Yaxın Şərqdə gərginlik pik həddə - Politoloq Şahin Cəfərlinin şərhi
Yanvar 03
13:30
2016
"Müsəlman dünyasında yenə ara qarışıb. Səudiyyə dövlətinin həbsdəki şiə lider Nimr əl-Nimri edam etməsi başda İran və İraq olmaqla, bölgə şiələrini ayağa qaldırıb. İran XİN bəyanat yayaraq Səudiyyə Ərəbistanını terroru dəstəkləməkdə ittiham edib ve bu ölkə müvəqqəti işlər vəkilini çağıraraq rəsmi etiraz bildirib; iranlı ayətullahlar od püskürür və kral ailəsini hədələyirlər; İraqda Müktəda əs-Sədr bütün şiələri etirazlara səsləyib, keçmiş baş nazir Maliki səudları lənətləyib; Bəhreyndə şiələr küçələrə çıxıb; Livan "Hizbullah"ı da olaya səssiz qalmayıb ve s... Paralel olaraq, Səudiyyə Ərəbistanı Yəməndəki şiə husilırlı atəşkəsin sona çatdığını elan edib".
Musavat.com xəbər verir ki, politoloq Şahin Cəfərlinin Yaxın Şərqdə baş verən gərginliyə dair sosial şəbəkədəki qeydləri bu cür başlayır. Daha sonra politoloq yazır:
"Bütün bunlar Yaxın Şərqdə nüfuz mübarizəsinin tərkib hissəsi kimi məzhəb savaşının getdikcə önə çıxdığını göstərir. İranın son vaxtlar regionda (İraq, Suriya, Yəmən) aqressiv şəkildə öz təsirini artırması əks-reaksiyaya səbəb olmalı idi və hazırda bu reaksiyaları izləməkdəyik. İslam (sünni) koalisiyasının yaradılması, Səudiyyə-Türkiyə müttəfiqliyi, İsrail-Türkiyə yaxınlaşması, son olaraq fərdi olay kimi görünməsinə rəğmən şeyx Nimrin boynunun vurulması da bu reaksiyanın təzahürləridir. Amansız bir rəqabət gedir. Adları çəkilən dövlətlərin Rusiya dəstəkli İranın regional ekspansiyasını dayandırmaq məsələsində maraqları üst-üstə düşür və bir-birinə ehtiyacı yaranıb.
Bu mənzərənin ortaya çıxmasında "Sem dayı"nın siyasetinin rolu böyükdür. Əslinde ABŞ bugünkü qüdrəti ilə İranın da, Rusiyanın da bölgede irəlileməsinə yol verməyə bilərdi, lakin bunu etmədi, əksinə, bu dövlətləri İŞİD-ə qarşı mübarizəyə töhfə verməyə çağıraraq onların Suriya girdabına girmək həvəslərini seyr etdi. ("İŞİD niyə mehv edilmir" sualına cavablardan biri burada gizlənir, bu faktordan hər kes öz maraqları naminə yararlanır). Başa çatmaqda olan Obama dönəmi Amerikanın dünya jandarmı rolundan geri çəkilərək öz diplomatiyasını ve "yumşaq güc"ünü önə çıxardığı bir dövrdür. Bu dövrün xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müxtəlif regional münaqişələrin həlli üçün ABŞ birbaşa müdaxilə etmək yerinə, öz müttəfiqlərini qabağa verməklə, onların vasitəsilə problemləri çözməyə üstünlük verir. Konspirologiya kimi görünə bilər, amma Suriya məsələsində ərəbləri (sünni-sələfi çoxluq) hərəkətə keçirmək üçün onların İran kimi ənənəvi fobiyası üzərində ustalıqla oynadılar. Obamanın "bölgədəki problemlərin həllində bölgə dövlətləri məsuliyyəti öz üzərinə götürməlidir" bəyanatını bu kontekstdən dəyərləndirmək doğru olar. Türkiyə-İsrail barışığında da bu amil ağırlıqdadır. Bu gün Ərdoğan "İsrailə ehtiyacımız var" deyir, halbuki məşhur "van minut" (2009) və "Mavi Marmara" (2010) olaylarından sonra bunu təsəvvür etmək çətin idi. Ukrayna məsələsində isə Vaşinqton tənbəl avropalı müttəfiqlərini qabağa verdi ve Putinin kaprizlərini Merkel ilə Olland çəkməli oldu..."



