SON XƏBƏR

“Yeni təkliflərdən imtina etmişəm – Azərbaycana dönəcəm”

Noyabr 24
10:30 2015
Qubad İbadoğlu: "Ölkədən 2 mühüm amil - kapital və işgüzar insanlar, ağıllı beyinlər qaçır”
 
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, hazırda Amerika Birləşmiş Ştatlarının ünlü Duke Universitetində ziyarətçi professor olaraq çalışan Qubad İbadoğlunun "Yeni Müsavat”a müsahibəsi:
 
- Azərbaycanda seçkidən sonrakı durumu necə dəyərləndirirsiz?
 
- Gözlənildiyindən fərqli heç nə baş vermir. Seçkiqabağı və seçki günündə müşahidə olunan ictimai passivlik və etinasızlıq, müxalifət düşərgəsində sistemsizlik seçkidən sonra da davam edir. Əslində hakimiyyət bu seçkidə istəyinə qismən də olsa nail oldu. Seçkini sıradan olan adi bir tədbir kimi keçirdi, onun rolunu xeyli kiçiltdi, görüntü üçün lazım olan səviyyədə seçicilərin iştirakçılıq səviyyəsi əsasən qapalı institutlar, yəni hərbi hissələrdəki əsgərlər və həbsxanalardakı məhkumlar, eləcə də inzibati resurslar hesabına cəlb edilən büdcə sferası işçiləri sayəsində təmin edildi. Yerli və xarici müşahidəçilərin təmsilçiliyi əvvəlki ilə müqayisədə az olsa da son seçki onu da göstərdi ki, Azərbaycan kimi ölkələrdə müşahidə institutlarının geniş təmsilçiliyi təmin olunmadan da seçki keçirmək mümkündür. Son seçki Azərbaycanın demokratikləşməsi, ölkədə sabitliyin və təhlükəsizliyin təminatı üçün çox vacib hesab edilsə də təəssüf ki, bu şansı nə hakimiyyət, nə də xalq dəyərləndirə bilmədi. Əksinə, xalqın ölkənin demokratikləşməsində seçkinin bir təsisat kimi roluna olan inamı bir daha sarsıldı. Bu seçki onu göstərdi ki, bu gün ölkədə güzəranı getdikcə pisləşən xalq, durumu iç və kənar təsirlərdən daha da ağırlaşan hakimiyyətlə üz-üzə qalıb. Hazırkı vəziyyətlə barışan xalqla mövcud hakimiyyət bir-birindən çox uzaq düşüb. Nə xalqın hakimiyyətə etimadı qalıb, nə də ki, hakimiyyətin xalqa ehtiyacı. Əslində bu müstəvidə müşahidə olunan əvvəlki münasibətlər indikindən çox da fərqlənmirdi, sadəcə o dövrün tələbləri və şərait indiki ilə eyni deyildi. Çünki əvvəlki dövrlərdə hakimiyyət güclənməkdə, xalq isə öz güzəranında idi. Neft gəlirlərinin xərclənməsindən səpələnən vəsaitlərin bir hissəsi hesabına açılan iş yerləri aşağı səviyyədə əmək haqqı və digər ödənişlərlə təklif etməklə sosial və iqtisadi durumu sabitləşdirirdi. Dövlətdən maliyyələşən layihələr hesabına tələb və təklif tarazlaşdırılmaqla hakimiyyət istehlakçıların xərcləmələrinə və eyni zamanda iş adamlarının sərmayələrinə ehtiyac olmadan iqtisadi siyasəti idarə edə bilirdi. Hazırda isə situasiya tamam başqadır, ölkəyə sərmayə, büdcəyə vəsait lazımdır. Təəssüf ki, hakimiyyət bu dəyişiklikləri və yeni şəraiti olduğu kimi dəyərləndirmir, yenə də əvvəlki davranışlarla köhnə siyasəti davam etdirir. Amma indiki vəziyyət fərqlidir. İstehlakçıya və sərmayəçiyə diqqət yetirmədən onun qayğısını çəkmədən sabitliyi təmin etmək mümkün olmayacaq. Çünki dövlətin bütün maliyyə resursları, bir sözlə milli iqtisadiyyatın taleyi bu iki qrupun qərarlarından asılı vəziyyətdədir. Əgər onlar banklardan yığımlarını, iqtisadiyyatdan sərmayələrini geri çəksələr, ölkə ağır böhrana yuvarlana bilər. Artıq hər 2 proses müşahidə olunmaqdadır, ölkədən 2 mühüm amil - kapital və işgüzar insanlar, ağıllı beyinlər qaçır. Odur ki, yeni parlamentin üzərinə daha çox öhdəlik düşür. Yeni şəraitdə müasir dövrün tələblərinə cavab verən dəyişiklikləri təsbit edən qanunlar yaradılmalı və onların icrasına ictimai nəzarət təmin edilməlidir. Parlament ölkənin düşünən beyni, uzaq görən gözü, hər kəsi eşidən qulağı və mükəmməl qanunlar yaradan işlək mexanizmi olmalıdır ki, yeni təşəbbüsləri reallaşdıra bilsin. Bütün problemləri fərman və sərəncamlarla həll etmək dövrü sovetlərdə qaldı və uğur gətirmədi. Müasir dövr yeni yanaşma tələb edəcək, ancaq inanmıram ki, bu tərkibdə olan parlament icra hakimiyyətindən asılı vəziyyətdə bu işin öhdəsindən gəlsin.

"Əvvəlki planımla sentyabradək ölkəyə dönmək vardı. Amma bu gün Azərbaycanda geniş müzakirə obyektinə çevrilən MTN-nin səriştəsiz siyasəti məni də planlarımda düzəliş etməyə məcbur etdi”
 
- Siyasi həyatdakı bu susqunluğu sizcə, necə dəyişmək olar?
 
- Hazırkı mühitdə hakimiyyətin tətbiq etdiyi hüquqi və inzibati məhdudiyyətlər vətəndaş cəmiyyətinin imkanlarını xeyli məhdudlaşdırıb. Ənənəvi siyasi mübarizə metodlarının özünü doğrultmaması, vətəndaş cəmiyyətinin əsas institutlarından sayılan müstəqil QHT-lərin və azad mətbuatın boğulması susqunluğun əsas səbəblərindən sayıla bilər. Çünki siyasi partiyalara inamsızlıq, ictimai fəallara qarşı repressiyalara görə qorxu hissinin kütləviləşməsi ilə hakimiyyət bu nəticəyə nail ola bilib. Amma baş verənlər onu göstərir ki, hakimiyyət vətəndaş cəmiyyətinə qarşı siyasətinin törədə biləcəyi fəsadları hesablamadan proseslərə start verib və vahid mərkəzdən idarəolunma onu daha pis məcraya gətirib çıxarıb. Bir tərəfdən beynəlxalq səviyyədə artan gərginlik, regionda mürəkkəbləşən geosiyasi durum, digər tərəfdən də getdikcə artan sosial-iqtisadi çətinliklər daha çevik qərarların qəbulunu tələb edir. Bu halda yeni qərar və təşəbbüslərlə hakimiyyət vətəndaşların yaşamaq hüququnu təmin edə bilməyəcəksə, o halda siyasi həyatdakı idarəolunan susqunluğu iqtisadi müstəvidə idarəolunmaz sosial etirazlar pozacaq. Bu zaman hakimiyyətin siyasi həyatda olduğu kimi müdaxilə imkanları olmayacaq, çünki bu müstəvidə hakimiyyət xalqla üz-üzrə qala bilər və onlar arasında tənzimləyici institutların olmaması perspektivdə daha böyük təhlükələr yarada bilər.
 
- Qubad bəy, ABŞ-dakı həyatınız necə davam edir?
 
- ABŞ-da fəaliyyətimin birinci mərhələsi avqust ayında başa çatdı. İndi ikinci mərhələnin birinci yarısını yekunlaşdıraram. Əvvəlki planımla sentyabradək ölkəyə dönmək vardı. Amma bu gün Azərbaycanda geniş müzakirə obyektinə çevrilən MTN-nin səriştəsiz siyasəti məni də panlarımda düzəliş etməyə məcbur etdi. MTN-dən idarə olunan bəzi qəzetlər vasitəsilə mənim burdakı fəaliyyətimlə bağlı dərc olunmuş yazılarla formalaşdırılan böhtan dolu, çirkin rəylər planlarımda dəyişikliklər üçün əsaslar yaratdı. Orda istehsal olunan uydurmalara görə, guya ki, mən Azərbaycana qayıdaraq ölkədə parlament seçkiləri qabağı siyasi vəziyyəti gərginləşdirmək iddiasındayam. Bununla bağlı MTN-nin sifarişi ilə qəzetlərdə ictimai nüfuzuma xələl gətirən yazılar çap edildi, onun ardınca ofisimizə hücum oldu, avadanlıqlar və mühasibat sənədləri müsadirə edildi, əməkdaşlarımız istintaqa cəlb edildi. Rəhbərlik etdiyim təşkilata qarşı əsassız vergi cəriməsi tətbiq olundu. Ötən zaman və həm də hazırda baş verənlər onu göstərdi ki, bunlar hamısı milli təhlükəsizliyi təmin edən dövlət qurumunun antiAzərbaycan mövqeyində olan rəhbərlərinin və onların mətbuatdakı əlaltılarının uydurmasndan başqa bir şey deyildir. Mən harda olmağımdan asılı olmayaraq - Azərbaycanda da, kənarda da həmişə dövlətçiliyə, milli maraqlara xidmət etmişəm və bunu vətəndaş mövqeyi olaraq öz borcum saymışam. ABŞ-da olduğum dövrdə də peşəkar səviyyədə ölkəmiz üçün aktual olan tədqiqatlarla - təbii resursların iqtisadiyyatı, iqtisadiyyatın şaxələnməsi problemləri mövzularının araşdırılması ilə məşğul olmuşam. Səfərimin ilk dövrlərində Vaşinqtonda olarkən ordakı institutların, beyin mərkəzlərinin təmsilçiləri və dövlət qurumunda olan ekspertlərlə görüşüb, tədqiqatımla bağlı müzakirələr aparmışam. Hazırda isə dünyaca məşhur Duke Universitetində ziyarətçi professor olaraq çalışıram və akademik fəaliyyətlə məşğulam.
 
- ABŞ-da Azərbaycanla bağlı dinləmələrə, müzakirələrə qatılırsızmı?
 
- Dinləmələrdə iştirak etməmişəm. Bu prosesə qatılmağım fiziki cəhətdən də mümkün deyil. Çünki ilk dinləmə zamanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatının beynəlxalq idarə heyətinin üzvü kimi Bern şəhərində keçirilən 30-cu toplantısındaydım. Həmin toplantıda Ermənistanın bu təşkilata qoşulmasına qarşı çıxış etmiş və dövlətin mövqeyini müdafiə etmişəm. Sonuncu dinləmə zamanı isə Meksikada Açıq Hökumət Tərəfdaşlığı Qlobal Sammitində məruzəçi statusunda iştirak etmişəm və bu təşəbbüsdə Azərbaycanın iştirakı potensialından danışmışam. Təmsil etdiyim İqtisadi Tədqiqatlar Mərkəzinin Açıq Hökumət Tərəfdaşlığı Milli Fəaliyyət Planına dair apardığı monitorinqinin nəticələrini sammit iştirakçıları ilə bölüşmüşəm.
 
- Yeri gəlmişkən, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) Azərbaycanın statusu aşağı salındı. Bu prosesdə sizin iştirakınız hansı səviyyədə olub?
 
- Bu təşkilatın qaydalarına görə, maraqlar münaqişəsini aradan qaldırmaq üçün üzv ölkələrlə bağlı müzakirələrdən həmin ölkələrin təmsilçiləri kənarlaşdırılır və onlara səsvermə hüququ verilmir. Aprelin 15-də bu qərar verilən zaman müzakirələrdə və səsvermədə Azərbaycanı təmsil etdiyimizə görə mən və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iştirak etməmişik. Verilən qərar beynəlxalq idarə heyəti tərəfindən bizim iştirakımız olmadan qəbul edilib. O zamankı prosesdə iştirakım ölkədə vətəndaş cəmiyyətinin durumu barədə İdarə Heyətini məlumatlandırmaqla məhdudlaşıb. Lakin qərar qəbul olunandan sonra MSŞT ilə bağlı beynəlxalq səviyyədə gedən müzakirələrə cəlb olunmuşam. Bu müzakirələr zamanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kleir Şortun Azərbaycana rəsmi səfərinin təşəbbüskarı və onun proqramının təşkilatçılarından biri olmuşam. Xanım Şortun prezident Əliyevlə görüşündən sonra başlayan son müzakirələrdə də iştirak edirəm. Hazırda beynəlxalq idarə heyəti olaraq Azərbaycan vətəndaş cəmiyyətinin bu prosesdə iştirakını izləyirik və qiymətləndirmələr əsasında gələn ilin aprel ayında yekun qərar veriləcək. O zaman aparılacaq son dəyərləndirmələr zamanı vətəndaş cəmiyyətinin prosesdə iştirakı ilə bağlı çətinliklərin tam aradan qaldırılması öz təsdiqini taparsa, onda Azərbaycanın statusu yenidən bərpa ediləcək.
 
- İştirak etdiyiniz layihənin müddəti nə zaman bitir? Yeni dəvətlər varmı, yoxsa siz Azərbaycana qayıtmağı planlaşdırırsınız?
 
- Mənim Duke Universitetində cəlb olunduğun proqramın müddəti gələn ilin əvvəlində sona çatır. ABŞ-a hazırkı səfər proqramım peşəkar və elmi fəaliyyətimin inkişafına əhəmiyyətli töhfələr verir. Yeni dəvətlərin hamısından birmənalı şəkildə imtina etmişəm. Əksinə hazırkı proqram çərçivəsində daha məhsuldar çalışıram ki, burdakı fəaliyyətimi yekunlaşdırıb, tezliklə Azərbaycana dönüm.
 
- Ölkəyə qayıtmağınızla bağlı narahatçılığınız yoxdur ki?
 
- Xeyr, əvvəllər xarici səfərlərdən necə dönmüşəmsə indi də eyni qaydada Azərbaycana alnı açıq, üz ağ qayıdacam. Bu üzdən ABŞ səfərimi də fərqləndirmirəm, əvvəlki qəbildən bir səfər hesab edirəm. Dönüşüm ətrafında ajiotaj yaranmasını və onun şouya çevrilməsini arzulamıram. Ümid edirəm ki, yaxın aylarda vətəndə görüşəcəyik.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook