Yaradcılığıyla tarixə möhür vuran Çapay Sultanov
Mart 05
16:00
2016
O, doğulanda – 1936-cı ildə Azərbaycan AMEA-nin Tarix İnstitutu 13 il idi yaranmışdı.
O, doğulanda –Azərbaycan Şahmat Federasiyası 16 il idi fəaliyyət göstərirdi.
O, doğulan il – Azərbaycan neft sənayesi Nobel, Rotşild mərhələsini arxada qoyub sovet dövrünü yaşayırdı.
Və qarşıda Azərbaycanı ağır faciələr gözləyirdi, bu faciələri sistemli şəkildə açan, yaxud bu gözləntidən xalqı xəbərdar edən heç bir institut, təşkilat yox idi. Çünki SSRİ-nin xalqlar dostluğu təbliğatı tamam başqa insan tipi yetişdirirdi.
Haqqında danışacağım insan öz yaradıcılığıyla yetişdirilən tiplərin düşüncə tərzini dağıtdı. Azərbaycan xalqının düşüncəsində öz təbii sərvətlərinə, tarixinə, siyasi dünyagörüşünə, hətta idman növü olan şahmata münasibətdə ehkamlaşmış qəlibi əlbəttə ki, Tarix İnstitutu dağıda bilməzdi, çünki bu ehkamı yaradanlardan biri də elə o instututun tabe olduğu akademiya idi.
Ancaq Çapay Sultanov universal düşüncəsiylə fərqli yanaşma qoydu.
Kimdir Çapay Sultanov?
Geologiya-minerologiya elmləri doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının üzvü…
Və daha hansı titutlları sadalamaq gərəkdir ki, Çapay Sultanovu Azərbaycan oxucusuna tanıdasan. Məhz Azərbaycan oxucusuna. Çünki onu ölkə xaricində kifayət qədər tanıyırlar. Təkcə iki faktı nəzərinizə çatdırmaqla Çapay Sultanovun Qərbdə, Şərqdə necə tanınmasının şahidi olacaqsınız. Heyrətamiz hadisə sayıla bilər ki, bu günə qədər Çapay müəllimin saytına müraciət edənlərin sayı 4 milyonu ötüb. Onun əsərlərinin yayılma arealı isə xüsusi maraq doğurur. 10 il əvvəlin-2006-cı ilin məlumatına əsasən saytın Rusiyadan 28 min, Ukraynadan 5351, Azərbaycandan 5060, Almaniyadan 3516, Türkiyədən 3180, Sovakiyadan 2078, Belarusdan 1804, İngiltərədən 1486, Estoniyadan 954, Polşadan 849, Finlyandiyadan 679, Belçikadan 609, İsveçdən 545, Moldovadan 540, Niderlanddan 534, Ermənistandan 522, Litvadan 270, Latviyadan 461, Gürcüstandan 196 və o cümlədən Vyetnamdan, Kiprdən, Yunanıstandan, İspaniyadan, Fransadan, İsveçrədən, Yaponiyadan, Xorvatiya, Macarıstandan, Avstraliyadan, İtaliyadan və başqa ölkələrdən yüzlərlə istifadəçisi var. Hələ bu sırada müəllifin elektron poçtuna gələn məktublar, keçirilən forumlardakı çıxışlar onun əsərlərinə marağın hansı dərəcədə olduğunun göstəricisi sayıla bilər. Ötən dövrdə Çapay müəllimin saytına dəfələrlə hücumlar edib dağıtsalar da, təcavüzkar qonşularımız istəklərinə tam nail olmayıblar. Bəs Ç.Sultanova marağı yaradan hansı cəzbedici qüvvədir? Sadəcə, gərgin əməyi, çalışqanlığı nəticəsində yaratdığı əsərlər.
150-dən çox elmi məqalənin,16 samballı əsərin məllifi olan
Çapay müəllimin faktlar və dəmir məntiqin vəhdətindən ibarət monumental "İmperiyanın sonuncu zərbəsi”, "XXI əsrin neft-qaz strategiyası və siyasəti”, "Neft”, "Bakı nefti olmasaydı, müttəfiqlər qalib gələ bilərdimi?”, "Təxirə salınan uçuş. İkinci cəhd”, "Azərbaycanın böyük nefti”, "İblis damğalı” əsərlərini xatırlamamaq olmur.
Bax, bu sadaladıqlarım bir institutun görməli olduğu iş idi. Hanı, bəs niyə etmədilər-suallarının artıq əhəmiyyəti yoxdur.
Yaxud özündə 64 sxemi birləşdirən yaratdığı xəritə minilliyin əvvəlindən bu günə qədər Azərbaycanda baş verən ən mühüm hadisələrdən xəbərdar olmaq imkanı verir. Xəritədə daşnakların ötən əsrin əvvəllərində törətdikləri vəhşiliklər, 20 Yanvar faciəsi, ərazilərimizin Ermənistan ordusu tərəfindən işğalı, neft-qaz layihələrindən əldə olunan gəlirlər öz əksini tapıb. Maraqlı cəhət xəritədə Ermənistanın bugünkü iqtisadi vəziyyəti və gələcəyi rəqəmlərlə göstərilib. Qarabağ həqiqətlərini özündə əks etdirən 9 kitabın müəllifi əsərlərində münaqişənin yaranma tarixini elmi şəkildə izahını təqdim edib. Bu baxımdan onun iki hissəli "Basqın” əsəri xüsusi ilə qeyd edilməlidir. Kitabda erməni terrorizmininin təkcə Qarabağda yox, başqa ölkələrdə də törətdiyi vəhşiliklər bütün təfərrüatı ilə açılır.
Onu bir çoxları rus dilində yazmaqda qınayırlar. Halbuki, rus dilində yazdığı əsərlərin yayılma arealına yuxarıda toxunduğumuzdan geniş təsvir etməyə ehtiyac görmürük. Bu illərdə Ç.Sultanovun bir sıra əsərlərinin Türkiyədə, Böyük Britaniyada, ABŞ-da çap olunması müəllifin necə tanınması sualına son qoya bilər.
Təkcə sadaladıqlarımla bitmir Çapay müəllimin yaradıcılıq yolu. 16 il Azərbaycan Şahmat Federasiyasına rəhbərlik etdiyi dövrdə bölgələrdə 42 şahmat məktəbinin ərsəyə gətirən Çapay müəllim dünyada ilk dəfə şahmatın kompüterlə tədrisini yaradıb. Bu hadisəyə görə FİDE-nin prezidenti F.Kampomanes 1987-ci ildə Bakı şahmat məktəbinə təşrif buyurmuş və "Sovetskiy Sport” qəzetinə müsahibəsində Sultanovun kompüter proqramından dərin təəssüratla ayrıldığını bildirmişdi. İndi də şahmat dünyası Sultanovun yaratdığı kompüter sistemindən istifadə edir. Bu məqamda onun "Şahmat və hər şey haqqında” əsərini xatırlamamaq olmur. Kitab təkcə Azərbaycan şahmat tarixinin açılmayan səhifələrinə işıq salmır, həm də müəllifin Botvinnik, Smıslov, Tall kimi dünya səviyyəli şahmatçılarla oyunlarından bəhs edir. Əsərin "Kasparovun Şahmat Federasiyasına hücumu” bölməsi xüsusi maraq doğurur.
Çapay Sultanovun 1 mükafatı var-o da yaşadığı ömür və kitablarıdır. Çünki tarix milyonlarla mükafat görüb, amma müküfatlardan üstün ömür quran insanları çox az.
Tarixə öz möhürünü isə ikincilər vurub.
Azadlıq.info
Natiq Cavadlı