Yaponiyanın keçmiş Baş nazirini qətlə yetirən şəxs başqasını öldürmək istəyirmiş
İyul 09
11:49
2022
Yaponiyanın keçmiş Baş naziri Sindzo Abeni qətlə yetirən Yamaqami Tetsuyanin müstəntiqlərə verdiyi ifadəsinin daha bir hissəsi mətbuata sızıb.
"Report” "Kyodo News”a istinadən bildirir ki, 41 yaşlı qatil əsas hədəfinin adını çəkmədiyi dini sekta lideri olduğunu iddia edib.
Onun sözlərinə görə, anası həmin sektaya qoşulub. Y.Tetsuyani buna görə təriqət başçısını günahkar bilir və onu öldürmək istəyirmiş: "Anam bu sektaya cəlb olunub. Çox böyük ianələr verir. Nəticədə bizim həyatımız dağılıb”.
Y.Tetsuya psixi ekspertizaya göndəriləcək.
Qeyd edək ki, iyulun 8-də Yaponiyanın keçmiş Baş naziri Sindzo Abe açıq havada seçkiqabağı çıxşı zamanı Y.Tetsuya tərəfindən güllələnib. O, yaralı halda hospitala çatdırılsa da keçmiş hökumət başçısının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, S.Abe 1954-cü il sentyabrın 21-də Yaponiyanın Sindzyuki şəhərində anadan olub. Onun ana babası Nobusuke Kisi Yaponiyanın Baş naziri, atası Abe Sintaro isə xarici işlər naziri olub.