Xocalıya həsr olunmuş konsert-rekviem keçirilib- Özbəkistanda
Fevral 26
19:05
2016
Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Xocalı faciəsinin 24-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib.
Səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin çoxsaylı səfirləri, diplomatları, ölkənin dövlət nümayəndələri, tanınmış elm, mədəniyyət xadimləri, diaspora fəalları, ali məktəb tələbələri, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Heydər Əliyev Fondunun layihəsi ilə çəkilmiş "Xocalıya ədalət" adlı klip nümayiş etdirilmişdir.
Anım tədbirində çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri cənab
Hüseyn Quliyev Xocalı soyqırımı haqqında məlumat verdi, faciənin ağır nəticələri barədə məruzə edib.
Səfir erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, qadınlara, uşaqlara, yaşlılara qarşı xüsusi amansızlıqla işgəncələr verildiyini, faciə nəticəsində yüzlərlə azərbaycanlının məhv edildiyini qeyd etdi.
Diplomat çıxışında bu günə qədər dünyanın 12 dövlətinin, ABŞ-ın 20 ştatının, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Xocalıda baş verən hadisələri soyqırım kimi tanıdığını vurğuladı. Səfir çıxışında yalnız Xocalıda deyil, Xolokostda, 1915-1918-ci illər Türküstanda törədilmiş soyqırımları da qətiyyətlə pislədiyini bəyan etdi.
Daha sonra Özbəkistan xalq çalğı alətləri Kamera Orkestri "Xocalıya ədalət" adlı soyqırım qurbanlarının xatirəsinə həsr etdiyi konsert-rekviemlə çıxış etdi.
Konsert-rekviemdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Hacı Xanəmmədovun, özbək bəstəkarları Dani Zakirovun, Muxtar Əşrəfinin və s. əsərləri ifa olundu.
Beynəlxalq festivalları laureatı Səncər Kadirov xocalı soyqırımı qurbanlarının xaitərsinə ithaf etdiyi "Ayrılıq", "Darıxıram sənin üçün Şuşam" musiqisini Azərbaycan dilində ifa etdi. Konsert rekviemdə bədii rəhbər professor Firuzə Abduaraximova olmuşdur.
Daha sonra azərbaycanlı müğənni Nigar Camalın "Məhv olmuş arzular" adlı klipi nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən xarici qonaqlara Azərbaycan Səfirliyinin dəstəyi ilə bu il Daşkənddə nəşr olunmuş özbək tədqiqatçısı Şuxrat Barlasın "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər” adlı kitab paylanılıb.
Tədbir yerli KİV-lərdə, o cümlədən Türkiyənin "TRT" kanalında geniş yayılıb.
Qlobal.az



