Yasamaldakı yanğına görə sakinlər "LOFT" restoranını günahlandırır
Noyabr 22
12:38
2025
Yasamal rayonunda baş verən yanğınla bağlı "LOFT" restoranı ittiham edilib.
Qlobal.az xəbər verir ki, bu barədə sakinlər Milli.Az-a məlumat verib.
Bidirilib ki, uzun müddətdir məhkəmə çəkişmələrinə səbəb olan "LOFT" restoranı ilə bağlı dəfələrlə media qurumları məlumat yayıb. İTV və digər kanalların məsələni işıqlandırdığı qeyd olunub.
"Restoran sahibinin qanunsuz müdaxilələrinə baxmayaraq, şikayətlərə baxılmadı və nəticədə bu gün yanğınla nəticələnən ağır hadisə baş verdi:
"O dünyadan qayıtdıq. Alov görmədik, amma qatı tüstü var idi. FHN və polislər camaatı boğula-boğula çıxartdılar. Sağ olsunlar".
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Yanğın nəticəsində Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.



