun partiyam, mənə dəstək verib. Mənim seçicilərim həssas və ciddidir. Məndən də razıdırlar. Hər həftə də yanlarındayam. Gedib gördüm ki, Qusarda qar yağıb, elektrik dirəkləri aşıb. Bir dəfə zəng elədim, dərhal üç dirək qoydular. Xalqın içində olanda bunları görürsən. Qubada ofisim var və kim gəldi qəbul edirəm. Mənim üçün qrafik, vaxt məsələsi yoxdur. Seçicilər hətta evə də gəlirlər. Bəzən görürsən deyirlər ki, Yevda müəllim, evə gəlmək olar. Deyirəm niyə olmur ki… Bəyəm mən kiməm? İngiltərə kralıyam? Millətimin nökəriyəm və nökərçiliyimi də edirəm.
 
– Ancaq sizin haqqınızda deyirlər ki, Yevda Abramov göründüyündən dəfələrlə güclü adamdır…
 
– Ola bilər ki, hündür olduğum üçün deyirlər. Yəqin əlaqələrimə görə belə düşünürlər. Bir dəfə jurnalist üç dəfə cəhd elədi, amma onu Qubadakı evimə buraxmadım.
 
– Niyə görə, buraxmadınız ?
 
– Düşündüm ki, evimi çəkib fotolarını yayacaq. Hamı da görəcək və düşünəcək ki, doğurdan deputat adam belə şəraitdə yaşayır. Ata evimdə qalıram Qubaya gedəndə. Yaxşı vəziyyətdə deyil və 12 ildir orada yaşamıram. İstəmədim ki, evimi çəkib yaysınlar və mən də biabır olum. Sabah da, cənab prezident çağırıb desin ki, bu kişi belə evdə yaşayır? Şübhəsiz ki, mənim geniş ürəyim və yaxşı əlaqələrim var.
 
– Məsələn, hansı əlaqələriniz var?
 
– ABŞ senatorları, konqresləri ilə normal münasibətlərim var. Los-Angelesdə yüksək əlaqələrə malikəm və daima oradakı konsulumuza dəstək verirəm. İsrail və Almaniyada yüksək əlaqələrə malikəm, dostlarım oralarda yüksək vəzifələr tutur. Təsəvvür edin ki, bir gün Ziyafət Əsgərov dedi ki, bu gün İsrail parlamenti "erməni soyqırımı” məsələsinə baxacaq. Məni soyuq tər basdı. Yavaşca iclasdan çıxıb İsrailə zəng etdim, danışdım. Dedilər ki, narahat olmayın bu saat "erməni soyqırımı” məsələsini gündəlikdən çıxararıq. O zaman orada tanışım var idi, indi İsraildə nazirdir. Telefonla danışdıqdan sonra qayıdıb dedim ki, İsrail parlamentində "erməni soyqırımı” məsələsi müzakirə edilməyəcək və gündəlikdən çıxarıldı. Dedim, nə erməni soyqırımını müzakirə edirsiniz, bəyəm 100 il əvvəl 3 milyon erməni olub?
 
– Belə çıxır ki, imkanlarınız genişdir, xüsusilə maliyyə imkanlarınız…
 
– Bir dəfə parlamentdə çıxış edərək dedim ki, yanıma ürək-böyrək dəyişmək məqsədilə gəlirlər. Amma mən Abramoviç deyiləm, Abramovam. Əgər Abramoviç və ya Xadarkovski olsaydım sözsüz ki, insanlara orqanlarını dəyişmək, problemlərini həll etmək üçün köməklik göstərərdim. Amma buna baxmayaraq 2007-ci ildə qarabağlı, 14 yaşlı qızın ayaqlarını Almaniyada müalicə etmək üçün Moskvadakı dostlarımdan 30 min dollar alıb vermişəm. Amma belə şeylər bir dəfə olur. Hər dəfə gedib dostlarımdan pul istəyə bilmərəm. Həmin qız mənə müraciət etmişdi, özüm də pis oldum və çalışdım ona köməklik edim.
 
24saat.org



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook