SON XƏBƏR

YAP Gənclər Təşkilatının sabiq sədr müavini ilə bacısı məhkəmə qarşısında…

Avqust 13
19:43 2022
Zərərçəkənlər arasında müharibə veteranı da var

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının keçmiş sədr müavini, eyni zamanda, Bakının Binəqədi rayonunun bələdiyyə sədri olmuş Aytac Əliyeva dələduzluq, saxta sənəd ittihamıyla 9 aydır ki, həbs olunub. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birlikdə mühakimə olunur. Bacısı da dələduzluqda ittiham edilir. Lakin sabiq bələdiyyə sədrindən fərqli olaraq, bacısı ev dustaqlığındadır.

Əliyeva bacılarının ümumilikdə 16 epizod üzrə adamları aldatdığı və yarım milyon manata yaxın pulu ələ keçirdiyi iddia olunur. İttihama əsasən, onlar qızıl-zinət əşyalarının alqı-satqısı adıyla adamları aldadıb, pullarını ələ keçirməkdə, vətəndaşa Binəqədi qəsəbəsində torpaq sahəsinin satışıyla bağlı saxta sənəd verməkdə, işə düzəltmək adıyla pul almaqda təqsirləndirilir.

Məhkəmədə zərərçəkmiş qismində tanınan şəxslərlə təqsirləndirilənlər arasında dəfələrlə qalmaqal yaşanıb. Zərərçəkmişlər pullarını tələb edirlər.

Budəfəki məhkəmə iclasında məlum olub ki, zərərçəkənlər arasında Qarabağ müharibəsi veteranı da var. İlknur Əliyevanın Tural adlı bu şəxsdən işə düzəltmək adıyla 2000 manat pul aldığı iddia olunur.

Hakim ev dustaqlığında olan İlknur Əliyevadan müharibə veteranına dəymiş ziyanı ödəmək niyyətində olub-olmadığını soruşub:

"Başqa zərərçəkmişlərə dəymiş ziyanın məbləği böyükdür. Bu şəxsə cəmi 2 min manatdır, özü də müharibə iştirakçısıdır…”

İlknur Əliyeva ona dəyən ziyanı ödəyəcəyini söyləyib.

Məhkəmə araşdırmaları davam edir. Bu iş üzrə növbəti məhkəmə iclası avqustun 23-də olacaq.
 
(Meydan.tv)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook