YAP - Vətənə xidmət nümunəsi
Noyabr 13
17:11
2022
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması, ilk növbədə, sosial sifariş idi. YAP yeni sistemə nəfəs gətirən mükəmməl bir təşkilat olaraq ölkəmizin inkişafında və ictimai-siyasi həyatında danılmaz xidmətləri olan bir partiyadır. Məhz bu nöqteyi-nəzərdən dünənin, bu günün və gələcəyin təminatçısı kimi YAP əbəs yerə xilaskarlıq partiyası adlandırılmır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
O bildirib ki, 1992-ci ildə ölkəmizin bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək, onu yenidən siyasi meydanda görmək arzusunu ifadə etdi. Həmin il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında YAP-ın yaradılması elan olundu. Xalqımızın dahi oğlu Heydər Əliyevin sədr seçildiyi YAP 1992-ci il dekabrın 18-də dövlət qeydiyyatına alındı.
Emin Bağırov qeyd edib ki, YAP-ın yaradılması ilə ölkənin siyasi sistemində müsbətə doğru ciddi dəyişikliklər ilk vaxtlardan nəzərə çarpdı. Bu partiya qısa zaman ərzində ətrafında milli ideyalar uğrunda mübarizə aparan ziyalıların sıx birləşməsinə səbəb oldu. Yenicə müstəqillik qazanmış, nə idarəçilik, nə də siyasi səriştəsi olmayan siyasətçilərin qurbanına çevrilən bir respublika üçün bu, olduqca vacib idi.
"Beləliklə, müstəqilliyə ikinci dəfə qovuşmuş ölkəmizin həyatına YAP, necə deyərlər, Günəş kimi doğdu. Onun xalqımızın yoluna saldığı parlaq işıq Azərbaycanın gələcəyini aydınlığa çıxardı. Həmin dövrdə respublikada baş verən xaos, siyasi böhran ölkəni uçuruma doğru aparırdı. Digər tərəfdən, dövlət əleyhinə işləyən, müstəqilliyimizə düşmən kəsilən daxili və xarici qüvvələrin pozucu fəaliyyəti ilə Azərbaycan məqsədli şəkildə miskin duruma salınmışdı. Hakimiyyətin apardığı bərbad siyasət nəticəsində ölkəni separatizm alovu bürümüş, respublika faktiki olaraq dağılmaq təhlükəsinin astanasında idi”, - deyə mexanika üzrə fəlsəfə doktoru vurğulayıb.
O diqqətə çatdırıb ki, qeyd olunanlarla yanaşı, vahid komandanlığın olmaması müharibə aparan ölkəni arzuolunmaz vəziyyətlə üzləşdirmiş, cəbhə xəttində uğursuzluğa düçar etmişdi. Belə bir ağır şəraitdə xalqın yeganə ümidi dahi şəxsiyyət Heydər Əliyev idi: "Hamı düşünürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız ümummilli lider çıxara bilər. Ona görə də xalqın təkidi ilə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Qısa zaman ərzində Ulu Öndərin müdrik siyasəti, tarixi qərarları ilə Azərbaycan bu təhlükəli vəziyyətdən qurtuldu. Sabitlik bərqərar oldu, ölkənin daxili və xarici siyasət kursu dəyişdi, Azərbaycan nəhəng iqtisadi layihələri ilə dünyanın diqqət mərkəzinə düşdü”.
Bundan başqa YAP ərazi təşkilatları və onların rəhbərləri də bu illər ərzində qarşıya qoyulan vəzifələri uğurla icra etmiş, Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrin yerlərdə icrasına lazımi dəstək göstərmişlər.
Hazırda Azərbaycan dövlətinin müxtəlif vəzifə iyerarxiyasında YAP sıralarında yetişmiş və geniş dövlət idarəçiliyi təcrübəsi qazanmış gənc nəslin nümayəndələri təmsil olunurlar. Bu baxımdan YAP həm də zamanla yeniləşən gəncliyin partiyasıdır.
YAP yalnız dağılmaqda olan ölkəni xilas edən siyasi təşkilat kimi yox, eyni zamanda, dövlətin ərazi bütövlüyünü gerçəkləşdirən, sosial-iqtisadi inkişafı formalaşdıran siyasi komanda kimi müasir tariximizdir.
Bu gün Azərbaycanın dövlət kimi qazandığı uğurların başlanğıcı məhz 30 il əvvəl YAP-ın yaranması ilə qoyulub. Bu müddətdə xalqın mütləq əksəriyyətinin etimadını qazanan YAP idarəçilikdə də yüksək nailiyyətlər əldə edib.
Ümummilli liderin xilaskar lider kimi dövlətin başına keçməsi ilə başlanan qurtuluş yolu hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
Beləliklə, 30 il əvvəl Naxçıvanda yaranması elan edilən YAP adını bir ölkənin, bir xalqın tarixinə qızıl hərflərlə yazdı və sözün əsl mənasında, bütün dünyada müasir, güclü və qalib partiya kimi böyük nüfuz qazandı. 30 illik yubiley tədbirinə hazırlaşan və qurucu fəaliyyəti ilə ölkəmizin inkişafına misilsiz töhfələr verərık bizi qüdrətli edən, Vətənə xidmət nümunəsi kimi YAP hər birimizin istinad, inam ünvanıdır.
Qlobal.az



