SON XƏBƏR

Yeni dövlət proqramı hazırlanır: Tıxaclara son qoymaq mümkün olacaq?

Yanvar 29
00:48 2025
"Düşünürəm ki, yeni proqramda yol infrastrukturunun optimallaşdırılması, nəqliyyatın şaxələndirilməsi, o cümlədən ictimai nəqliyyatda sərnişin daşımanının daha təhlükəsiz və keyfiyyətli səviyyəyə çatdırılması istiqamətində müəyyən müddəalar yer alacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı hazırlanan dövlət proqramındakı yeniliklərdən danışarkən deyib. 

Ekspert bunun daha geniş proqram olacağını xatırladıb:

"Buna bənzər bir proqram - Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı var idi. Düzdür, bu proqramda əsas məqsəd qəzaların sayının azaldılması idi. Bu 2019-2023-cü illəri əhatə edən, geniş bir proqram idi. Orada bir sıra nəqliyyat, yol infrastrukturu ilə bağlı müddəlar yer almışdı. Ola bilər ki, yenidən həmin müddəaların işlənməsi yeni proqrama da əlavə edilsin".

Ekspert bildirib ki, nəqliyyat sahəsi iqtisadiyyatın aparıcı sektorlarından biridir: 

"Bu, bəllidir. Bu səbəbdən də yol nəqliyyat sahəsinə dövlətin daha çox maraq göstərməsi də normaldır. Həmçinin burada diqqət yetirilməli məqamlardan biri Bakı şəhəri və ətraf ərazilərdə avtomobil tıxaclarının yaratdığı problemlər də qeyd edilib. Düşünürəm ki, proqramda tıxaclardan qurtulma yolları da göstərilib. Tıxacların səbəbləri müxtəlifdir. Obyektiv və subyektiv səbəblər var. Proqramda bu səbəblərlə də bağlı müəyyən müddəalar yer alacaq. Daha sonra Bakı şəhəri və ətrafda şəhərsalma və tikinti məsələlərində nizam-intizamın yaradılması, konkret sərt qaydaların tətbiqi də yer ala bilər".
 
Ekspert parklanma məsələlərini xüsusi önə çəkib:

"Bakı şəhəri və ətraf ərazilərdə yaşayış və qeyri-yaşayış obyektlər tikilir və onların parklanma yerləri təşkil olunmur. Bu da öz-özlüyündə sürücüləri sövq edir ki, onlar avtomobillərini yolun kənarında saxlasınlar. Bu da tıxaca səbəb olan amildir. Şəhərsalma və tikinti sahəsində də nizam-intizama nail olmaq üçün müəyyən müddəalar yer alacaq".

Eldəniz Cəfərov hesab edir ki, bu proqramın qəbul edilməsi Bakı və ətraf ərazilərdə tıxaclardan azad olmaq, nəqliyyatın daha sərbəst hərəkətinin təmin edilməsi, yeni körpülər, hətta tunellərin tikintisi və s. bunların hər biri Bakı şəhərində hərəkəti daha sərbəst etməyə imkan verəcək. 

Qeyd edək ki, Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı bildirib:

"Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb". 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook