SON XƏBƏR

Xocalıda soyqırıma məruz qalan 44 LAÇINLI

Fevral 27
02:45 2016
Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən baş vermişdir. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 sakin əsir, 150 sakin isə itkin düşmüşdür.
 
Xocalı soyqırımı zamanı əslən Laçın rayonundan olan 50-dən çox insan soyqırıma məruz qalmışdır. Soyqırıma məruz qalan 44 Laçınlı haqqında ətraflı məlumatlara oxucuları tanış edirik.
 
Abbasova Məryəm Məşədi qızı 1932-ci ildə Laçın rayonunda doğulmuşdur. 1952-ci ildə Xərrar Mütəllim oğlu ilə ailə həyatı qurmuş, övladları olmamışdır. 1962-ci ildə Xocalı rayonunun Daşbulaq kəndinə gəlmiş, fermada sağıcı işləmişdir. 1988-ci ildə ermənilər tərəfindən qovulduqdan sonra Xocalıya pənah aparmışdır. 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı Kətik meşəsində qətlə yetirilmişdir. Məzarı yoxdur.
 
Cabbarov Azad Pirqulu oğlu Laçın rayonunun Arduşlu kəndində doğulmuşdur. 1989-cu ildə Qasımova Fəridə Cəlil qızı ilə ailə həyatı qurmuş, iki oğul atası olmuşdur. Könüllü olaraq Xocalı özünümüdafiə batalyonunda döyüşmüşdür. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Kətik dağının dikinə qədər vuruşa-vuruşa gəlmiş və orada itkin düşmüşdür. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Cəbrayılova Səmayə Sarı qızı 1950-ci ildə Laçın rayonunun Ağcakənd kəndində doğulmuşdur. Ağcakənd kənd orta məktəbini bitirmişdir. 1970-ci ildə Cəbrayılov Məzahir Mikayıl oğlu ilə ailə həyatı qurmuş, üç oğul, iki qız övladları dünyaya gəlmişdir. 1979-cu ildə Xankəndi şəhərinə gəlmiş, 1988-ci ilə kimi orada ayaqqabı fabrikində işləmişdir. Qarabağ problemi ilə əlaqədar 1988-ci ildə Xocalıya köçmüşdür.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Qara Qayanın üst tərəfinə kimi gəlmiş, orada erməni qatilləri tərəfindən qətlə yetirilmişdir. Ağdam şəhərindəki Abidə Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Əhmədova Durna Salman qızı 1922-ci ildə Laçın rayonunun Qozlu kəndində doğulmuşdur. Nayıb Əhmədov ilə ailə həyatı qurmuş, yeddi oğul anası olmuşdur. Uzun müddət kolxozda, sonralar isə sovxozda fəhlə işləmişdir. Təqaüdçü idi.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı oğlanları Rəfail və Eldar ilə birlikdə Qarqar çayını keçib Kətik meşəsində itkin düşmüşdür. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Əmirov Təvəkkül Baxış oğlu 1954-cü ildə Laçın rayonunun Vəlibəyli kəndində doğulmuşdur. Vəlibəyli kənd 8 illik məktəbini bitirmiş, hərbi xidmətə getmişdir. Hərbi xidmətdən sonra 1987-ci ilə kimi doğma kəndində yaşayıb, işləmişdir.
 
1982-ci ildə Əmirova Raya Qabil qızı ilə ailə həyatı qurmuş, üç qız, bir oğul atası olmuşdur. 1987-ci ildə ailəsi ilə birlikdə Xocalıya köçmüş, həyat yoldaşı ilə heyvandarlıq fer¬ma¬sında çalışmışdır. 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı Qara Qaya yaxınlığında əsir götürülmüş, Əsgəran qəsəbəsinə aparılaraq ermənilər tərəfindən yandırılmışdır. Ağdam rayonunun Uzundərə Şəhidlər qəbiristanlığında dəfn edilmişdir.
 
Əmirova Raya Qabil qızı 1959-cu ildə Laçın rayonunun Vəlibəyli kəndində doğulmuşdur. Vəlibəyli kənd 8 illik məktəbini bitirmişdir. 1982-ci ildə Əmirov Təvəkkül Baxış oğlu ilə ailə həyatı qurmuş, üç qız, bir oğul anası olmuşdur. 1987-ci ildə ailəsi ilə birlikdə Xocalıya köçmüş, həyat yoldaşı ilə heyvandarlıq fermasında çalışmışdır. 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı Qara Qaya yaxınlığında qızı Yeganə ilə birlikdə qətlə yetirilmişdir. Ağdam rayonunun Qərvənd kəndində dəfn edilmişdir. Əmirova Yeganə Təvəkkül qızı 1986-cı ildə Laçın rayonunun Vəlibəyli kəndində doğulmuşdur. 1987-ci ildə ailəsi ilə birlikdə Xocalıya köçmüşdür. Hələ məktəbə getmirdi. 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı Qara Qaya yaxınlığında anası Raya ilə birlikdə qətlə yetirilmişdir. Ağdam şəhərindəki Abidə Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Əzimov Həsənbala Şahmar oğlu 1935-ci ildə Laçın rayonunun Nurəddin kəndində doğulmuşdur. Nurəddin kənd 7 illik məktəbini bitirmişdir. 1949-cu ildən kəndlərində kolxozda işləmiş, 1961-ci ildə Xankəndi rayonunun Həsənabad kəndinə gəlmiş, Həsənabad, Ballıca kolxozlarında çalışmışdır. 1988-ci ildə ermənilər tərəfindən qovulduqdan sonra Xocalıya köçmüşdür. 1964-cü ildə Əzimova Pərvanə Hüseyn qızı ilə ailə həyatı qurmuş, beş oğul, iki qız atası olmuşdur.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı həyat yoldaşı Pərvanə ilə birlikdə Naxçıvanik ətrafında ermənilər tərəfindən qətlə yetirilmişdir. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Əzimova Pərvanə Hüseyn qızı 1947-ci ildə Laçın rayonunun Nurəddin kəndində doğulmuşdur. Nurəddin kənd 7 illik məktəbini bitirmişdir. 1964-cü ildə Əzimov Həsənbala Şahmar oğlu ilə ailə həyatı qurmuş, beş oğul, iki qız anası olmuşdur. Əvvəllər Xankəndi rayonunun Həsənabad kəndinə gəlmiş, Həsənabad, sonralar isə Ballıca kəndində işləyib, yaşamışdır. 1988-ci ildə ermənilər Ballıca kəndindəki evlərini yandırdıqdan sonra ailəsi ilə birlikdə Xocalıya köçmüşdür.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı həyat yoldaşı Həsənbala ilə birlikdə Naxçıvanik ətrafında ermənilər tərəfindən qətlə yetirilmişdir. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Hacıyev Tahir Hacı oğlu 1957-ci ildə Laçın rayonunun Bülövlük kəndində doğulmuşdur. Bülövlük kənd orta məktəbini bitirmişdir. 1975-1977-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Sonra Xankəndində sürücülük məktəbini bitirmiş, Xankəndi avtobazasında sürücü işləmişdir. 1980-ci ildə Hacıyeva Ramilə Hüseyn qızı ilə ailə həyatı qurmuş, iki oğul atası olmuşdur. 1988-ci ildə ermənilər tərəfindən qovulduqdan sonra Xocalı avtobazasında işləmiş, eyni zamanda Xocalı özünümüdafiə batalyonunun əsgəri olmuşdur.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Naxçıvanik ətrafına kimi gəlmiş, orada itkin düşmüşdür.
 
Sonrakı taleyi haqqında məlumat yoxdur
 
Həşimov Səlim Kərim oğlu 18 may 1963-cü ildə Laçın rayonunun Ərdəşəvi kəndində doğulmuşdur. Ərdəşəvi kənd orta məktəbini bitirmişdir. 1981-1983-cü illərdə Səmərqənd şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra qaynaqçı peşəsinə yiyələnmiş, Xocalı İpək Kombinatının tikintisində qaynaqçı işləmişdir.
 
Könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna qoşulmuşdur. 1992-ci il fevralın 26-da döyüş zamanı silahının gülləsi qurtaran 708 saylı hərbi hissənin bölmə komandiri, gizir Səlim Həşimov əsir alınaraq Əsgərana aparılmış, işgəncə verilərək qətlə yetirilmişdir. Ağdam rayonunun Atçılıq zavodundakı qəbiristanlıqda dəfn edilmişdir. Məmmədova Fitat Salman qızı ilə ailə həyatı qurmuş, bir oğul və bir qız atası olmuşdur. Oğlu Xocalı faciəsi zamanı həlak olmuşdur.
 
Hümbətov Talış İsgəndər oğlu 1931-ci ildə Laçın rayonunun Fərraş kəndində doğulmuşdur. 7 illik təhsil almışdır. 1950-1953-cü illərdə hərbi xidmətdə olmuşdur. 1959-cu ildə Hümbətova Səmayə Məhəmməd qızı ilə ailə həyatı qurmuş, üç oğul, səkkiz qız atası olmuşdur. 1960-cı ildən Xankəndində yaşamış, arıçılıq idarəsində işləmişdir. 1988-ci ilin sentyabr ayında ermənilər tərəfindən evləri yandırılmış, Xocalıya köçmüşdür. Xocalı Tikinti İdarəsində gözətçi işləmişdir.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı evlərindən qızı Sevda, yeznəsi Natiq və başqa qohumları ilə birlikdə çıxmış, fin evləri tərəfə getmişdir. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Hüseynov Hüseyn İsmayıl oğlu 1934-cü ildə Laçın rayonunun Ərikli kəndində doğulmuşdur. 1941-ci ildə Ərikli kənd ibtidai məktəbinə getmiş, 1945-ci ildən etibarən isə təhsilini qonşu Kürdhacı kənd orta ümumtəhsil məktəbində davam etdirmiş, 1951-ci ildə həmin məktəbi bitirmişdir.
 
1953-1956-cı illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Xidməti başa vurduqdan sonra kənd-də şəxsi təsərrüfatı ilə yanaşı kolxozda da işləmişdir. 1961-ci ildə ailə həyatı qurmuş, 1967-ci ildə isə ailəsi ilə birlikdə Ərikli kəndindən Əsgəran rayonunun Daşbulaq kəndinə köçmüşdür. 1974-cü ildə Hüseynin həyat yoldaşı vəfat etdiyi üçün 1977-ci ildə Əzizə xanımla evlənmişdir. 1990-cı ildə erməni təcavüzünə məruz qalan ailə kənddən məcburi surətdə köçürülmüş və Xocalıda məskunlaşmışdır.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Hüseynovlar ailəsinin 6 üzvü itkin düşmüşdür ki, onlardan biri də Hüseynov Hüseyn İsmayıl oğlu olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Hüseynov Zöhrab Hüseyn oğlu 1973-cü ildə Xocalı rayonunun Daşbulaq kəndində doğulmuş-dur. Əslən Laçın rayonunun Ərikli kəndindəndir. 1980-ci ildə Daşbulaq kənd orta məktəbinə getmiş və 1988-ci ildə həmin məktəbin VIII sinfini bitirmişdir. 1990-cı ildə erməni təcavüzünə məruz qalan ailə kənddən məcburi surətdə köçürülmüş və Xocalıda məskunlaşmışdır.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Hüseynovlar ailəsinin 6 üzvü itkin düşmüşdür ki, onlardan biri də Hüseynov Zöhrab Hüseyn oğlu olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Hüseynova Əzizə Alış qızı 1950-ci ildə Laçın rayonunun Ərikli kəndində doğulmuşdur. 1957-ci ildə Ərikli kənd ibtidai məktəbinə getmiş, 1961-ci ildən etibarən isə təhsilini qonşu Kürdhacı kənd ora ümumtəhsil məktəbində davam etdirmişdir. 1964-cü ildə həmin məktəbin VIII sinfini bitirmiş-dir. 1977-ci ildə Hüseynov Hüseyn İsmayıl oğlu ilə ailə həyatı qurduğu üçün Ərikli kəndindən Əsgəran rayonunun Daşbulaq kəndinə köçmüşdür (Qeyd: Hüseynin həyat yoldaşı rəhmətə getdiyi üçün Əzizə xanımla evlənmişdir). 1990-cı ildə erməni təcavüzünə məruz qalan ailə kənddən məcburi su-rətdə köçürülmüş və Xocalıda məskunlaşmışdır.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Hüseynovlar ailəsinin 6 üzvü itkin düşmüşdür ki, onlardan biri də Hüseynova Əzizə Alış qızı olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Hüseynova Xoşbəxt Hüseyn qızı 1963-cü ildə Laçın rayonunun Ərikli kəndində doğulmuşdur. 1967-ci ildə Xoşbəxtgilin ailəsi Ərikli kəndindən Əsgəran rayonunun Daşbulaq kəndinə köçmüşdür. 1970-ci ildə Daşbulaq kənd orta məktəbinə getmiş və 1978-ci ildə həmin məktəbin VIII sinfini bitirmişdir.
 
1990-cı ildə erməni təcavüzünə məruz qalan ailə kənddən məcburi surətdə köçürülmüş və Xocalıda məskunlaşmışdır. 
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Hüseynovlar ailəsinin 6 üzvü itkin düşmüşdür ki, onlardan biri də Hüseynova Xoşbəxt Hüseyn qızı olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Hüseynova Nəsibə Hüseyn qızı 1980-ci ildə Xocalı rayonunun Daşbulaq kəndində doğulmuşdur. Əslən Laçın rayonunun Ərikli kəndindəndir. Müharibə və məcburi köçkünlük həyatı yaşayan Nəsibə təhsil almamışdır.
 
1990-cı ildə erməni təcavüzünə məruz qalan ailə kənddən məcburi surətdə köçürülmüş və Xocalıda məskunlaşmışdır.
 
1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Hüseynovlar ailəsinin 6 üzvü itkin düşmüşdür ki, onlardan biri də Hüseynova Nəsibə Hüseyn qızı olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Hüseynova Süsən Hüseyn qızı 1971-ci ildə Xocalı rayonunun Daşbulaq kəndində doğulmuş-dur. Əslən Laçın rayonunun Ərikli kəndindəndir. 1978-ci ildə Daşbulaq kənd orta məktəbinə getmiş və 1988-ci ildə həmin məktəbi bitirmişdir. 1990-cı ildə erməni təcavüzünə məruz qalan ailə kənddən məcburi surətdə köçürülmüş və Xocalıda məskunlaşmışdır. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Hüseynovlar ailəsinin 6 üzvü itkin düşmüşdür ki, onlardan biri də Hüseynova Süsən Hüseyn qızı olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
İsbəndiyarov Eldar Hümbət oğlu 1972-ci ildə Laçın rayonunun Çorman kəndində doğulmuşdur. Çorman kənd orta məktəbində təhsil almışdır. 1985-ci ildə ailəsi ilə birlikdə Xocalıya köçmüşdür. Xocalı İpək Kombinatında işləmişdir. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı atası Hümbət ilə birlikdə Gen Dərənin üstünə kimi gəlmiş, orada həlak olmuşdur. Ağdam rayonunun Uzundərə Şəhidlər qəbiristanlığında dəfn edilmişdir.
 
Kazımov Asif Kazım oğlu 1967-ci ildə Laçın rayonunun Çorman kəndində doğulmuşdur. 1974-cü ildə Çorman kənd orta məktəbinə getmiş, 1984-cü ildə orta məktəbi bitirmişdir. 1985-1987-ci illərdə Amur vilayətində Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra bir müddət Laçın rayonunda yaşamış, sonralar Xocalıya köçmüşdür. Xocalının abadlıq işlərində çalışmışdır. 1990-cı ildə Kazımova Validə Səfəralı qızı ilə ailə həyatı qurmuş, bir oğul, bir qız övladları dünyaya gəlmişdir. 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı dörd gün Naxçıvanik ətrafındakı meşədə qalmış və itkin düşmüşdür. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Kərimova Firəngiz Mütəllim qızı 1930-cu ildə Laçın rayonunun Bozgüney kəndində doğulmuşdur. 7 illik təhsil almışdır. Kənddə kolxozda çalışmışdır. 1988-ci ildə Xocalıya köçmüşdür. Təqaüdçü idi, ailə həyatı qurmamışdır. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Naxçıvanik-Əsgəran yolu keçidindən sonra qətlə yetirilmişdir. Ağdam şəhərindəki Abidə Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Kərimova Roza Səfər qızı 1930-cu ildə Laçın rayonunun Nurəddin kəndində doğulmuşdur. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı qətlə yetirilmişdir. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Quliyev Mikayıl Zahid oğlu 1965-ci ildə Laçın rayonunun Piçənis kəndində doğulmuşdur. 1991-ci ildə Milli Orduya könüllü getmişdir. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı itkin düşmüşdür. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Quliyev Vüqar Zahid oğlu 1975-ci ildə Laçın rayonunun Xaçınyalı kəndində doğulmuşdur. Yaş yarımında olarkən ailəsi ilə birlikdə Xankəndinə köçmüş, orada Nizami adına 4 №li orta məktəbin V sinfinə qədər oxumuşdur. 1988-ci ildə ermənilər tərəfindən qovulduqdan sonra Xocalıya gəlmiş, 1 №li orta məktəbdə təhsilini davam etdirmişdir. Milli Orduya könüllü getmiş, 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı gedən döyüşlərdə həlak olmuşdur. Meyiti döyüş meydanında qalmışdır.
 
Mahmudov Əhliman Behbud oğlu 1941-ci ildə Laçın rayonunun Fərraş kəndində doğulmuşdur. 7 illik təhsil almışdır. 1961-ci ildə Xankəndi rayonunun Sarıkeşiş kəndinə gəlmiş, maldarlıq fermasında çoban işləmişdir. 1968-ci ildə Mahmudova Məhrubə Gülməmməd qızı ilə ailə həyatı qurmuş, bir oğul, altı qız atası olmuşdur. Sonralar Daşbulaqda işləmiş, özünə ev tikmişdir. 1988-ci ildə ermənilər tərəfindən qovulduqdan sonra Xocalıya köçmüşdür. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Kətik dağının üstündə ermənilərə girov düşməmək üçün ov tüfəngi ilə özünü vurmuşdur.
 
Mahmudova Roza Səfər qızı 1930-cu ildə Laçın rayonunun Nurəddin kəndində doğulmuşdur. Uşaqlıq illərindən ailəsi ilə birlikdə Ballıca yaxınlığındakı Çayqovuşan kəndinə köçmüşdür. 1955-ci ildə ermənilər həmin kənddən azərbaycanlıları qovduqdan sonra Həsənabad kəndinə gəlmişdir. Sonralar Xocalıya köçmüşdür. 1952-ci ildə Mahmudov Seydulla Əzim oğlu ilə ailə həyatı qurmuş, dörd oğul, dörd qız övladları dünyaya gəlmişdir (Qeyd: Seydulla faciədən əvvəl vəfat etmişdir). 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı oğlu Anarı, qızı Dilarəni, nəvəsi Natiqi itirmişdir. Özü isə Qara Qaya ətrafında ermənilər tərəfindən qətlə yetirilmişdir.
 
Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Məhərrəmov Vaqif Cəmil oğlu 1951-ci ildə Laçın rayonunun Nağdalı kəndində doğulmuşdur. Nağdalı kənd orta məktəbini bitirmişdir. Xankəndində sürücülük məktəbini bitirmiş, avtobazada sürücü işləmişdir. 1974-cü ildə Məhərrəmova Nazlı Vəli qızı ilə ailə həyatı qurmuş, iki oğul, üç qız atası olmuşdur. 1988-ci ilin sentyabrında Qarabağ münaqişəsi kəskinləşəndə ermənilər onların evlərini yandırmış, o özünün idarə etdiyi maşını Xocalıya gətirmiş və orada işləmişdir. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı yuxarı fin evlərində Şiraslanın zirzəmisində olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Məhərrəmova Nazlı Vəli qızı 1953-cü ildə Laçın rayonunun Bülövlük kəndində doğulmuşdur. Orta təhsil almış, Laçında ənənəvi xalçaçılıq sənətinə yiyələnmişdir. 1974-cü ildə Məhərrəmov Vaqif Cəmil oğlu ilə ailə həyatı qurmuş, iki oğul, üç qız anası olmuşdur. Xankəndində yaşamış, orada işləmişdir. 1988-ci ilin sentyabrında Qarabağ münaqişəsi kəskinləşəndə ermənilər onların evlərini yandırmış, ailəsi ilə birlikdə Xocalıya köçmüşdür. Xocalıda qızlara xalça toxumaq öyrətmişdir. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı yuxarı fin evlərində Şiraslanın zirzəmisində olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Məmişov Şahin Talış oğlu 1959-cu ildə Laçın rayonunun Bülövlük kəndində doğulmuşdur. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1984-cü ildə Xocalıya köçmüşdür. Xocalı Maliyyə-Kredit Texnikumunu bitirmiş, Xocalı Sığorta İdarəsində baş müfəttiş vəzifəsində çalışmışdır. Eyni zamanda 1990-cı ildən Xocalı özünümüdafiə batalyonunun avtomatçısı olmuşdur. 1991-ci ildə Allahverdiyeva İradə Aslan qızı ilə ailə həyatı qurmuşdur. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı döyüşdə sinəsindən ağır güllə yarası almış, Dəhraz kəndində 12 gənc ilə birlikdə girov aparılmışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Məmişov Talış Hüseyn oğlu 1921-ci ildə Laçın rayonunun Ağcakənd kəndində doğulmuşdur. Şuşa Pedaqoji Məktəbinə daxil olmuş, 1941-ci ildə məktəbi yarımçıq qoyaraq Böyük Vətən Müharibəsinə yollanmışdır. Kiyev uğrunda döyüşmüş, üç dəfə yaralanmışdır. Bir sıra orden və medallarla təltif olunmuşdur. Müharibədən sonra bir müddət Ağcakənddə, sonra Ağdamda hesabdar işləmişdir. İkinci dərəcəli müharibə əlili idi. 1953-cü ildə Məmişova Roza Azay qızı ilə ailə həyatı qurmuş, iki oğul, üç qız atası olmuşdur. Sonralar Əsgəran rayonunun Qırmızıkənd kəndində yaşayıb, işləmişdir. 1986-cı ildə Xocalıya köçmüşdür. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Naxçıvanik-Əsgəran yoluna çatmamış, şaxtadan donaraq həlak olmuşdur. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Məmmədov Səfəralı Mehdi oğlu 1918-ci ildə Laçın rayonunun Çorman kəndində doğulmuşdur. 7 illik təhsil almışdır. Bir müddət kənddə işləyəndən sonra 1938-ci ildə Belorusiyada hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini bitirməyə az qalmış Böyük Vətən Müharibəsi başlamış, Leninqraddan (indiki Sankt-Peterburq) Fransaya, Berlinə qədər döyüş yolu keçmiş, müxtəlif medallar ilə təltif edilmişdir. Zərqələm Bahadur qızı ilə ailə həyatı qurmuş, altı oğul, dörd qız atası olmuşdur. Meşəlidə, sonralar isə Daşbulaq kəndində yaşayıb, işlə¬mişdir. 1988-ci ildə ermənilər tərəfindən Daşbulaqdan qovulmuş, Xocalıya köçmüşdür. O, dəfələrlə erməni hücumlarının dəf edilməsində iştirak etmişdir. 1992-ci il fevralın 26-da Xocalı soy¬qırımı zamanı Gen Dərənin üstündə ermənilər tərfindən qətlə yetirilmişdir. Cəsədini götürmək mümkün olmamışdır.
 
Məmmədov Talış İmran oğlu 1934-cü ildə Laçın rayonunun Bülüldüz kəndində doğulmuşdur. 7 illik təhsil almışdır. Gəncliyindən Martuni (indiki Xocavənd) rayon mərkəzində yaşayıb, işləmişdir. Məlum Qarabağ münaqişəsi ilə əlaqədar Martunidə dəfələrlə ermənilərin silahlı basqınını dəf etmişdir. 1988-ci ildə Xocalıya köçmüşdür. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı yuxarı fin evlərində Şiraslanın zirzəmisində olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Məmmədova Məleykə Atəş qızı 1938-ci ildə Laçın rayonunun Bülüldüz kəndində doğulmuşdur. 7 illik təhsil almışdır. Sonralar Məmmədov Talış İmran oğlu ilə ailə həyatı qurmuş, Martuni (indiki Xocavənd) rayon mərkəzinə köçmüş, iki oğul anası olmuşdur. 1988-ci ildə Xocalıya köçmüşdür. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı yuxarı fin evlərində Şiraslanın zirzəmisində olmuşdur. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Mustafayeva Yaxşı Mehdiqulu qızı 1900-cü ildə Laçın rayonunun Arduşlu kəndində doğulmuşdur. 1924-cü ildə Mustafayev Rəhim Mustafa oğlu ilə ailə həyatı qur¬muş, Xocalıya gəlmiş, üç qız, bir oğul anası olmuşdur. Sağlığında qızlarının üçü də vəfat etmişdir. Çoxlu nəvələri, nəticələri, kötücələri olmuşdur. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı evlərində qalmışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində doğulmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1968-1970-ci illərdə Ermənistan SSR-nin Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi və idman müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildə Xocalıya getmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən həlak olana qədər Xocalı RTŞ-də məktəblərin təhcizatı şöbəsinin müdiri işləmişdir. Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır. 1991-ci ildə keçirilən əməliyyatların əsas iştirakçılarından biri olmuş Ə.Novruzov dəmir yolunun dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında, Xankəndi-Norağuğ yolunda düşmənin 2 maşınının, xeyli canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak etmişdir. 25 fevral 1992-ci il tarixində təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə onun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərmiş, Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etmişdir. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası almışdır. O, son gülləsinə qədər döyüşmüş, sonra huşsuz qalmışdır. 1992-ci il fevralın 26-da ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər. Ələsgər Novruzovun meyiti 4 nəfər erməni əsiri ilə dəyişdirilmişdir. Laçın rayonunun Kürdhacı kəndində dəfn edilmişdir. Ailəli idi, üç övladı yadigar qalmışdır.
 
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğlu (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 124 saylı qərarına əsasən Kürdhacı kənd ümumi orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Xanlar oğlu Novruzovun adı verilmişdir.
 
Orucov Fazil Ənvər oğlu 1961-ci ildə Laçın rayonunun Nurəddin kəndində doğulmuşdur. 1968-ci ildə Nurəddin kənd ibtidai məktəbinə getmiş, 1978-ci ildə Fərraş kənd orta məktəbini bitirmişdir. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Əsgəran rayonunun Şuşukənd kəndindəki toyuq fermasında işləmişdir. 1988-ci ildə ermənilər tərəfindən qovulmuş və Xocalıya köçmüşdür. 1984-cü ildə Orucova Xoşbəxt Möhübbət qızı ilə ailə həyatı qurmuş, bir oğul, iki qız atası olmuşdur. Milli Ordunun könüllü əsgəri idi. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Naxçıvanik ətrafında döyüşdə yaralanmış, Ağdam xəstəxanasında vəfat etmişdir. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Orucov Telman Ənvər oğlu 1957-ci ildə Laçın rayonunun Nurəddin kəndində doğulmuşdur. 1981-ci ildə Orucova İradə Əli qızı ilə ailə həyatı qurmuş, bir oğul, üç qız atası olmuşdur. 1988-ci ilin may ayına qədər Əsgəran rayonunun Şuşukənd kəndindəki toyuq fermasında müdir, həyat yoldaşı isə fəhlə işləmişdir. Qarabağ münaqişəsi kəskinləşəndə ermənilər tərəfindən evi yandırılmış və işdən qovulmuşdur. 1988-ci ilin dekabr ayında ailəsi ilə birlikdə Xocalıya köçmüşdür. Xocalı Tədarük İdarəsində işləmiş, eyni zamanda Milli Ordunun könüllü əsgəri olmuşdur. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Naxçıvanik ətrafında qızı Xəyalə və həyat yoldaşı İradə ilə birlikdə qətlə yetirilmişdir. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Orucova Xəyalə Telman qızı 1986-cı ildə Əsgəran rayonunun Şuşakənd kəndində doğulmuşdur. Əslən Laçın rayonundandır. Qarabağ münaqişəsi kəskinləşəndə ermənilər tərəfindən evləri yandırılmış və 1988-ci ilin dekabr ayında ailəsi ilə birlikdə Xocalıya köçmüşdür. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Naxçıvanik ətrafında atası Telman və anası İradə ilə birlikdə qətlə yetirilmişdir. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Salahov Məhəmməd Əbdül oğlu 1931-ci ildə Laçın rayonunun Fərraş kəndində doğulmuşdur. Sadə peşə adamı olmuş, gəncliyində Qaybalı və Daşbulaq kəndlərində iribuynuzlu mal fermasında çobanlıq etmişdir. 1967-ci ildən Xocalıda yerləşən 2 №li üzümçülük sovxozunun beton dirəklər ha-zırlayan sexində fəhlə işləmişdir. Salahova Zəhra Əlabbas qızı ilə ailə həyatı qurmuş, üç oğul, dörd qız atası olmuşdur. Qarabağ münaqişəsi kəskinləşəndə ermənilər tərəfindən evi yandırılmış və işdən qovulmuşdur. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı əsir düşmüşdür. Əsirlikdə erməni cəlladları onu işgəncə ilə qətlə yetirmişdir. Faciə zamanı həyat yoldaşı Salahova Zəhra da həlak olmuşdur. Hər ikisi Ağdam rayonunun Baharlı kəndində dəfn edilmişdir.
 
Səfərova Pəri Muxtar qızı 1930-cı ildə Laçın rayonunun Bozgüney kəndində doğulmuşdur. Əvvəllər Laçın rayonunda kolxozda işləmişdir. 1953-cü ildə Səfərov Cəlal Bəşir oğlu ilə ailə həyatı qurmuş, dörd oğul, bir qız anası olmuşdur (Qeyd:1974-cü ildə həyat yoldaşı Cəlal vəfat etmişdir). 1976-cı ildən Xocalıda yaşamışdır. Təqaüdçü idi. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Qara Qayaya kimi gəlmiş, orada ermənilər tərəfindən qətlə yetirilmişdir. Ağdam şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
 
Səlimova Tamilə Ağamirzə qızı 1936-cı ildə Laçın rayonunun Çorman kəndində doğulmuşdur. Gənc yaşlarından Nağdalı sovxozunda sağıcı işləmişdir. 1968-ci ildə Xocalıdan olan Səlimov Səyavuş ilə ailə həyatı qurmuş, iki oğul, iki qız anası olmuşdur. Həmin ildən Xocalıda yaşamışdır. Əri faciəli şəkildə həlak olmuş Tamilə övladlarını böyüdüb tərbiyə etmişdir. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı oğlu Xəzər ilə birlikdə əsir düşmüş, Noraguğa aparılmışdır. Xankəndi şəhərində girov saxlanılmışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Süleymanova Nübar Lələkişi qızı 1953-cü ildə Laçın rayonunun Fərraş kəndində doğul¬muş-dur. 8 illik təhsil almışdır. 1971-ci ildə Süley¬manov Yusif Həsənalı oğlu ilə ailə həyatı qurmuş, iki oğul, üç qız anası olmuşdur. 1985-ci ildən Xocalıda yaşamışdır. 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı Naxçıvaniklə Dəhraz kəndləri arasında üç gün şax¬tada qalmış, donaraq həlak olmuşdur. Cəsədini götürmək mümkün olmamışdır.
 
Vəliyeva Nazilə Kamil qızı 1966-cı ildə Laçın rayonunda doğulmuşdur. Orta təhsil almışdır. 1987-ci ildə Vəliyev Bakir ilə ailə həyatı qurmuş, bir qız, bir oğul anası olmuşdur. 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı Naxçıvanik ətrafında güllə-baran nəticəsində həlak olmuşdur. Məzarı yoxdur.
 
Zamanov Novruz Qulu oğlu 1936-cı ildə Laçın rayonunun Zağaaltı kəndində doğulmuşdur. 7 illik təhsil almışdır. 1955-1958-ci illərdə Krımda hərbi xidmətdə olmuşdur. 1960-cı ildə Zamanova Fatma Həsən qızı ilə ailə həyatı qurmuş, altı oğul, dörd qız atası olmuşdur. 20 ilə yaxın Əsgəran rayo¬nu¬nun Seydişen kəndində yaşayıb, işləmişdir. 1988-ci ildə ermənilər tərəfindən qovulduqdan sonra Xocalıya köçmüşdür. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı yaşadığı türklər məhəlləsində qalmışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.
 
Araz YAQUBOĞLU,
"Laçın yurdu” jurnalı



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook