“Xocalı - XX əsrin faciəsi” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Fevral 24
15:45
2016
Tovuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Xocalı - XX əsrin faciəsi” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayondakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılar Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanış olublar.
Sonra gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov, rayon icra hakimiyyətinin şöbə müdiri Bəhruzər Rüstəmov və başqaları çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri faciədən danışıblar.
Bildirilib ki, Xocalının yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Soyqırımı nəticəsində Xocalı şəhəri yerlə-yeksan olunub, 613 soydaşımız amansızlıqla qətlə yetirilib. Bu kütləvi və amansız qırğın 200 ildən artıq müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olmaqla bərabər, bütövlükdə insanlığa qarşı törədilmiş qəddar cinayət aktı, erməni millətçilərinin digər xalqlara nifrət ideologiyasının məntiqi yekunu idi.
Bildirilib ki, müsabiqəsinin keçirilməsi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi daşıyır.
Müsabiqənin qalibləri olan Bayramlı kənd tam orta məktəbinin XI sinif şagirdi Aynişan İbrahimova, Əlimərdanlı kənd tam orta məktəbinin şagirdi Xədicə Məmmədova, Hacallı kənd tam orta məktəbinin şagirdi Aysun Rzayeva diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qlobal.az



