Xocalı soyqırımının ildönümü Meksikada da qeyd edilib
Fevral 25
15:07
2016
"Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Meksikadakı səfirliyi soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Mexiko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə keçirilən tədbirdə Meksikanın "UNAM”, "ANAHUAC” və digər universitetlərinin tələbələri, Azərbaycan icmasının üzvləri, ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycanın müvəqqəti işlər vəkili Mehriban Səmədova Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və Xocalı soyqırımı, insanlıq əleyhinə törədilmiş bu cinayətin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən danışıb.
Səfirliyin birinci katibi Tural Rəhimov Xocalıda baş verən hadisələrin Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin təzahürü olduğunu diqqətə çatdırıb.
Sonra Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq tədbirin keçirildiyi Tlakskoake-Xocalı meydanında yerləşən, XVI əsrə aid olan kilsədə zənglər çalınıb.
Azərbaycanla həmrəyliyin nümayişi olaraq üzərində "Xocalıya ədalət!” yazılan köynəklər geyinmiş meksikalı tələbələr eyni yazıları əks etdirən hava şarlarını səmaya buraxıblar.
Qlobal.az



