Xocalı soyqırımının 24-cü ildönümü Tibb Universitetində qeyd edilib
Fevral 23
18:02
2016
Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Univesitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATU-nun rektor əvəzi, professor Sabir Əliyev tədbirdə Xocalı soyqırımından danışaraq qeyd edib ki, XX əsrdə Azərbaycan xalqının yaşadığı faciələri, qətliamları demək olar ki, heç bir xalq yaşamayıb.
ATU-nun insan anatomiyası kafedranın professoru, tibb üzrə elmlər doktoru Mübariz Allahverdiyev çıxışında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının öz ağlasığılmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğunu bildirib: "Xocalı soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir - bu sözləri ilk dəfə ümummilli lider Heydər Əliyevin dilindən eşitdim. Bu sözlərin mənası çox dərindir. Məhz ulu öndər ilk dəfə Xocalı soyqırımına siyasi qiymət verərkən bu qanadlı ifadələri işlətmişdi. Bu ifadələr lakonik şəkildə həm Xocalı soyqırımının əsas mahiyyətini açıqlayır, həm də bu günümüzdə, gələcəyimizdə Xocalı soyqırımını tanıtmaq, bəşəriyyəti erməni vəhşiliklərindən qorumaq istiqamətində güclü projektor kimi yolumuzu işıqlandırır".
O, həmçinin öz ailəsinin başına gələn faciəni də xatırladıb: "Xalamın həyat yoldaşını və 3 oğlunu onun gözləri önündə ermənilər işgəncə verə-verə başlarını kəsib öldürdülər”.
Digər çıxış edənlər də Xocalı soyqırımının 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin nəticəsi olduğunu bildiriblər.
Qlobal.az



