"Yavaş-yavaş stabilləşmə olacaq" - Vahid Əhmədov
Yanvar 15
14:11
2016
"Dövlət Neft Fondunun hərraca dollar çıxarması valyuta bazarına müsbət təsir göstərəcək"
Millət Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov Qaynar.info-ya açıqlamasında bu sözləri deyib.
Vahid Əhmədovun sözlərinə görə, son vaxtlar gedən proseslər, dolların dəyərinin kəskin artması Azərbaycanın valyuta bazarında müəyyən çətinliklər yaratmışdı: "Buna görə də Neft fondu öz ehtiyatından 200 milyon dollar hərraca çıxardı ki banklar onu alsın və müəyyən qədər çətinlik aradan qalxsın.
Bu, qanuni haldır. Qarşıdakı dövrlərdə də Neft Fondu yəqin ki, hərraca dollar çıxaracaq və bu da insanların dollara olan tələbatına və valyuta bazarına müsbət təsir göstərəcək."
Vahid Əhmədov həmçinin bildirib ki, yavaş- yavaş stabilləşmə olacaq: "Dollara olan tələbat çoxdur. Çünki bir müddət öncə əmanətlərimizin 80 faizi manat, 20 faizi isə dollar idi. Amma hazırda əmanətlərin 75 faizi dollarladı, 25 faizi isə manatla. Dünyada gedən proseslə əlaqəli manat dəyərdən düşdü. Buna görə də əhali dollara daha çox üstünlük verir.
Buna baxmayaraq qarşıdakı dövr üçün hökümət müəyyən qərarlar verəcək. Mərkəzi Bank müəyyən işlər aparır. Yavaş- yavaş stabilləşmə olacaq."
Xatırladaq ki, Dövlət Neft Fondu dünəndən etibarən bu il üçün valyuta satışını bərpa edib. Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə keçirilən ilk hərracda 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılaraq 32 banka satılıb.